Döyüşən mənəviyyatın
əsəri - "Xocalı
şikəstəsi"
Elnarə AKİMOVA
Çağdaş ədəbiyyatın axtarışlarının mərkəzində
müharibə mövzusunun
dayanması, erməni-müsəlman
kontekstinin müasir baxış parametrləri
ilə dəyərləndirilməsi
bu mövzuda ədəbiyyatın yeni bir
söz deməyə cəhdi kimi mənalanmalıdır. Əvvəla,
kifayət qədər
zaman fasiləsi ötmüş,
müharibənin odlu-alovlu
illəri çoxdan geridə qalmışdır.
İndi hadisələrə yönələn analitik baxışın dramatizmi
artmalı, onun daha
çox fəlsəfəsinə
yenmək məramı
güclənməlidir. Bizdə
Qarabağ hadisələri
törədilən zamandan müəyyən
vaxt sonra poeziyadan fərqli olaraq, nəsrdə müharibə ilə bağlı mövzulara müraciət işlək
olmadı. Yazılan əsərlər də mənəvi səfərbərliyin vüsətini
və miqyasını
əks etdirmədi, Qarabağ müharibəsi
bədii sözün işığında öz
dolğun təcəssümünü
tapmadı. Bunu nə ilə əlaqələndirmək olar?
İlk növbədə, sovet
dövründə mövcud
olan süni vətənpərvərlik ruhunun
təbliği ilə.
Həm bu səbəb, həm də baş verən fəci proseslərin ard-arda, gözlənilməz şəkildə təzahürünün
nəticəsi idi ki, müharibə ədəbiyyatı
müharibə gedən
bir dövrdə deyil, sonrakı illərdə yaranmağa başladı.
Aydın
məsələdir ki, taleyüklü
məsələlərin dərkində
yaddaş və tarix həmişə iştirak edir, mənəvi səfərbərlik
ruhunun dirçəldilməsində
analoji funksiyasını
davam etdirirlər. Sənətkarın zaman və
xalq qarşısında
vətəndaşlıq borcu,
ziyalılıq özəlliyi
məhz, həlledici məqamlarda, həlledici dövrlərdə üzə
çıxır, onun
bu ali missiyanı
hansı səviyyədə
reallaşdıra bilməsi
ilə şərtləşmiş
olur. Bu, həm də yazıçılarımızın
vicdan hesabatı olmalıdır. Bu baxımdan,
müharibə aparmağa
məcbur olan bir
xalqın yazıçısından
dövrün epoxal gerçəkliklərinə nüfuz,
cərəyan edən
hadisələrin bütün
kəskin və anlaşılmaz, fəci və dramatik tərəfləri ilə
birgə təcəssümü
hər zaman umulur.
Müharibədən keçib gələn, o dəhşətli
illərin acı xatirələrini bu günə daşıyan insanların müharibədən
sonrakı yaşamı,
ruhi gərginlikləri
mövzunu hər zaman
diri saxlamağa imkan verir. Axı
savaşımız hələ
bitməyib. Qarabağ
savaşının içində
olan insanların bir qismi şəhid
oldu, bir qismi əsir düşdü, bir qismi də sağ
olsalar belə, daxilən sevinməyə,
həyatdan zövq almağa qadir deyillər artıq. Çünki onların yaddaş hücrələrində,
ruhi dərinliklərində
müharibənin mərmi
qəlpələri kimi
qorxulu qalığı
dolaşmaqdadır. Bu qorxu
onların sabaha aparan yolla aralarına
əbədi sədd çəkib. İndi o illərdən
bizi uzun zaman ayırır. Belə mürəkkəb, ziddiyyətli,
xaotik bir dövrün fəci sonucları haqqında illər sonra bəhs etmək, onu poetikasından tutmuş problematikasına
qədər dərin işləmək yazardan böyük həssaslıq
tələb edir. Qarabağda, müharibədə
olmayan, taleyindən bu ağrını keçirməyən yazıçının
müharibə mövzusunda
əsər yazması
çətinləşir. Yazıçının
beynindəki yaddaş
lövhələri dil
açıb danışmadıqca,
yazdıqları süni
təsvirdən, deklamasiyadan,
sxematik yanaşmadan o yana getmir. İstisnalar
isə həmişə
olur.
