Gülüş kralı

 

1973-cü il dekabrın 9-da müasirlərinin Gülüş kralı adlandırdıqları Lütfəli Abdullayev 59 yaşında dünyasını dəyişdi. Ölümündən 37 il keçməsinə baxmayaraq o yaşayır. Rolları, xoş xatirələri ilə...

O, sənətkar kimi çox xoşbəxt idi. Ömrü boyu səhnəyə alqışlarla gəldi, səhnədən alqışlarla getdi...

O, aktyor kimi çox istedadlı idi, irili-xırdalı bütün rolları qibtə doğururdu...

O, tərəf-müqabil kimi əvəzsiz idi. İstənilən tamaşada onunla oynamaq sənət dostlarına şərəf gətirərdi...

O, insan kimi bütöv idi, şəxsiyyəti ilə sənəti bir-birini tamamlayırdı...

...Bütün bunlara görə Allah-Təala sevdiyi bəndəsini xoş bir gündə, 1914-cü il martın 22-də - Novruz bayramında dünyaya gətirmişdi. Özüadi bir məkanda yox, dünyanın gülüş ocaqlarının birində - keçmiş Nuxada, indiki Şəkidə. Günlərin birində o, gülüşünügötürüb yola çıxacaqdı və bu yol onu elə bir zirvəyə aparacaqdı ki, Lütfəli yaşından, milliyyətindən asılı olmayaraq bütün insanları güldürəcəkdi. Hətta, gülüşü oğurlanmışları da...

Xalqına, millətinə gülüş bəxş edən, roldan-rola dəyişən, başqalaşan Lütfəli Abdullayevin bütün rolları bənzərsiz idi. Köhnə dudmanda Tağı, Çiçəklənən arzularda Nadir, Dərviş Məstəli şahda Qulaməli, Hacı Qarada Hacı Qara, Beş manatlıq gəlində Möhsün, Gözün aydında Qəhrəman, Hardasan, ay cavanlıqda Qüdrət Səda, Axırı yaxşı olarda Cabbar və neçə-neçə belə saysız-hesabsız rollara, obrazlara o həyat vermişdi.

Lütfəli Abdullayev səhnədə möcüzələr yaratdığı kimi, həm də gözəl kino aktyoru idi. Kinoda ilk uğurlu rolu rejissorlar Rza Təhmasibin və Nikolay Leşşenkonun 1945-ci ildə lentə aldıqları Arşın mal alan filmindəki Vəli rolu olsa da, Əhməd haradadır?da Zülümov, Ulduzda Məhəmməd, Qəribə əhvalatda Kefçilov, O olmasın, bu olsunda Baloğlan rolları milli kinomuzun çox sevilən obrazlarına çevrildi.

Onun ömrünə haradansa, bəlkə elə göylərdən qəribə bir işıq seli axmışdı. O da səxavətlə bu nurdan ətrafındakılara paylayırdı.

Söz vaxtına çəkər, 1999-cu ilin soyuq dekabr günlərindən biri idi. Lütfəli Abdullayevin evində onun ömür-gün yoldaşı Sevda xanım Pepinova kövrək, şirin xatirələrini, öz həyat hekayəsini özünəməxsus təmkinlə mənə danışırdı.

Haşiyə: İllər keçib gedib, Sevda xanım dünyasını dəyişib, ancaq onun danışdığı xatirələr yaşayır, həm də onları yaşadır. Bu xatirələr ekranda gördüyümüz, sevdiyimiz Lütfəli Abdullayevin görünməyən tərəfləri haqqında ən gercək həqiqətlərdir. Böyük sənətkar və böyük insan haqqında əsl həqiqətlər. Sevda xanım O, tək yaxşı insan yox, həm də yaxşı ər, arxa, yaxşı dost, yaxşı ata idi - deyərək həyat hekayətini danışmağa başladı.

