O, filmlərə ürəyini hopdururdu

 

   Kinoda və televiziyada böyük işlərilə yanaşı Kamil Rüstəmbəyov, yaddaşlara əsl Azərbaycan kişisi kimi də həkk olunmuşdur. Bu ciddi, namuslu, şəxsiyyətli adam öz qiymətini bildiyi üçün heç kəsin qarşısında əyilməz, səviyyəsinin düşməsinə imkan verməzdi.

 

  

   Kino işçilərinin yaxşı xatırladıqları bir faktı yada salmaq istəyirəm.

   Kinostudiyada işlədiyi dövrdə yeni çəkiləcək «Yeddi oğul istərəm» bədii filminə quruluş vermək Kamil müəllimə tapşırılır. O, rejissor ssenarisini hazırlayır, aktyorları seçir, çəkiliş aparacağı yerləri təyin edir, hətta məşqlərə də başlayır. Lakin günlərin birində ssenarini onun əlindən alıb başqasına verirlər. Səbəb? Heç nə - Kamil müəllim kommunist deyildi! Bu hadisə Kamil müəllimə çox pis təsir edir. O, kinostudiyanı tərk edib özünə qapanır. Film isə yubiley filmi idi. Bu əhvalatdan sonra kinostudiyanın direktoru Adil İsgəndərov Kamil Rüstəmbəyovun evinə gəlir; «bu tələ sənə yox, mənə qarşı qurulmuş tələdir» deyir.

   Bu qürurlu adam isə baş vermiş bu hadisə ilə heç cür barışa bilmir.

   Kamil Aslan oğlu Rüstəmbəyov 1924-cü ildə Bakıda dünyaya göz açıb. 1953-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunu bitirib. Bakı televiziya studiyasında məsul redaktor (1956-1966), böyük rejissor, baş rejissor, «Azərbaycanfilm» kinostudiyasında quruluşçu rejissor, xalq studiyasında bədii rəhbər (1966-1976), Azərbaycan Televiziyasında baş redaktor (1976-1977), baş rejissor (1978), «Azərbaycanfilm» kinostudiyasında aktyor şöbəsinin bədii rəhbəri, rejissor (1978-1982) vəzifələrində işləmişdir.

   1956-cı ildən Bakı telestudiyasında fəaliyyətə başlayan Kamil müəllim özünü bacarıqlı, düşünən rejissor kimi göstərdi. Onun maraqlı verilişlərindən biri Səməd Vurğunun «Aygün» poeması idi. Bu radiotamaşa üzərində iş rejissoru o qədər cəlb etmişdi ki, onda bu poema əsasında bədii televiziya filmi çəkmək fikri yarandı. Rejissor filmin ssenarisi üzərində xeyli işləməli oldu. Ssenari televiziya rəhbərliyinin xoşuna gəldi.

   Kamil Rüstəmbəyovun həyat yoldaşının mənə danışdıqlarından: «Elə aylar olurdu ki, Kamil evə nə maaş gətirirdi, nə qonorar. Soruşanda maaşın hanı, deyirdi ki, filmə ayrılan pul çatmadığı üçün maaşımı payladım fəhlələrə».

   «Aygün» Azərbaycan televiziya tarixinə ilk bədii film kimi daxil olmuşdur. Jurnalist Nurəddin Babayev «Kommunist» qəzetində dərc etdirdiyi resenziyasında bu filmi yüksək qiymətləndirmişdi.

    Maraqlı cəhət burasıdır ki, sonralar bu ssenari əsasında libretto yazıldı və bəstəkar Zakir Bağırov «Aygün» operasını yaratdı.

   1965-ci ildə C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının rəhbərliyi K.Rüstəmbəyovu studiyada işləməyə dəvət etdi. Burada onun yaradıcılığının ikinci dövrü başladı. Ona «Dağlarda döyüş» bədii filminə quruluş vermək tapşırıldı. O, bu əsər üzərində böyük həvəs və məsuliyyət hissi ilə işləmişdir.

   Valideyn məhəbbəti ilə vətənə, vəzifə borcuna sədaqətin qarşılıqlı olması, amma vətənin hər şeydən uca tutulması «Dağlarda döyüş» filminin əsas qayəsini təşkil edir.

   Filmin əsas məziyyəti ondan ibarətdir ki, biz burada sərhədi təkcə coğrafi anlayış kimi yox, əsgərlərimizin igidlik və dözümlülük meydanı kimi də görürük.

