Ziyalı ömrü

 

    Bu sevda ölüncədi

  

   Bir vaxtlar gözəl nəfəsli müğənnimiz Nərminə Məmmədovanın iraqlı Sinan Səidlə birgə oxuduğu

 

   Evlərinin önü yonca,

   Yonca qalxıb dam boyunca...

 

   misraları - məşhur Kərkük bayatısı varlığımıza süzülərək bizə çox mətləbləri anladırdı. Bu həzin və məlahətli səsin qəlbimizdə yaratdığı ilk təlatüm sonralar tədqiqatçı-alim Qəzənfər Paşayevin «Altı il Dəclə-Fərat sahillərində» kitabı ilə bir daha ruhumuzu dara çəkərək bizi silkələdi. Unudulmaz tənqidçimiz Yaşar Qarayevin çox dürüst söylədiyi bir fikri təkrarlamaq istərdim: «Bizim üçün İraq Füzulidən, Füzuli Kərbəladan başladığı kimi, Kərkük də Qəzənfər Paşayevdən başlayır». Bu, həqiqətən də belədir.

   Yaxşı yadımdadır. Ötən əsrin 80-ci illərində Qəzənfər Paşayevin ən böyük tirajla (130 min) çap olunmuş «Altı il Dəclə-Fərat sahillərində» adlı sanballı, elmi-publisistik, daha dəqiqi, bir səyahət salnaməsi olan kitabı əllərdə gəzdi, dillər əzbərinə çevrildi. Hamı bu əsərdən danışırdı. Qapalı bir mühitdə - sovet quruluşunun ağır diktələri və rejimi altında yaşadığımız bir zamanda biz əslində böyük dünyadan xəbərsiz idik. Məhz Qəzənfər Paşayevin bu kitabının vasitəsilə bizə bəlli oldu ki, o qədər də iraq olmayan ölkədə İraqda dilimizdə danışan böyük bir elat - İraq türkmanları yaşayır. Biz ilk dəfə məhz Qəzənfər müəllimin bu kitabı vasitəsilə İraq ellərindən, Kərkükdən xəbər tutduq.

   Bizi təəccübləndirən təkcə bu xəbər deyildi. Bizi heyrətləndirən bütün buxovları, sədd və sərhədləri sözün böyük qüdrəti ilə vurub dağıtmağı bacaran Qəzənfər Paşayevin yazıçılıq məharəti, vətəndaşlıq yanğısı, milli təəssübkeşliyi və cəsarəti idi. O zaman Qəzənfər Paşayev bizim üçün bir əfsanəvi insana çevrilmişdi. Bu, bəlkə də kiməsə mübaliğəli və mübahisəli görünə bilər. Amma əslində mənim düşüncəmə görə, bu gün Qəzənfər Paşayev İraq-Azərbaycan ədəbi əlaqələrində bir elmi institutun görəcəyi işi təkbaşına yerinə yetirir. «Altı il Dəclə-Fərat sahillərində» 1996-cı ildə Bağdadda ərəbcə nəşr olunmuşbu ölkədə də böyük ədəbi hadisəyə çevrilmişdi.

   Müəllifin «İraq-türkmən folkloru» kitabı həm Bakıda, həm Bağdadda, həm də İstanbulda nəşr edilib. Eləcə də «Kərkük dialektinin fonetikası» 2003-cü ildə işıq üzü görüb. «Kərkük folklorunun janrları» kitabı da bir neçə dəfə çap edilib. «İraq-türkman ləhcəsi» araşdırması da böyük rəğbətlə qarşılanıb. Kərkükdə yaşayıb yaradan söz adamları haqqında da Qəzənfər Paşayevin müxtəlif yazılarını oxumuşuq. Görkəmli alimimizin çap etdirdiyi «İraq-Kərkük bayatıları», «Kərkük mahnıları», «İraq-Kərkük atalar sözləri», «Kərkük tapmacaları», «Kərkük folklor antologiyası», «Nəsiminin İraq divanı» və s. kitabları ədəbiyyatımızın zənginləşməsinin bu yöndə böyük fədakarlıq, vətəndaşlıq mövqeyinin göstəricisidir. Kərküklə Bakı arasındakı yolların yolçuluğu ona heç vaxt yorğunluq gətirməyib. Hər dəfə bu yolçuluqdan ədəbiyyatımız, mədəniyyətimiz, elmimiz böyük fayda götürüb. Nəsiminin İraq divanının 286 səhifədən ibarət nüsxəsinin Kərkük vilayətinin Tuz Xurmatu qəzasında əldə edən Qəzənfər Paşayev 1994-cü ildə İraqdan daha bir yeni töhfə ilə vətənə qayıtmışdı. Bağdadda İmam Musa Kaziminin məscidində İmam Musa Kaziminin türbəsi ilə yanaşı, böyük Azərbaycan alimi Nəsrəddin Tusinin də türbəsi olduğunu ilk dəfə Qəzənfər Paşayev xəbər verdi. Həmin türbənin də şəklini çəkib gətirən müəllifin bu fədakarlığının hesabına biz dahi alimimizin axirət ünvanını da öyrəndik. Türbə məqbərəsinin üzərində böyük Azərbaycan aliminin ölümdoğum tarixləri ilə yanaşı aşağıdakı sözlər da yazılıb: «Heyf sənə, Nəsrəddin Tusi».