İlk görüş

- Müharibənin ağır illəri idi, əhali ərzaq sarıdan korluq çəkirdi. O vaxtlar incəsənət adamlarına propusk verirdilər ki, yeməkxanada pulsuz yemək yesin. Anam Xurşid xanım Ağayeva incəsənət adamı olduğuna görə onun da belə bir güzəşti vardı. Anamın yerinə yeməkxanaya həmişə mən gedərdim. Bir neçə dəfə biz onunla eyni stolda oturub yemək yedik. Söhbətlərimizin birində dedi ki, Musiqili Komediya Teatrında işləyir. Mən teatr həvəskarı idim, ancaq o vaxtacan bilmirdim ki, Azərbaycanda belə bir teatr da var. Növbəti görüşlərin birində o mənə dəvətnamə verib Ürəkçalanlar komediyasının premyerasına dəvət etdi. Bir müddətdən sonra aramızdakı sevgidən ailəmiz xəbər tutsa da, aktyor olduğuna görə bu işə razılıq vermədilər.

Lütfəli mərd idi

Haşiyə: Yadımdadır, Sevda xanım Pepinova söhbətinə bir anlıq ara verdi. Cavanlıq təravətini hələ də qoruyub saxlayan gözəl siması, uşaq gözləri kimi saf, duru gözləri bir andaca doldu. Söhbətinə davam etdi:

- O zaman ailəmizin vəziyyəti çox da yaxşı deyildi. Babam Həsən bəy Ağayev Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədr müavini, atam isə Cümhuriyyət hökumətinin əmək naziri Əhməd bəy Pepinov olduğu üçün ailəmiz xalq düşməni ailəsi sayılırdı. 1937-ci ildə atamı güllələmişdilər. Sözsüz ki, xalq düşməninin qızına o vaxt yaxın düşən yox idi. Amma Lütfəli heç nəyə baxmadı. Onun belə mərdliyi mənə hər şeydən əziz idi.

Biz 1948-ci ildə evlənmək istəsək də, bu istəyimiz ancaq 1956-cı ildə baş tutdu. Bu illər ərzində anam rəhmətə getdi, 1955-ci ildə atamın bəraətini aldım. Ondan sonra mənimlə evlənmək istəyənlərin sayı çoxaldı. Ancaq mənim onların heç birinə inamım qalmamışdı. Ona görə də dedim ki, ailə qursam, Lütfəli ilə quracağam. Bir ay nişanlı qalandan sonra, toyumuz oldu. O, hətta icazə vermədi ki, soyadımı dəyişim. Dedi, sənin atanın oğlu yoxdur, öz soyadını daşı.

Nənəm iki il ərzində Lütfəlidən o qədər hörmət gördü ki, rəhmətə gedəndə dedi ki, səndən arxayın gedirəm. O, sözün əsl mənasında kişi idi. Həm ər kimi, hər arxa kimi, həm dost kimi.

Ciddi insan

Səhnədə hər kəsi güldürməyi bacaran böyük aktyor görəsən həyatda necə idi?

- Lütfəli həyatda çox ciddi insan idi. Onun həyatdakı obrazı ilə səhnə obrazı heç vaxt düz gəlməzdi. Özü deyərdi ki, mən yas yerinə getməkdən çəkinirəm. Məclisə girən kimi hamı başlayır gülməyə, yas yaddan çıxır, qalıram pis vəziyyətdə. Toya getməkdən xoşu gəlməzdi, deyirdi toya gedəndə hamı deyir gülməli bir söz danış. Mən səhnədə aktyoram, həyatda aktyor deyiləm ki. Lütfəli öz dostlarının əhatəsində xudmani məclisləri xoşlayardı.

Sevda xanım danışırdı ki, milyonlarla tamaşaçısı olan aktyorun barmaqla sayılacaq qədər dostları vardı: Şəmsi Bədəlbəyli, Süleyman Rüstəm, Şıxəli Qurbanov, Bəşir Səfəroğlu, Vasif Adıgözəlov bir Bəxtiyar Vahabzadə.

Haşiyə: İllər sonra bu dostlardan yalnız biri sağ qalmışdı: Xalq şairi Bəxtiyar Vahabzadə. Yaxşı yadımdadır, ömrünün son illəri idi. Lütfəlidən danışıb uşaq kimi ağladı. Əsl dost kimi...

Yenə Sevda xanımın söhbətinə qayıdaq. Lütfəlinin dostlarının arasında Bəşir Səfəroğlu da vardı. O Bəşir Səfəroğlu ki, xoş bir təsadüf onu səhnəyə gətirdi.

