Tarix və mədəniyyətimizi yaşadan sənət əsərləri

 

Şəki Xalq Tətbiqi Sənəti Muzeyindən zəngin təəssürat

Şəkidə bir neçə muzey fəaliyyət göstərir. Bunlardan biriXalq Tətbiqi Sənəti Muzeyidir. Tarixi V-VI əsrlərə gedib çıxan qədim alban məbədinin binasında yerləşən muzey 1985-cü ildə fəaliyyətə başlayıb. El arasında bura "dairəvi məbəd" də deyirlər. Muzeydə əsasən Şəki ərazisində yaşayıb-yaradan sənətkarların əl işlərinə geniş yer verilir. Muzeyin baş fond mühafizəçisi Yeganə Naimbəyova bu barədə bizə ətraflı məlumat verdi.

Qədim soyuducular

Şəkinin ən qədim sənətlərindən biridulusçuluqdur. Muzeydə Şəkinin Şişqazlıq kəndində aparılan arxeoloji qazıntılar zamanı tapılmış məişət qabları nümayiş etdirilir. Bir tona qədər dənli bitki tutan iri küp vaxtilə arpa, buğda yığmaq üçün istifadə olunub. Digər küplər isə soyuducu rolunu oynayıb - onlara qovrulmuş ət doldurularaq yerə basdırılarmış. Buradakı xırda küpdən isə üzüm yarpağı - tənək tutmaq üçün istifadə olunub.

Bundan başqa, eramızdan əvvəl V-VI əsrlərə aid olan, su, süd saxlamaq məqsədilə istifadə olunan dolçalar və meyvə qabları da bu sıradadır. Bütün bunlar Şəkidə hələ qədimdən dulusçuluq sənətinin inkişaf etməsinə nümunədir. Muzeydə müasir dulusçuluq sənətinə də yer verilib. Bu sənətlə məşğul olanlardan usta Şöyüb Məmmədovu hamı tanıyır. Pitisu qabları, nehrələr ustanın əl işləri kimi muzeydə saxlanılır.

 

Məktub yazmaqdan başlanan təkəlduz

Şəkidə inkişaf etmiş sənətlərdən biri də ipəkçilikdir. Hələ qədim zamanlardan İpək Yolunun üstündə yerləşən Şəkiyə ipək alveri edən tacirlər gəliblər ki, onların vasitəsilə də yüksək keyfiyyətli Şəki ipəyi dünyaya yayılıb. Muzeydə qədim ipəkçiliyin nümunələri kimi kəlağayılar saxlanılır. Kəlağayının əsl ipəkdən olmasını Şəkidə özünəməxsus üsulla yoxlayıblar. Əgər kəlağayı bir ucundan o biri ucuna qədər asanlıqla üzüyün içindən keçərsə, deməli, o əsl ipəkdən hazırlanıb. Tacirlər Şəkidə aldıqları kəlağayıların keyfiyyətini bu üsulla yoxlayıblar.

Şəkinin özünəməxsus sənətlərindən biri də təkəlduzdur. Hərfi mənada "tək əllə düz" mənasını verən bu işlə əvvəllər daha çox kişilər məşğul olardılar. Belə ki, uzaq səfərdə və ya həbsxanalarda olanlara evlərinə məktub yazmağa icazə verməyəndə təkəlduzdan istifadə ediblər. Bu tikiş növündə hər bir bəzək hansısa söz birləşməsini ifadə etdiyindən, bir neçə işarə ilə geniş cümlələri öz ailələrinə "yazıb" göndərə biliblər. Şəki sənətkarlarından Möhtərəm Ağahüseynzadə atasının yolunu davam etdirərək, bu sənətin layiqli nümunələrini yaradıb. Muzeydə bütün bunlar haqqında geniş məlumat var.

Qədim Şəki evi - sənət nümunələrinin bəzəyi

Muzeyin otaqlarından birində qədim Şəki evi təsvir edilib. Evin yuxarı başında yerə sərilmiş iri döşəyin üstündə ağsaqqal oturarmış. Onun başının üstündə - divardan tüfəng asılarmış. Muzeydə saxlanılan, 1746-ci ildə Şəki xanlığının müstəqilliyi uğrunda Nadir şaha qarşı mübarizə aparmış Hacı Çələbinin tüfəngi də bu mənada xüsusi eksponatlardan sayılır. Ailənin digər üzvləri isə yan-yana düzülmüş mütəkkə və döşəkçələrin üstündə əyləşərək evin ağsaqqalının söhbət və nəsihətlərini dinləyiblər. Körpə uşaq olan evlərdə isə mütləq beşik olub. Evin bəzəyinə diqqət yetirən xanımlar künclərə üstünə saxsı, bəzəkli qablar düzülən rəflər düzüblər.

