Mədəniyyət və İncəsənət Universitetində daha bir görüş

 

    Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin kafedralarının ardıcıl olaraq təşkil etdiyi tədbirlər, ayrı-ayrı sənət xadimləri ilə keçirdiyi görüşlər, müsamirələr artıq ənənə halını alıb, tələbələrin gələcək peşə ustalıqlarının artırılması istiqamətində mühüm amilə çevrilib.

  

   Odur ki, gənclər hər belə görüşü səbirsizliklə gözləyirlər. Son vaxtlar fakültənin “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” və “Azərbaycan ədəbiyyatı” kafedralarının keçirdiyi tədbirlər istər ADMİU-nun professor-müəllim heyətinin, istərsə də tələbələrin yaddaşında uzun müddət yaşayacaq.

   Növbəti dəfə universitetin akt zalı yenə də tələbələrin və onların görüşünə dəvət olunmuş iki istedadlı sənət adamının - Milli kitab mükafatı laureatları şair, dramaturq Əjdər Ol və yazıçı Fəxri Uğurlunun ixtiyarına verilmişdi. Sevindirici hal o idi ki, tələbələr onlardan yaşca o qədər də böyük olmayan yazarların əsərləri ilə yaxından tanış idilər və bu görüşə də həvəslə qatılmışdılar. Ona görə də yüksək səmimiyyət, canlı dialoqlar, diskussiyalarla müşayiət olunan, uzun zaman yaddaşlarda yaşayacaq tədbir gözəl bir tamaşanı xatırladırdı. Bunda universitetin “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” kafedrasının müdiri, professor Aqşin Babayevin, kafedranın müəllimlərindən dosent Əli Əmirlinin, rejissor Ədalət Ziyadxanovun sənətkarları təqdimetmə məharətləri, aparıcılıq qabiliyyətləri az rol oynamırdı. Məclisin qəhrəmanlarının sənət, sənətkarlıq, tələbə məsuliyyəti, xüsusi ilə gənclərin cəmiyyətdə rolu barədə söhbətləri, çoxsaylı suallara verdikləri tutarlı, yaddaqalan cavabları alqışlarla qarşılandı. Artıq bu yaşında 30 kitaba imza atmış Əjdər Olun, hələ tələbə ikən 3 kitabı çıxmış, sonralar nəsr sahəsində ciddi uğurlar qazanmış Fəxri Uğurlunun yaradıcılıq sirləri, bir insan, sənətkar kimi özəllikləri ilə bağlı onlara verilən suallar və alınan cavablar məclisə məxsusi təravət bağışlayır, xoş bir canlılıq yaradırdı.

   ADMİU-da keçirilən belə tədbirləri, yaradıcılıq görüşlərini bədii qiraət ustaları olmadan təsəvvür etmək çətindir. Bu görüşün bəlkə də ikinci baş qəhrəmanları görkəmli söz ustaları, tələbələrin sevimli müəllimləri Zülfiyyə Eldar qızı ilə Əməkdar artist Ağalar Bayramov oldular. Xüsusilə Ağalar Bayramovun şair Əjdər Ol yaradıcılığına dərindən bələd olması, onun şeirlərini orijinal üslubda təqdim etməsi heyranlıqla qarşılanırdı və hər çıxışdan, Ə.Olun, F.Uğurlunun söhbətə hər müdaxiləsindən sonra zalı titrədən gurultulu alqışlar görüşün səviyyəsinin göstəricisi, bu tədbirin hər iki qonağına əziz mükafatı idi.

   

   İntiqam Mehdizadə

 

  Mədəniyyət.- 2010.- 10 dekabr.- S. 15.