Şuşanın Cahangiri
Daxili Qoşunların xüsusi təyinatlı
əsgəri
şəhid Cahangir Hətəm oğlu Surxayzadənin (9 iyul
1996-cı il, Tərtər rayonu,
Qaynaq kəndi
– 9 noyabr
2020-ci il,
Şuşa şəhəri)
əziz xatirəsinə həsr olunur.
Yaşadığımız bu dünya milyonlarla illər ərzində
saysız-hesabsız insana məskən olmuş,
onları
şəfqətli qollarına almış,
böyütmüş,
boya-başa çatdırmış,
həyat vermiş, ümid vermiş, sonra
isə günü gələndə vaxtsız olub-olmamasından asılı olmayaraq əbədi şəkildə öz qoynuna almış, torpağına tapşırmışdır. Həyatın qanunu belədir. Neçə-neçə
insanlar hər gələnin baxıb getdiyi bir pəncərə
olaraq adlandırılan
dünyadan gəlib-keçdi,
kimi yaxşı əməlləri ilə,
kimi pis əməlləri ilə,
kimi şeytana uyaraq, kimi Allahın
və onu sevən möminlərin çəkdiyi yol ilə gedərək tərk etdi bu dünyanı. Kimi ölümü unudaraq hətta öz sevdikləri ilə belə qanlı-bıçaqlı
yaşadı, kimi bu dünyada əvvəl-axır ölümün
var olduğunu bilərək
ölümdən qorxmasa
belə hamı ilə dost, qardaş münasibəti saxladı.
Nə etmələrindən
və necə etmələrindən, bu dünyanı necə yaşamalarından asılı
olmayaraq bu fani dünyadan milyonlarla, hətta milyardlarla insan gəlib-gedib. Bu dünyada
heç kəs qalmayacaq. Lakin əsas insanın bu dünyada cismani deyil, etdiyi saleh
əməllərlə, yaşadığı
və yaşatdığı
gözəl günlərlə
qəlblərdə qalması,
əbədi şəkildə
yaşamasıdır. Dahi
ədibimiz Cəlil Məmmədquluzadə demişkən,
insan gərək öləndən sonra da ölməyə. Həyatın
mənası da məhz
budur. Yəni insan yaşadığı
zaman bu həyatı yaxşı, düzgün,
gözəl yaşamalı,
hər kəsin qəlbində müsbət
mənada dərin iz buraxmalıdır. Elə buna görə də insan cismən
olmasa da yaşayır
və əbədi qalır. İnsan əqli o qədər inkişaf etməyib ki, bu dünyadan gəlib-keçən milyardlarla
insanın hamısının
adını əzbər
bilsin, həyat yolu ilə tanış
olsun. Çünki o insanlar sonda unudulub gedir. Hətta öz ailəsi də anım günlərində
güclə o insanları
xatirlərinə gətirirlər.
Lakin unudulmayan və əbədiyaşar olan insanlar da var. O əbədiyaşar
insanlar şəhidlərdir!
Hansı ki öz canlarını vətən
yolunda, xalq, millət yolunda fəda edir, ölümləri ilə ölümsüzlük qazanırlar.
Hansı ki öz torpaqlarının gələcəyi
yolunda öz gələcəklərini qurban
verir, öz arzularını ürəklərində
qoyur, həyat işıqlarını söndürürlər.
Əgər bir əsgər Allah yolunda etdiyi cəngin sonunda ölümün olduğunu bilə-bilə
qorxmaz və mətin addımlayırsa,
fədaidir, əgər
artıq bu yolda özünü qurban veribsə, deməli, şəhiddir.
Bu gün də hər zaman olduğu kimi bir fədaimizin,
bir şəhidimizin çoxlarına müsbət
mənada nümunə
olacaq həyat yoluna işıq tutmağa çalışacağam.
Bu şəhidimiz Daxili
Qoşunların xüsusi
təyinatlı hərbçisi,
44 günlük şanlı
Vətən müharibəsinin
44-cü günündə Şəhidlik
Zirvəsini fəth edən şəhid Cahangir Hətəm oğlu Surxayzadədir!