Maraqlısı budur ki, qədimdən qalma bir ənənə bu gün də Şəki camaatının məişətində möhkəm yer tutur - demək olar ki, bütün Şəki ailələrində qızın cehizini yığmaq üçün sandıqdan istifadə olunur. Elə indinin özündə də Şəkidə sandıq sənəti ilə məşğul olan ustalar var.

 

Doqquz dəlikli zurna

Şəkinin tanınmış musiqiçilərindən olan, xalq arasında Şəkili çağırılan ustad Ələfsərin oğlu atasından yadigar qalan zurna, balaban və tütəyi muzeyə hədiyyə edib. Bu musiqi alətlərinin hər birinin özünəməxsus xüsusiyyəti var. Ustad musiqiçinin özünə ömür yoldaşı hesab etdiyi zurna digərlərindən kəskin fərqlənir. Başqa zurnalarda səkkiz dəlik olduğu halda, onda doqquz dəlik var. Zurnaçı Ələfsərin özünün zurnaya əlavə etdiyi bu dəlik musiqinin daha gözəl səslənməsi üçündür.

Sərpuş - misgərlik nümunəsi

Şəki həm də dövrün tanınmış misgərlik sahəsində tanınan peşəkarların vətənidir. Misgərlər misgərlik nümunələrini qızdıran odu daha da alovlandırmaq üçün əsasən, körükdən istifadə ediblər. Şəki misgərlik məktəbinin görkəmli nümayəndələrindən olan Bağır Mustafayevin yaratdığı sənət nümunələri muzeydə nümayiş etdirilir. Misgərlik nümunələrindən olan sərpuş iki vəzifə daşıyıb. Ondan həm plovun isti qalması üçün qapaq kimi, həm də inək sağarkən şiş hissəsini yerə sancaraq, süd yığmaq üçün qab kimi istifadə ediblər.

Qadınların əl sənəti və bəzək əşyaları

Azərbaycan qadınının milli məşğuliyyəti olan yun daramaq, əyirmək işlərinin nümunələri kimi muzeydə yun darağı və qədim cəhrə də saxlanılır. Qədimdə mədrəsələrdə təhsil alan uşaqlar Quran kitabını qadınların tikdiyi, çiyindən asmaq üçün nəzərdə tutulan çantalarda aparırdılar.

Milli tariximizin elementləri sırasında olan qadın və kişi geyim dəstləri də xüsusi otaqda nümayiş etdirilir. Qədim ləbbadələr və ayaq geyimi olan çaşqır növləri ilə yanaşı muzeydə qadınlara məxsus al-əlvan parçalardan hazırlanmış boğçalar, gümüş bel kəməri, pul kisəsi kimi istifadə olunan möhür qabları da var. Qadın bəzək əşyaları: boyunbağılar, qolbağılar, qədim insan barmağına taxılmış halda saxlanılan üzükbu bölmədə ən dəyərli eksponat kimi qorunur. Bu əşyalar qəbirlərdən tapılıb. Bəzək əşyaları Şəkidə zərgər sənətinin də tarixinin qədim olduğunu göstərir.

Yer ölçmək üçün əsa

Maraqlı eksponatlardan biri də əsadır. Ondan həm tutub gəzmək üçün, həm də iki metr uzunluğunda olduğundan yer ölçmək üçün istifadə ediblər.

XVIII əsrin sonu - XIX əsrin əvvəllərinə aid olan xarrat dəzgahı da eksponatlar sırasındadır. Xarrat Rizvan Cavadovun hazırladığı alətlər isə xüsusi guşədə sərgilənir.

Ümumiyyətlə, Xalq Tətbiqi Sənəti Muzeyi Şəki sənətkarlığını özündə cəmləşdirən vahid məkandır. Şəkinin istənilən sənətkarlıq sahəsi haqqında ilkin olaraq bu məkanda məlumat əldə edib əyani tanış olmaq mümkündür.

 

İntiqam Hacılı

 

Mədəniyyət.- 2010.- 2 iyul.- S. 8.