   Qəzənfər Paşayevin tapdığı müqəddəs yerlərdən biriBağdadda Harun-ər-Rəşidin azərbaycanlı arvadı Zibeydə xanımın şərəfinə ucaldılmış məqbərə və türbədir. Bu türbə Bağdadda ən qədim abidə hesab olunur. Onu milad tarixi ilə 1190-cı ildə Zümrüd xanım tikdirib. Buna görə də bu məqbərəyə bəzən də Zümrüd xanımın günbəzi deyirlər. Qəzənfər Paşayevin kərküklülərə çatdırdığı iftixar dolu xəbərlərdən biribudur ki, 1918-1919-cu illərdə Azərbaycana köməyə gəlmiş türk ordusunun tərkibində kərküklü igidlər də olub. Məhz onların arasında şəhid olanların 11 nəfəri Bakıda - Həzi Aslanovun məzarının yanındakı xiyabanda uyuyur. Adları, soyadları, eləcə də doğulduğu yerlər aydın yazılmış bu şəhidlərin xatirəsi həmişə Azərbaycan xalqının qəlbində əziz olacaq.

   Axtarışlardan yorulmayan, bütün varlığı ilə soykökünə, millətinə bağlı olan Qəzənfər Paşayevlə bir neçə dəfə xarici səfərlərdə yol yoldaşı olmuşuq. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Füzulinin 500 illiyi ilə əlaqədar Türkiyədə keçirilən yubiley mərasiminə getmişdik. Həmin möhtəşəm tədbirdə onun fəal iştirakı, məzmunlu çıxışı hamının diqqətini çəkirdi. Maraqlıdır ki, Qəzənfər Paşayev bu tədbirdə də öz ənənəsinə sadiq qaldı. Onun «Füzuli və XVI əsr Bağdad ədəbi mühiti» mövzusunda məruzəsinin necə maraqla qarşılandığı indi də yadımdadır.

   Qəzənfər Paşayev təkcə ədəbi axtarışlarla məşğul olan ədəbiyyatşünas, alim, tərcüməçi deyildi. O, həm də pedaqoq, nəhayət nəcib ailə başçısı kimi bir çox məziyyətlərə malikdir. Bütün bunlarla bərabər Qəzənfər Paşayev əsl insandır. Vaxtilə Boris Polevoyun «Əsl insan haqqında povest» əsərini, şair Məmməd Aslanın «İnsan» oçerkini oxuyanda çox təəccüblənirdim ki, insan insandır da, daha niyə bunun əsli axtarılır?! Atalar sözü var, «Alim olmaq asandır, insan olmaq çətin». Əsrlərin sınağından çıxmış bu deyimin hansı mənalar daşıdığını yaş ötdükcə anladım. Həqiqətən də bütün doğulanlar əsl insan olurmu? Bu vacib sualın cavabını konkret cavablandırmaq mümkündür: xeyr! Nə xoş ki Qəzənfər Paşayev həqiqətən də bütün xasiyyəti, nəcibliyi, ürəyi, varlığı ilə məhz bu ada layiqdir!

   Bu gün sevinclə, bir qədər də iftixarla etiraf etmək istəyirəm ki, Qəzənfər Paşayev mənim qardaşlarımın ön sırasında dayanan ən yaxın dostum, oxucum və nəhayət müəllimimdir. Rəsmi surətdə heç bir zaman mən onunşagirdi, nə də tələbəsi olmuşam. Böyük müəllimlərimin ruhu məni bağışlasın. Qəzənfər müəllimdən bu gün də öyrənməkdəyəm. O qədər diqqətcil, həssas oxucudur ki, bəzən yazdıqlarımın üzərində dönə-dönə düşünmək əzmində qalıram ki, onun iradına tuş gəlməyim. İnsan bəzən özündən asılı olmadan zamanın çətinliklərinə düçar olur. Övlad qayğısı, səhhət problemləri, müxtəlif xeyir-şər məclisləri - bəzən bunavaxt tapa bilirsən, nə də imkan sənin üzünə gülür.

   Bir qələm dostumun danışdıqlarını unuda bilmirəm: «Dara düşəndə də ümidim Allaha bağlanır. Bununla bərabər, mənim ən böyük xeyirxahım Qəzənfər Paşayevdir. Etdiyi yaxşılıqları bir dəfə də üzə vurmaz. Özünü elə aparar ki, sanki bu, onun borcudur».