Müasir
nəsrimizdə müharibə
gerçəklərinə enmək, erməni məsələsi ilə bağlı yeni söz demək təmayülü
güclənib. Yazıçılarımızın
əsərlərində mövzuyla
bağlı müxtəlif
yanaşmalar mövcuddur:
Ki, hansınısa oxuyub
müharibə səhnələrinin
yaşatdığı gərgin
məqamları, savaş
lövhələrinı görə
bilirik, yaxud eləcə, kənarda dayanıb müharibə insanının içində
boy vermiş ağrıları,
acıları bir də zaman qarşısına
çıxarıb məzmun,
mündəricəsini arayırıq.
Belə ki, 90-cı illərə
məxsus elə bir məqam - cəmiyyət, mənəviyyat,
məişət, psixoloji
durum mənasında - yoxdur
ki, bu mətnlərdə
təsvirini tapmasın.
Həm bütöv cəmiyyət-xalq səviyyəsində,
həm də müharibə gerçəkliyinin,
erməni probleminin lokal təzahürlərinə
enərək...
Ulduz Qasımın "Xocalı
şikəstəsi" romanı
bu baxımdan, vacib bir mövzunu,
ədəbiyyatımıza, milli insanımıza gərəkli
bir mövzunu təsvir predmetinə çevirir. Xocalı faciəsinin üstündən
iyirmi yeddi il ötür. Bu iyirmi yeddi ildə Xocalı soyqırımının
dəhşətlərini daha
çox televiziya ekranlarından izləmişik,
bir də poeziyanın hakim olduğu
kürsülərdən. Bu ağrını təsvirə
çəkən həcmli
əsərimiz az yazılıb. Zəlimxan Yaqubun, Nurəngiz Günün, Ədalət
Əsgəroğlunun, Əli
Rza Xələflinin, Ələmdar Quluzadənin
poemalarında o gecədə
baş verənlərin
yanğılı dillə
ifadəsi əksini tapıb. Artıq 27 il ötür Xocalı soyqırımının üstündən.
Zaman bizi o günlərdən
uzaqlaşdırdıqca, hadisələrin
bədii şəkildə
təsvirinə tələbin
böyüklüyünü daha dərin dərk edirik. Bəs bu faciələri
gələcək nəslə
kim yazıb ötürəcək? Ümumiyyətlə,
gələcək nəsil
baş verən bu proseslər haqqında bilgini hardan alacaq? Bu baxımdan, Ulduz Qasımın "Xocalı
şikəstəsi" romanı
öz emosional ahəngi və təcəssüm çaları
ilə müharibədə
baş verən hadisələrə, insan acısına, faciəsinə
söykənir.
Əsər elə ilk sətirlərdən
oxucunu hadisələrin,
qaynar və gərgin proseslərin mərkəzinə atır.
Qarlı bir gecənin vahiməsi, qaranlıq və soyuq meşədə evindən qaçmağa məcbur olan ailələrin təşvişi,
eşidilən güllə
səsləri, insanların
göyə ucalan ah-naləsi həyəcanlı
təsvir və təhkiyə ilə nəql olunur. Romanda Azərbaycanlı xisləti son dərəcə
həssaslıqla işlənib.
Bütün hallarda müvazinətini, insanlıq
sifətini itirməyən
bir "mən" var
əsərdə. Roman bir
daha göstərir ki,
biz döyüşməyi, şəhid olmağı bacarırıq! Özümüzü
qorumağı, namusumuza
sahib çıxmağı bacarırıq! "Xocalı
şikəstəsi" bir
ailənin başına
gələn həyat faciəsini, dramasını
təsvir predmetinə
çevirir. Müəllif
əsərin qəhrəmanı
Məryəm ananı
tipik obraz kimi səciyyələndirməyə
nail olub. Diqqət edək: ailə bir gecədə hər şeyini - evini, malını itirir. Ailənin balaca oğlu Fuad güllə ilə paramparça edilir. Qarlı gündə gecə vaxtı meşə ilə qaçmağa məcbur olurlar. İrəlidə sonu görünməyən
məchulluq, qışın
sərt üzü,
min bir çətinliyin
yaratdığı gərginlik,
arxada addımbaaddım
onları təqib edən erməni əsgərləri. Qeyd edim ki, müəllif meşədə baş verən hadisələri təbii boyalarla qələmə almış,
insanları bütün
hissləri - qorxusu, əzmi, mətanəti ilə birgə görükdürməyə nail olmuşdur. Hücum edən ermənilərlə
Samirin vuruşu, Məryəmin mücadiləsi,
bir tikə çörəyi öz aralarında bölmək fədakarlığı, həkim
Fərhadın öz peşəsinə sadiq qalaraq hamilə olan, doğuş sancısı çəkən
qonşu qadına kömək üçün
öz ailəsini belə tək buraxıb meşədə
onlarla qalması, ilk növbədə, içimizdəki
insanlığın təntənəsi
olmaqla bərabər, müharibə dəhşətinin
amansızlığını ifadə etmək baxımından böyük
anlam daşıyır.