Cahangir Surxayzadə 9 iyul
1996-cı ildə Vətənimizin
dilbər guşələrindən
biri olan Tərtər rayonunun Qaynaq kəndində anadan olmuşdur. Bir Tərtər sakini kimi ağlı kəsəndən öz doğma yurdu haqqında valideynlərindən
və qohumlarından məlumat alan, öyrənən Cahangir tezliklə o dövrün acı reallıqları ilə qarşılaşacaqdı.
Bu acı həqiqət
onu ömür boyu tərk etməyəcək, onunla bir yerdə, sirdaş kimi qalacaqdı. Cahangir bu ağrı-acını
sona qədər özü ilə saxlayacaq, daşıyacaqdı.
Ancaq bu dərdi, acını özü ilə aparmayacaqdı, aparmaq istəməzdi, bunu edə də bilməzdi o. Bu Vətənin
ona ümidi var idi. Təkcə öz ailəsinin yox, yurdunun da ümidi, gələcək
dayağı, düşmən
çəpəri idi
Cahangir. Elə ona görə də doğulduğu zaman
ona bu adı
qoymuşdular. Cahangir gələcəyin müzəffər
igidi, cəngavəri idi. Allah adı kimi özü də qəhrəman olacaq olan körpə
Cahangiri pənahında
saxlayacaqdı. Onu gələcəyin 2908 şəhidi
kimi fədailiyə öyrəşdirəcək, hazırlaşdıracaqdı.
Doğulduğu kənddə yerləşən
orta məktəbdə
təhsil alan Cahangir 11 illik müddətdə öz dərslərinə çox
yaxşı hazırlaşmış,
məktəbli yoldaşları
və müəllimlərinə
səmimi və doğma münasibət göstərmişdi. Uşaq
yaşlarından çalışqan,
əməksevər və
zəhmətkeş olan
Cahangir dərslərini
yaxşı oxuyub, orta təhsilini uğurla başa vurub vətəninə, millətinə xeyirli bir övlad olmaq istəyirdi. Buna onun özü kimi ailəsi də, müəllimləri
də inanırdı.
Cahangir hər kəsin sevimlisi idi. Elə məktəbdə
təhsil aldığı
illərdən bəri
öz ailəsini sevindirir, anasının, atasının başını
uca edir, gələcəyə inamla
yaşayırdı. Məktəbin
yuxarı pillələrində,
yəni yuxarı siniflərində təhsil
aldığı zaman Cahangir
öz yurdunun tarixi ilə bir daha yaxından
tanış oldu. Anasından, atasından aldığı məlumatları
uzun müddət öz gözlərində
canlandıran Cahangir tarix dərsliklərində
vətən oğullarının,
qızlarının yadelli
qaniçən işğalçılar
tərəfindən başına
gətirilən faciələri
şəkilli sübutlarla
öz gözləri ilə görürdü.
O, bilirdi ki, doğulduğu
vətən torpağı
– qəhrəman Tərtəri
hər kəs ikiyə bölünən
Azərbaycana, Araz çayına bənzədir.
Onun bir tərəfi bizdə qalmışsa da o biri tərəfi yadelli caynağındadır. Səfalı
Suqovuşan, Talış,
şəhidlərimizin qanı
ilə suvarılan qara günlü Ağdərə illərlə
öz Tərtərindən
ayrı düşüb.
O dövrün reallığı
belə idi. Cahangir bu həqiqəti
yalana çevirmək,
yeni reallığı yaratmaq
istəyirdi. Bir yeniyetmə
olaraq gəncliyə addım atacağı, hələ təzə formalaşdığı illərdə
Cahangir öz seçimini etmək istəyirdi. Öz gələcəyini elə
bu məktəb yollarında fikirləşmək,
həyatının qərarını
vermək istəyirdi.
Elə də etdi Cahangir.