   Bəli, Allah adamıdır Qəzənfər Paşayev! Ona dərs demiş müəllimlərinin, qələm dostlarının arasında dünyasını dəyişmişlər var ki, onların qəbirüstü abidələrinin hazırlanmasında Qəzənfər Paşayevin zəhməti unudulmazdır. Tanrı onun böyük ürəyini qorusun!

   Hansı yöndən yanaşsan, qüsursuz, nöqsansız bir insan kimi sənə əzizdir. Bəlkə də elə bu məziyyətlərinə görədir ki, İraq türkmanları Qəzənfər Paşayevi özlərinin xocası kimi sevib dəyərləndirirlər. Məşhur İraq yazarı Əbdüllətif Bəndəroğlunu Azərbaycanda kifayət qədər tanıyırlar. Onun Azərbaycanda şöhrətlənməsində, dəfələrlə gediş-gəlişində Qəzənfər Paşayevin çox böyük əməyi olub. Vaxtilə Bəndəroğlu söhbət zamanı mənə verdiyi müsahibəsində söyləmişdi: «Mən ildə bir kərə Qəzənfər müəllimin sayəsində Azərbaycana gəlir, öz qan qardaşlarımla görüşürəm».

   Bu qardaşlığın nəticəsidir ki, onlar birlikdə neçə illər Kərkük və Azərbaycan ədəbi əlaqələrinin inkişafı yolunda geniş və səmərəli işlər quraraq maraqlı axtarışlar apardılar.

   Bu gün Kərkükdə yaşayıb yaradan Nəsrin Ərbil də məhz Qəzənfər müəllimin sayəsində Bakıya gəldi, dünya azərbaycanlılarının I qurultayında iştirak etdi. Onun söhbət zamanı bir etirafını indiyədək unutmamışam: «Mən həmişə Allahıma, bir də Qəzənfər müəllimə minnətdaram. Hava limanında elə bildim ki, röya görürəm. Bütün insanlar mənim dilimdə danışırdılar. Hər yerdə belə idi - məclislərdə də, rəsmilərlə görüşlərdə də, parklarda da, xiyabanlarda da, ailələrdə də. Anadan doğulduğumdan bugünədək biz ancaq öz evimizdə kəndi dilimizdə danışardıq. Mən ilk dəfə bu dilin böyüklüyünü, əzəmətini, gözəlliyini Azərbaycanda duydum, Bakıda gördüm».

   Kərkük sevdalı Qəzənfər Paşayevin kitabları çoxdur. Birilap bu yaxınlarda nəşr edilib: «Borcumuzdur bu ehtiram». Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə yeni kitabda toplanmış xatirə yazılarını «Unudulmazlar haqqında uvertüra» adlandırır. Bu, həqiqətən də belədir. Bu kitabda toplanan yazılar müxtəlif illərdə qələmə alınsa da, onların hamısı bir arada birləşərək oxucunu düşündürür. Biz bir daha Qəzənfər Paşayevin qələminin və sözünün gücü ilə Nigar Rəfibəylini, Rəsul Rzanı, Hüseyn Arifi, Fərman Kərimzadəni, İsi Məlikzadəni, Əzizə Cəfərzadəni, Nəsir İmanquliyevi, Mikayıl Azaflını... yada salır, xatirəsi qarşısında baş əyirik.

   Bəzən biz qəhrəmanlarımızı birtərəfli təqdim edirik. Amma mənə elə gəlir ki, insanın bütövlüyündə bir amil var ki, onu mütləq qeyd etmək gərəkdir. Qəzənfər Paşayev kitablar müəllifidir, beş övlad atasıdır, babadır... Həyatda da, ədəbiyyatda da, elə öz həmkarları arasında da sayılıb seçilən bir şəxsiyyətdir. Amma bütün bunlar təkbaşına əldə edilməyib. Onun qayğısını çəkən, əziyyətlərinə dözən bir qadın var ki, onun adını mütləq çəkməliyəm. Bu, onun ömür-gün yoldaşı Arəstə xanımdır. Qəzənfər müəllimin özübu etirafdadır: «Bütün əldə etdiyim nailiyyətlərin yarısı onun adıyla bağlıdır. Mən məişətdə çox acizəm. Həmişə dayağım olub».

   Əgər Qəzənfər Paşayevin qələminin məhsulu olan kitabların adlarını yazsaq böyük bir siyahı əmələ gələr. Nə yazıb-yazmamağından asılı olmayaraq Qəzənfər Paşayev bizim üçün Kərkükün ruhu canına hopmuş bir insandır. Onun haqqında qələmə alınmış bioqrafik oçerklərin birində İraq nəğmələrindən danışılır. Özününçox xoşladığı bir bayatı bizimkönlümüzü isidir:

  

   Bağdad yolu Gəncədi,

   Gülü pəncə-pəncədi.

   Demə, sizdən iraqam,

   Bu sevda ölüncədi...

   

  

   Flora Xəlilzadə

   Xüsusi olaraq “Mədəniyyət” qəzeti üçün

 

  Mədəniyyət.- 2010.- 2 iyul. S. 13.