   Əlbəttə, «Aygün» və «Dağlarda döyüş» bədii filmlərində özünü bacarıqlı kinorejissor kimi təsdiq edən K.Rüstəmbəyova «Axırıncı aşırım» filminin həvalə olunması rejissora yenidən qol-qanad verdi. Bu kino da ekranlaşdırmadır; yazıçı Fərman Kərimzadə filmin ssenarisini özünün məşhur «Qarlı aşırım» romanı əsasında yazmışdır.

   Kino əsərindəki dramatik hadisələr sovet hakimiyyətinin qurulduğu ilk illərdə Azərbaycanın dağ kəndlərinin birində baş verir.

   Filmin ssenarisi, hər şeydən əvvəl, dramatik hadisələrin kəskinliyi, xarakterlərin bütövlüyü ilə rejissorun diqqətini cəlb etmişdir. Ədəbi əsər ekran dilinə çevrilərkən müəyyən itkilərə yol verilsə də, bütövlükdə film baxımlıdır. Bir-birindən əks mövqedə duran iki dünyanın nümayəndələrinin - Abbasqulu bəylə Kərbəlayi İsmayılın toqquşması tamaşaçıda böyük maraq doğurur.

   Filmdən aldığı təəssüratı yazıçı-rejissor Həsən Seyidbəyli «Bakinskiy raboçiy» qəzetində dərc etdirdiyi məqalədə belə ifadə etmişdir: «Bu film K.Rüstəmbəyovun uğurudur. «Dağlarda döyüş» filmindən sonra onun yaradıcılığında əhəmiyyətli addımdır. Ekranda öz taleləri, tərcümeyi-halları və faciələri olan inandırıcı insanlar göründülər. Bütövlükdə maraqlı aktyor ansamblı seçilmişdir. Həsən Məmmədovun ifasında Abbasqulu bəy və Adil İsgəndərovun ifasında Kərbəlayi xüsusilə fərqlənirlər...»

   Əyninə bolşevik şineli geyinsə də, Abbasqulu bəy daxilən sovet hökuməti ilə barışan adam deyildi, sadəcə olaraq başa düşürdü ki, şura hökuməti ilə baş-başa gəlməyin mənası yoxdur və buna görə də Kərbəlayini və onun dəstəsini real faciədən qurtarmaq istəyir.

   Filmdə tarixi həqiqətlər müəyyən qədər qorunub saxlansa da, əsl həqiqət belədir ki, Abbasqulu bəy daşnaklar tərəfindən qətlə yetirilib. Kəndlilərin üsyanı isə 1930-cu ildə yatırılmış, 80 nəfər üsyançıdan 63 nəfəri Türkiyəyə keçmişdir.

   1972-ci ildə Tbilisidə keçirilən V Ümumittifaq kino festivalında münsiflər heyətinin üzvü olan Həsən Seyidbəyli danışırdı ki, festival filmləri arasında «Axırıncı aşırım» daha çox maraqla baxılırdı. Bu, təkcə mənim yox, məsuliyyətli münsiflər heyətinin bütün üzvlərinin fikri idi. Təsadüfi deyil ki, filmin baş qəhrəmanlarını ifa edən Adil İsgəndərov və Həsən Məmmədov «ən yaxşı kişi rollarına görə» mükafatı bölüşdülər.

   Rejissor K.Rüstəmbəyov televiziyada çalışdığı illərdə müxtəlif janrlı filmlər üzərində işləyərkən xeyli təcrübə toplamışdı. Bu səbəbdən kinostudiya rəhbərliyi Mərkəzi televiziyanın sifarişi olan film-konserti Kamil müəllimə tapşırdı. 1973-cü ildə çəkilmiş «Mahnı qanadlarında» televiziya (rəngli) filmi tamaşaçıları Bakının musiqi aləmi, füsunkar gözəlliyi, geniş panoramı ilə tanış edir.

   Yüngül süjetlə bağlı bu film-konserti bugünkü kliplərin başlanğıcı hesab etmək olar. Maraqlı cəhət burasıdır ki, K.Rüstəmbəyov filmin ssenarisini Rasim İsmayılovla, rejissorluğunu isə Tofiq Məmmədovla birgə işləmişdir.

   Azərbaycan kinematoqrafçıları milli dramaturgiyamızın banisi, filosof, ictimai xadim M.F.Axundovun əsərlərinə dəfələrlə müraciət etmiş, ictimai-tərbiyəvi əhəmiyyətini, emosional təsir gücünü nəzərə alaraq onun komediyalarının bir neçəsini ekrana çıxarmışlar.