Müharibə dəhşətləri yalnız hadisələrin
baş verdiyi məkanla məhdudlaşmır.
Şəhərdə yataqxanaya
yerləşən ailənin
ağrıları getdikcə
çoxalır. Soyuqdan
ciyərləri vərəm
olan qızları Pəri xəstəxanada vəfat edir. Hamilə qonşusuna kömək etmək üçün qarla örtülmüş meşədə
fədakarlıq edən
həkim ərinin - Fərhadın ayaqlarını
kəsirlər. Ailənin
bütün yükü
Məryəmin üzərinə
düşür. Üstəlik,
işə düzəldiyi
məktəbdə də
paxıl həmkarı
tərəfindən gözümçıxdıya
salınır, üstünə
atılan iftiralara dözüm gətirməyə
çalışır. Ərinin
qrup yoldaşı Nəriman tərəfindən
namus, ləyaqət sınağına çəkilir.
Doğrusu, gənc bir qadının bu qədər yükü qaldırmaq əzmi heyrət doğurmaya bilmir. Öz uşaqları tələf olan ailə analarını itirən üç uşağa və bir erməni körpəsinə sahib çıxır.
Mən burdaca erməni uşağına sahib çıxmaq
məsələsi üzərində
dayanmaq istəyirəm.
Adətən, romanlarımızda
belə bir tendensiya işləkdir:
milli obrazın əyaniliyi
- türk kişisi sadəlövhlüyü
aldanış və eyforiyası ilə birlikdə təsvir olunur, erməni qadına aludəlik həssas bir qələmlə işlənir.
Bu əsərdə isə
milli xarakterin "boşluğu",
buna boşluq demək
mümkünsə, erməni
uşağı ilə
bağlı müəllif
yanaşmasında üzə
çıxır.
Qeyd etdiyim kimi, əsərdə
azərbaycanlı xisləti
son dərəcə həssas
işlənib. Bütün
mental dəyərləri ilə.
Təbii ki, bu məsələyə münasibətdə
də ailənin davranışı təəccüb
doğurmur. Üstəlik,
milli nəsrimizdə "Kamança"
adlı nümunəmiz
varsa. Cəlil Məmmədquluzadənin "Kamança"
əsərində Qəhrəman
Yüzbaşı erməni
Baxşını yaxşı
kamança çaldığına
görə bağışlayır.
Bu əsərdə də
bir ailə anasını itirən erməni körpəyə
sahib çıxır. Onu
qarlı meşədə
atıb getməyə
qıymır, özü
ilə şəhərə
gətirir, böyüdür,
oxudur və son anda həqiqətləri söyləyib taleyin sonrakı axarına qərar verməyi onun öz öhdəsinə
buraxır: "Bax, oğlum, bunları sənə deməliydim. Sən kim olduğunu
bilməlisən. Dedim,
bəlkə, məktəbi
bitirdikdən sonra çıxıb gedərsən.
Ermənistana getməsən
də Rusiyada təhsilini davam etdirərsən, orda yaşayarsan. Balaca olanda sənə deyə bilməzdim. Mərdan, oğlum, biləsən, keçmişin
dəhşətli həqiqəti
mənim sənə bəslədiyim ana məhəbbətini
qətiyyən dəyişə
bilməz. Sən mənim balalarımdan birisən. Səni böyüdənəcən kirpiklərimlə
od götürmüşəm.
İndi maşallah böyümüsən,
ağıllı oğlansan.
Bu sirri indi səndən və məndən başqa heç kim bilmir. Fərhad bilirdi, o da artıq həyatda deyil. Həqiqət acıdır,
kədərlidir, amma budur. İndən sonra qərar səninkidir, bala!..".