- Bəşir əvvəllər bizim Pobeda maşınımızı sürərdi. Lütfəli Bəşirin çox istedadlı olduğunu görüb rayonlara qastrola gedəndə ona da tamaşalara rol verərdi. Çünki o bütün rolları əzbərdən bilərdi.

Günlərin birində Lütfəli Musiqili Komediya Teatrının direktoru Şəmsi Bədəlbəyliyə deyir ki, hazır aktyorumuz var, istəyirsiniz? O vaxtdan da Bəşir səhnəyə gəldi böyük aktyor oldu...

Mən anadangəlmə aktyoram

Haşiyə: Sevda xanım xatirələrini açıb söylədikcə nurlu siması bir az da nurlanırdı. Lütfəli həmişə deyərmiş ki, mən anadangəlmə aktyoram. Şəmsi isə (Şəmsi Bədəlbəyli - red.) deyərdi ki, sən Allah fikir ver, Lütfəli rolunu əzbərləsin. Məşqə gəlir, rolunu əzbərdən bilmir. Lütfəli mənə deyirdi ki, sən Şəmsinin sözünə baxma, rolu əzbərləməzlər, gərək o, ürəkdən gəlsin. O, ömründə oturub söz əzbərləməzdi. Hərdən ərəb əlifbası ilə cib dəftərcəsinə qeydlər edərdi. Rolunu da ancaq məşq zamanı öyrənərdi.

 

Bir xatirənin işığı

O, özünü bir sənətkar kimi xoşbəxt sayırdı. Çünki üzərində Allahın nəzəri vardı. Bunu həyatı boyu sınamışdı. Ətrafındakı insanlar da buna əmin idilər.

Sevda xanım danışırdı ki, bir dəfə onları İsmayıllı rayonunun ucqar bir kəndinə qonaq aparmışdılar. Ev yiyəsi dedi ki, bir bulaq var, gedək ora. Qonşular dedilər ki, bəs o bulaq çoxdan quruyub. Lütfəli inad etdi, dedi ki, gedəcəyik, vəssalam! Yığışıb getdik. Ora çatanda gördük ki, bulaqdan şırhaşırla su axır. Hamı mat-məəttəl qaldı. Sonra mənə deyirdi ki, o vaxt ürəyimdə tutmuşdum ki, mən xoşbəxtəmsə, bulaqdan su gələcək...

Onun hobbisi yaxşılıq etmək idi

- Maaş günündə gələrdi evə, deyərdim, ay Lütfəli, hanı maaşın? Deyərdi filankəsin çətinliyi vardı, ona vermişəm. Elə geniş qəlbli adam idi Lütfəli. Teatrda elə adam olmazdı ki, ona əl tutmasın. Qastrola gedəndə bütün tanış-bilişə pay gətirərdi. Bəlkə ona görə də onun simic adamlardan acığı gələrdi.

Lütfəli uşaqları çox istəyirdi. Əvvəldən deyərdi ki, uşaqlara qarşı məndən ciddilik gözləmə, necə istəyirsən elə də tərbiyə et. Mən onlara qarşı ciddi, tələbkar ola bilmərəm. Ona görə də uşaqlar atalarını daha çox istəyirdilər. Ancaq o deyərdi ki, uşaqlar hansı sənəti istəyirlər seçsinlər, artistlikdən başqa.

Kimin nə dərdi vardı, onun üstünə gələrdi. Hansısa bir kolxoza traktor lazım idi. Kənd Təsərrüfatı Nazirliyinə Lütfəli gedərdi, birinin xəstəsi olardı, həkimi o tapardı, heç yerdə yox sözünü eşitməzdi bu adam.

O, insan, sənətkar, dost, həyat yoldaşı, hətta, ata kimi bənzərsiz idi. Həyatında zəhmətlə sənət, sənətlə şöhrət birləşmişdi. Dünyaya baharda gəlsə , bir qış günü 59 yaşında dünyasını dəyişdi. 59 ilə sığmayan bir sənəti oldu...

Təranə Vahid

 

Mədəniyyət.- 2010.- 8 dekabr.- S. 13