   1976-cı ildə rejissorlardan Şamil Mahmudbəyov və Kamil Rüstəmbəyov dramaturqun ikinci dram əsəri olan «Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni» komediyasının motivləri əsasında «Dərviş Parisi partladır» kinokomediyasını çəkmişlər.

   Filmdəki hadisələr XIX əsrin ortalarında Qarabağda cərəyan edir. Əsərdə olduğu kimi, filmdə də köhnəliklə yenilik qarşı-qarşıya qoyulur, feodal-patriarxal ənənələrə kor-koranə riayət edilməsi, tərəqqiyə mane olan köhnə qayda-qanunlar, ətalət, avamlıq, gerilik və durğunluq ifşa edilir, ictimai elmlər, xüsusilə təbiətşünaslıq, maarif və mədəniyyət təbliğ olunur, sakit patriarxal mühitdə mütərəqqi meyillərin yaranmasından danışılır, gənclər biliklərə yiyələnməyə dəvət edilir.

   Kamil Rüstəmbəyov deyirdi: «Yaxşı aktyor rejissor üçün tapıntı olduğu kimi, yaxşı rejissor da aktyor üçün tapıntıdır». Əgər onun filmlərinə diqqət yetirsək, bunun nə qədər həqiqət olduğunu yəqin edərik.

   «Aygün»də Nəcibə Məlikova, Həsənağa Salayev, «Zəncirlənmiş adam»da Ağadadaş Qurbanov, Tamilla Ağamirova, «Axırıncı aşırım»da Adil İsgəndərov, Həsən Məmmədov, Məlik Dadaşov, «Dərviş Parisi partladır»da Leyla Bədirbəyli, Həsənağa Turabov, «Gözlə məni»də Rasim Balayev, Amaliya Pənahova kimi məşhur sənətkarların iştirakı onu göstərir ki, həmin filmlərdə rejissor gözəl aktyor ansamblı yaratmışdır.

   Kamil müəllim «Gözlə məni» tarixi-inqilabi filmini görkəmli dramaturq İlyas Əfəndiyevin «Mahnı dağlarda qaldı» pyesinin motivləri əsasında çəkmişdir. Lirik-psixoloji dram janrında yaradılmış bu film tarixi və mənəviyyat problemlərinə toxunur. Filmdə 1917-1920-ci illərdə Azərbaycanda baş verən tarixi hadisələrdən - inqilab dalğasının Dağlıq Qarabağın ən ucqar guşələrinə belə gedib çıxmasından, Qırmızı Ordu dəstələrinin yerli feodalların hakimiyətini öz əllərinə almalarından və burada yeni qayda-qanun yaratmalarından danışılır.

   Filmin mərkəzini təşkil edən təzadlı tarixi dövr və buradakı sıravi Qırmızı Ordu döyüşçüsündən dağ rayonunun fövqəladə komissarına qədər yüksələn gənc kəndli balası Nicatın taleyi, onun bəy qızı Şahnaz xanıma olan məhəbbəti xeyli dramatik şəkildə əks edilmişdir. Filmdə Vətənə, torpağa bağlılıq, sevgi tərənnüm olunur.

   Ümumiyyətlə, rejissor K.Rüstəmbəyov hansı filmi çəkirdisə, ona ürəyinin bir parçasını hopdururdu. Ona görə də onun filmləri baxılır, sevilir, neçə on illər keçməsinə baxmayaraq köhnəlmir. Bu isə əsl sənətkar xoşbəxtliyidir.

   Bir dəfə televiziya verilişlərinin birində aparıcı xanım K.Rüstəmbəyova belə bir sualla müraciət edir: «Əgər Siz yenidən kinematoqrafa qayıtsaydınız, hansı mövzulara, hansı süjetlərə üstünlük verərdiniz?» Cavab: «Mən daha çox tarixi filmlər çəkərdim. Ona görə ki, gənc nəsil bizim qəhrəman keçmişimizi, milli adətlərimizi, ənənələrimizi, nailiyyətlərimizi və nöqsanlarımızı daha dərindən tanımalıdır».

   Təəssüflər olsun ki, «Gözlə məni» filmindən sonra - on bir il ərzində o, nəinki tarixi mövzuda, ümumiyyətlə, heç bir film çəkmədi. Belə ki, ona film təklif olunmadı. Amma onun yaratdıqları «Rejissor Kamil Rüstəmbəyov» imzasının milli kino tariximizdə yaşaması üçün kifayət etdi.

  

 

   Aydın KAZIMZADƏ,

   əməkdar incəsənət xadimi, künoşünas

 

  Mədəniyyət.- 2010.- 3 fevral.- S. 10.