Teatr
rəhbəri: Bəxtiyar
Vahabzadənin 100 illik
yubileyinin Türkiyədə
qeyd olunması qürurverici idi
Xalq şairi
Bəxtiyar Vahabzadə
təkcə Azərbaycan
deyil, bütün Türk dünyası üçün olduqca mühüm və dəyərli bir şəxsiyyətdir. Xalq
şairimizin 100 illik yubileyinin qardaş ölkədə geniş formatda qeyd olunmasına
rəhbərlik etmək
mənim üçün
məsuliyyətli olduğu
qədər olduqca qürurvericidir. Layihəni
uğurla həyata keçirdiyimiz üçün
çox şadam. Bəxtiyar Vahabzadənin dövrün çətinliklərinə
baxmayaraq xalqın milli kimliyini oyandırmaq məqsədilə
qələmə aldığı
əsərləri illər
keçməsinə baxmayaraq
hələ də aktuallığını qoruyur.
Bütün bunları
gələcək nəslə
çatdırmaq isə
bizim ən böyük vəzifəmizdir.
Bu layihənin də əsas məqsədlərindən biri
Bəxtiyar Vahabzadəni
gənclərə və
uşaqlara olduqca əhatəli şəkildə
çatdırmaq idi. Bu məqsədlə proqramlarımıza gəncləri
və uşaqları da cəlb etdik.
Bu barədə
AZƏRTAC-a müsahibəsində uzun illərdir Türkiyədə fəaliyyət
göstərən “Xarıbülbül”
Azərbaycan Mədəniyyət
Birliyinin rəhbəri,
aktrisa Kamalə Kamal Cabbarova bildirib.
Bəxtiyar Vahabzadə
yaradıcılığını geniş şəkildə
təbliğ etmək
məqsədilə İstanbulda
ikigünlük geniş
proqramla tamaşaçı
qarşısına çıxdıqlarını
xatırladan Kamalə
xanım deyib: “Proqrama dahi şairin
həyat və yaradıcılığını əks etdirən fotolardan ibarət sərgi, şairin həyatını və əsərlərini izah edən panel iclas daxil etdik,
Bəxtiyar Vahabzadəyə
həsr olunan “İstiqlal şairi” sənədli filmini hazırlayıb təqdimatını
keçirdik. Layihənin
həyata keçirilməsində
mənə dəstək
olan Azərbaycan Diasporuna Dəstək Fondu, eləcə də Türkiyə-Azərbaycan
Dərnəkləri Federasiyası
(TADEF) başda olmaqla hər zaman yanımızda olan qardaş dərnək və platformalara öz minnətdarlığımı
bildirirəm”.
Rəhbərlik etdiyi birliyin nəzdində fəaliyyət göstərən teatr barədə sualımızı cavablandıran Kamalə Kamal deyib: “Mən uzun illər əvvəl Azərbaycan Dövlət teatr sənətçisi Elçin İmanovla birlikdə İstanbulda Türkiyə-Azərbaycan Vizyon Teatrını yaratdım. Teatrı yaşatmaq üçün çox böyük əmək sərf etdim. İndi isə 10 yaşımızı qeyd edirik və yubiley münasibətilə adımızı dəyişdik. Bundan sonra dahi Cəfər Cabbarlının adı altında yolumuza davam edəcəyik. Yubiley mövsümümüzün də ilk tamaşası Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olundu. Beləliklə İstanbulda fəaliyyət göstərən Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrı yubiley mövsümünü şairin əsərləri əsasında hazırladığı "Yağışdan sonra" ikipərdəli tamaşasının premyerası ilə açdı. Uğurlarımızın davamlı olacağına inanıram”.
Kredo .- 2025.- 23 oktyabr (№ 30).-S.9.