Hər vaxt olduğu kimi məktəbi bitirəndən
sonra yollandığı
hərbi xidmət illərində də vətən eşqi ilə birgə Qarabağ ağrısını,
yurd həsrətini, qisas alovunu qəlbində
daşıdı. Qəhrəman
Tərtər torpağının
bizdə qalan son daşını da əlinə
alıb var gücü,
qüvvəsi ilə
o tərəfə keçmək
və elə o daşı düşmənin
düz mənfur sifətinə tuşlayıb
onu al qana boyamaq istəyirdi. Cahangirin doğulub boya-başa çatdığı
Tərtərin təmas
xəttinə yaxın
hissəsində xalqımızın
qeyrətli oğlu Mübariz İbrahimov illərlə
bütün hirsimizi, əsəbimizi, qisas yanğımızı bir
gecənin içində
onlarla erməni mənfurundan çıxmışdı.
O vaxt Cahangir hələ yeniyetmə idi. Amma əsgər olub vətən torpağını, vətən
sərhədini qoruyanda
da o xəbəri aldığı
zaman keçirdiyi hisslər
onu tərk etmirdi. O, hər gün əynində hərbi geyim və əlində silahla vətən torpağının keşiyini
çəkərkən məktəb
illərinin əsas qəhrəmanını – Milli Qəhrəmanımız
Mübariz İbrahimovu
və onun qəhrəmanlığını düşünürdü. Onu
böyük igid, həm öz adı, həm də qəhrəmanının
adı kimi – cahangir və mübariz bir şəxsiyyət kimi anır, həm qürurla, həm də qibtə ilə yanaşırdı.
Böyük ürəyinə
darlıq verən yatmış şir oyananda hisslərinə qalib gəlməkdə çətinlik çəkir,
o da Mübariz kimi, elə Mübarizin dediyi kimi bacardığı
qədər mənfur
düşmənlərin üzərinə
getmək istəyirdi.
Cahangirin xidmətini tamamladıqdan sonra bir an belə dözə bilməyib yenidən ordu sıralarına qayıtmasına
təəccüblənə bilmir insan. O, həyatını, amalını,
mübarizəsini, bir
sözlə, özünü,
öz cahangirliyini Daxili Qoşunlarımızın
xüsusi təyinatlı
dəstəsində tapmışdı.
Ona əsl cahangirlik, mübarizlik, cəngavərlik,
ən əsası, hər kəsə nəsib olmayan şəhidlik adını
verən böyük haqq savaşına qatılmazdan əvvəl Cahangir Surxayzadə elə həmin xüsusi təyinatlı dəstədə atıcı-meteomüşahidəçi
vəzifəsində xidmət
edirdi.
Azərbaycan xalqının tarixinə
əbədi yazılan,
yüz illər, min illər keçsə də heç bir qüvvənin izini silə bilməyəcəyi şanlı
Vətən müharibəsinin
başladığı o gün
– 27 sentyabr 2020-ci ildə
Cahangir Surxayzadə canından çox sevdiyi Vətən uğrunda, Qarabağımızın,
onun qisasının, alnımıza yazılan məğlubluq damğasının
silinməsi yolunda çox uzun, çətin, eyni zamanda şərəfli bir mübarizəyə başladı. 30 il ərzində
hamı kimi Cahangirin də ürəyində, qəlbində
bir arzu var idi. Axı bizim
alınmaz qalamız –
Şuşamız var idi
və o, nahaqdan düşmənlərin tapdağı
altında qalmışdı,
inləyirdi, haraya çağırırdı. Hər
bir vətənpərvərin
arzusu oranın azadlığı olmalı
idi. Təsadüfi deyil ki, Ali Baş Komandanımız cənab
İlham Əliyev öz
müsahibəsində “Şuşasız
işimiz yarımçıq
qalar” demişdi. Haqq işimizin yarımçıq
qalmaması üçün
işğalı ilə
hamımızı yandıran,
ürəyimizi şan-şan
edən Şuşa azad olunmalı, düşmənin beli qırılmalı, qisasımız
alınmalı idi.