Azər
Turanın "İrfan çobanı"
kitabında 90-cı illərin
ortalarında qələmə
aldığı belə
bir məqalə var:
"Kamança kompleksi".
Müəllif kamança
kompleksindən yazaraq sual edirdi: "Şuşadan bizə quru bir ad qalıb
və 20-ci ildə bir kamança havasına bağışlanan,
öldürülməyən erməni Baxşının
övladları indi Şuşada at oynadır.
Bu gün "Kamança"nın
səksən üç
yaşı var, hətta
səksən üç
ildən sonra da xaçpərəst senatorlar
erməni soyqırımı
barədə qərar
layihəsini müzakirəyə
çıxarır. Qəhrəman
yüzbaşının haqq-sayını
isə ortaya qoyan yoxdur. Heç
kəs erməni Baxşını çağırıb
demir ki, sən Allah, götür bir kamança çal, görək nə böyük silah imiş ki, azərbaycanlı
Qəhrəman yüzbaşı
bu bir tikə
ağac qırığının
içindəki səsə
külli-Qarabağı qurban
verdi, ağlaya-ağlaya,
kövrələ-kövrələ, xatirələrə dala-dala
qurban verdi. Daha nə qədər
insan olmaq olar?!". Kitaba ön söz yazan xalq yazıçısı
Anar cavab vermişdi: "Axıracan,
həmişə. Bu səhvimiz
yox, fəxrimizdir ki, düşmənlərimizin bizə
etdiyi zülmün müqabilində biz insan sifətimizi itirməmişik,
insan olaraq qalmışıq. Vəhşiylə,
qaniçənlə mübarizə
aparmaq üçün
dönüb eynən onun kimi vəhşi,
qaniçən olmaq vacib deyil. Bizim
mübarizənin məğzi
elə ondadır ki,
biz insani, humanist dəyərlərə
sadiq qalaraq düşmənimizi üstələməliyik
və üstələyəcəyik".
O da yazıçı fəndidir
ki, Anarın qeyd etdiyi bu insanlıq
dərsi və buna müvafiq erməni naqisliyi haqda təəssüf nidası
əsərin sonunda elə erməni uşağının öz
dilindən səsləndirilir:
"Allah eləməsin, mən
o cəlladlardan olam!
Allah eləməsin! O qan
içənlərdən olmaqdansa,
ölmək yaxşıdı!".
"Xocalı faciəsi" romanı ümumən, müharibənin gerçək
yaşamını, dünyanın
hansı tərəfində
savaşır-savaşsın, insan şüurunun altyapısını, içinin
təlatümünü - qorxusunu,
narahatlığını, arzusunu bədii mətnə gətirir. Əsərdə milli-sosial
qüsurların, yarıtmazlıqların
ifşasını təsvirə
çəkmək məqsədə
çevrilir və müəllif başlanğıcı
bu məqamdan götürərək müharibə
gerçəklərinin dərin
qatlarına varmaq niyyətində bulunur. Mətnin strukturu
milli düşüncəmiz üçün xarakterik olan, baş vermiş müxtəlif paradoksları mümkün
qədər yanaşı
verməyə imkan yaradır: müharibə gərginliyi və bu gərginliyin arxa cəbhədə hiss olunmayan əhvalının fəci
görüntüləri. Bu iki təzadlı situasiyada obrazın dünyasına bələd
olmağa hər çür imkan yaranır. O məqamlar ki, orda
ön cəbhənin vuruşları ilə arxa cəbhənin qanunları, ön cəbhənin ümidləri
ilə arxa cəbhənin laqeydlikləri
dissonans təşkil edir... Alt qatda bu disharmoniyaya qarşı bir aqressivlik var, orda, müharibədə şəhid
olan, evini, övladını itirən
insanlara şəhərdə
heç də birmənalı olmayan münasibət qəhrəmanları
ön cəbhənin faciəsindən daha dərin sarsıdır. Uldüz Qasım yalnız arxa cəbhənin təsvirini,
acılarını verməklə
kifayətlənmir, ailənin şəhər
həyatını ictimai-mənəvi
kontekstlərdə işləməklə
müharibənin ağrılarını
daha dərin boyalarla ifadə etməyə çalışır.
Müharibə yalnız
döyüş səhnələrinin,
nakam ömürlərin
nədəni olmaqla məhdudlaşmır ki... Bunun bir
də arxada davam edən faciəsi, göz yaşı, fəlakəti
var.
Əsərdə prozaik naturallıq
- müharibə gerçəkliyinin
sərt dramatizmi ilə qarşılaşırıq.
Bu məqamda, müəllif
müharibə mövzusu
zəminində şəxsiyyət-cəmiyyət
antoqonizmini önə
çıxardır, yəni
müharibə dövrünün
acı reallıqlarından
biri budur - insan elə bir çıxılmazlığa
düşür ki, nəinki
öz imkanlarını,
torpağını, yurdunu
itirmək ona namus itkisindən az faciə kimi
gəlmir. Mətndə
bu məqam real olaylar kontekstində təsvirini tapır, əsərdəki insanlar diri-diri torpağa gömülməyi namus itkisindən üstün sayırlar. Bu mənada, əsərdə məğlubiyyətin
dramı, faciəsi varsa da mənəviyyatın
xaosu yoxdur. Və bu məqam,
bütün hallarda mənəviyyatı qorumaq
əzmi əsəri dəyərli edən mühüm cəhətlərdən
biridir. Bu əzm Fərhad
kimi zəhmətkeş,
ailəsinə bağlı,
həyat eşqi ilə dolu bir
insanın bir qadına yük olmaq, güzəran xəcilliyi ilə yaşamaqdansa ölümü tərcih etməsində, onun ruhi-psixoloji sarsıntılarında,
Məryəmin öz uşaqlarını itirməsinə
rəğmən özgə
balalarına sahib çıxmaq
məğrurluğunda təcəssüm
tapa bilir. Bu qadının
iç dünyasının
çarpışmaları qızının ölüm
səhnəsində, qonşu
oğlunun iki ayağının da kəsilməsinə
şahid olduğu məqamda, onun yaşatdığı sarsıntılarda
təcəssüm olunaraq
xüsusi bədii effekt yaradır.
Əsərdə müəyyən qüsurlar
da nəzərə çarpır.
Əvvəla, romanda uzunçuluq var. Bəzi məqamlarda, bəzi epizodlarda müəllif dialoqları, təsvirləri
çox uzadır. Xalası qızı Şəfiqə ilə Məryəm arasında dialoqlar təkrarlanır. Daha kəsə ifadə və yığcamlıq əsərin
xeyrinə olardı. Müəllifin təhkiyəsində
dialekt sözləri (anışdırmaq, qaydına
qalmaq, vənövsə),
hətta bəzi məqamlarda türk sözləri işlənir
(ötə, özləmək
kimi, məsələn).
Dialekt sözləri obrazların nitqində keçərlidir, amma müəllif təhkiyəsi
ədəbi dilin normalarına uyğun olmalıdır.
Zənnimcə, Həmid obrazının
Məryəmin atası
kimi əsərə daxil olması inandırıcı görünmür.
Bir qədər hind melodramalarında
olduğu kimi qurama təsir bağışlayır. Aydındır
ki, müəllif Məryəmin
bununla vəziyyətinin
düzəlməsi baxımından
oxucunu rahatlamaq istəyir. Amma onsuz da ağrılardan keçib
gələn bu obrazın - övlad, ər, yurd itkiləri
kimi ağır dərdlərini hansı vasitə azalda bilər ki?!
Hadisələr sıçrayışlı verilir. Hadisələr arasında keçidlər
dərinə işləmədən
təsvir olunur. Zənnimcə, əsərdə
yer alan uzunçuluğun əvəzinə,
yazıçı daha
dərin iç təfsilatlarının təsvirinə
yönəlməklə balans
yarada bilərdi. Bu, əsəri daha da cilalayar, ona daxili məzmun qazandırardı.
Bütün bunlarla bərabər,
qeyd etdiyim kimi, əsər mənəviyyatın qələbəsinin
ifadəsi, azərbaycanlı
xislətinin həssas
şəkildə təqdimi,
Xocalı dəhşətlərini,
yurdunu itirmiş insan acısını ədəbiyyatlaşdırmaq baxımından
seçilir. Yalnız
döyüşən insanların
deyil, döyüşən
mənəviyyatın əsəri
kimi qərarlaşır.
Bu mənada, "Xocalı şikəstəsi"
romanının müharibə
ilə bağlı yazılan əsərlər
sırasında özünəməxsus
yeri olacağı şübhəsizdir.
Kredo 2025.- 23 oktyabr, (¹30).- S.1;9.