Heç
kəs əksini iddia edə bilməz ki, cənab Ali Baş Komandanın o vaxt ürəyini təkcə biz yox, həm də Cahangir oxumuşdu. Ona görə müharibənin
ilk günündən “Yolumuz
Şuşayadır” deyərək
bu haqq yoluna
çıxmışdı. Cahangir ürəyində hər an düşünürdü
ki, bu yol Şuşada bitməlidir və bitəcəkdir. Nə olursa, olsun... O, həyatda olsa da, olmasa da...
Amma təbii ki, hər bir əsgərimiz kimi haqqında bu yazını qələmə aldığım
qəhrəmanımız da o şanlı yolun sona yetdiyi, Şuşamızın
bizlərə qovuşduğu
günü öz gözləri ilə görmək istəyirdi. Əslində, bu 44 gün, müharibə üçün qısa görünsə də həsrətimizin vüsalı
üçün çox
uzun olan yolu da Cahangir bu muradla gedirdi.
Şuşa torpağına
ayaq basmaq, onu əlləri ilə köksünə sıxmaq, sonda da ora bayrağımızı
əlləri ilə sancmaq... Hansı vətən oğlu bu arzudan keçərdi!?
Bu vaxta qədər ürəyimdə saxlayıb
sətirlərə sığdırmağa
çalışdığım sözlərim elə bu vaxt düyünlənir...
Məsələ burasındadır
ki, Füzulidən Şuşaya
kimi hamımızın
“Zəfər yolu” adlandırdığı yolu
son damla qanına kimi keçmiş Cahangir çox arzularından keçsə
də Şuşa arzusundan, arzumuzdan keçmədi və elə bu yolda
da canından keçdi...
O vaxt təqvimlər
9 noyabr 2020-ci ili göstərirdi. Hansı
ki o günün səhəri
xalqımız bu qədər vaxt ərzində Cahangirin və onunla birgə saysız-hesabsız,
tanıdığı-tanımadığı
cahangirlərin, qəhrəmanların
uğrunda canından keçdiyi Şuşamızın,
nəhayət, düşmən
tapdağından azad olunduğu xəbəri ilə sevinəcəkdi...
Heyif ki, o sevinc nə Cahangirə, nə də ailəsinə nəsib oldu. Bu xəbər Cahangirə canı, ailəsinə isə onunla keçirəcəyini
arzuladığı neçə-neçə
gözəl günlər
bahasına başa gəldi. Qəhrəmanımız
Cahangir Surxayzadə mənfur düşmənlərimizin
təslim olduğu 10 noyabr günündə doğulduğu Tərtər
rayonunun Qaynaq kəndində torpağa tapşırıldı.
Biz Cahangirin 44 gün boyunca uğrunda irəlilədiyi və torpağında qanını
töküb canını
verdiyi Qarabağ, Füzuli, Şuşa torpağından, Zəfər
yolundan keçdiyimiz hər vaxt təkcə
Cahangir Surxayzadəni yox, onun kimi
şəhidliyə ucalan
neçə-neçə qəhrəmanlarımızı
xatırlamalıyıq. Bilməliyik
ki, onların bu yolu bundan sonra
neçə dəfə
keçməyə haqları
var idi. Onlar bu haqqı bizə
verdilər ki, biz də
onları heç
zaman unutmayaq, xatirələrini
layiqincə əziz tutaq, şəhidlikləri
qədər əbədi
edək. Mən buna əminəm ki, belə də olacaq. Xalq öz qəhrəmanını
heç vaxt unutmayacaq! Şuşa öz Cahangirini hər vaxt, hər saat öz
mavi səmasında bağrına basacaq!
SEVİNDİK
NƏSİBOĞLU
Milli Aviasiya Akademiyasının
İqtisadiyyat və
Hüquq fakültəsinin hüquqşünaslıq
ixtisasının 1-ci kurs
tələbəsi,
AJB və AYB üzvü
Kredo 2026.- 9 yanvar (¹02).- S.12-13.