Dünya bir pəncərədir...

 

Baxıb keçən də olur, yaradıb köçən də...

Elə insanlar var ki, dünyanı hansı yaşında tərk etməsindən asılı olmayaraq qəlblərdə əbədi abidə qururlar. İllər çox şeyləri dəyişdirib soldura bilir. Gücü çatmadığı tək bir məqam var, o da ürəkdəki xatirələrdi, könüllərdə ucalan abidələrdi. Bəzən də illərin çoxluğu, əksinə olaraq bu möhtəşəmliyə qəribə bir təzə-tərlik gətirir. Elə ki, xatirələr dilə gəlir, yaddaşdan süzülən sözlərdə, söhbətlərdə o nakamların işıqlı obrazları boylanır. Haqqında danışacağımız Fuad Seyidzadə kimi. Mən onu şəxsən tanımamışam. Amma yaratdıqları ilə tanış olduqca, barəsində söylənilən xatirələri dinlədikcə, sandım ki, bu unudulmaz memar həmişə bizimlə gələcəyə doğru yol gedir. Vaxt olacaq, bizonu tərk edəcəyik. Fuad Seyidzadə isə öz yolunda nura qarşı əbədi yolçuluğunu həmişə davam etdirəcək.

Ötən əsrin 60-70-ci illərində Azərbaycan memarlığının inkişafında səmərəli xidmətləri olan, bu sahədə yaddaqalan əsərlər yaratmış Fuad Seyidzadə qeyri-adi istedada, yüksək bədii zövqə, yaradıcı təxəyyülə malik idi. O, memarlıq təcrübəsində kök salmış mühafizəkarlığa qarşı qətiyyətlə mübarizə aparırdı. F.Seyidzadə öz layihələrində novatorluğa, yeni ideyalara meyil göstərərək klassik, milli, modern üslubların vəhdətinə nail olmağa çalışırdı.

Cəmi 34 il yaşamış Fuada ömür vəfa etsəydi, indi ağsaqqallar sırasında dayanacaqdı. Heyif ki, illər bir-birinə bağlanıb yaş üstünə yaş gətirsə də, şəkillərdə olduğu kimi, yaddaşlarda, xatirələrdə də Fuad Seyidzadə eləcə cavan, ciddi baxışlı, düşüncəli və işıqlı siması ilə dəyişməz qalacaq. Azərbaycan mədəniyyətində, memarlığında, təsviri sənətində özünəməxsus orijinal dəst-xətti ilə əbədiləşən görkəmli sənətkarın haqqındakı xatirələri oxuduqca bu qənaətə gəlirsən ki, ötən əsrin 60-cı illərində fəaliyyətə başlayan Fuad Seyidzadənin ömrü qısa olsa da, yaradıcılığının miqyası çox geniş idi.

Bu unudulmaz şəxsiyyət haqqında danışanlar onu yaradıcılığın fövqündə dayanan istedadlı sənətkar kimi təqdim edirlər. O adi memar olmayıb. Bütün varlığında ilahi bir yaradıcılıq istedadı qaynayırmış.

Müxtəlif sənət adamları F.Seyidzadə ilə bağlı xatirələr söyləyərkən onu bu məhz bu sahənin fədakarı kimi səciyyələndirirlər. Bəstəkarlar bu qənaətdədir ki, Fuad bənzərsiz ifaçı idi. Sovet dövründə Qərb musiqisinin qadağan olunduğu bir zamanda o, pianoda dünya bəstəkarlarının əsərlərini elə məharətlə ifa edərmiş ki, melodiyanın ecazkarlığı eşidənləri heyrətdə saxlayarmış. Qələm sahibləri xatırlayırlar ki, çətinlik çəkəndə F.Seyidzadə onlardan köməyini əsirgəmirmiş. Aqşin Əlizadə danışır ki, əlimdə tamamlanmamış bir şeir var idi. Mahnı bəstələmək istəyirdim. O şeiri mahnı mətninə salan məhz Fuad Seyidzadə oldu. Hələ kiçik yaşlarından rəssamlığa böyük marağı olan Fuadın çəkdiyi rəsmlərdə həyat gerçəkliyi əlvanlığı ilə əks olunmaqla bərabər, gənc fırça ustasının duyğu və düşüncələri də rənglərin ünsiyyətindən libas geyərək əsərlərin ifadəliliyini, təsir gücünü artırırdı.

Əlbəttə, hərtərəfli qabiliyyətə malik olan F.Seyidzadə əslində memar idi. Sinəsində coşan arzuları onu çox zirvələrə aparacaqdı. Sənət dünyasındakı ilk addımları elə mətin və uğurlu olmuşdu ki, yaşlı həmkarları da sıralarına qoşulan gənc memarın nailiyyətlərindən fəxr duyaraq ona öz məhəbbətlərini, hörmətlərini bildirməkdən xüsusi zövq alırdılar. Daxili aləminin böyüklüyü, mənəviyyatının zənginliyi, böyük-kiçiyin yerini bilməsi, sənətə məsuliyyətlə yanaşması, yeniliyə can atması, özünəməxsus cazibəli xasiyyətə malik olması Fuadı hamıya sevdirirdi.

O, 1938-ci ilin yayında Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdu. Fuadın atası Bağır Seyidzadə dövrünün məşhur ictimai-siyasi və mədəniyyət xadimlərindən biri idi. Müxtəlif məsul vəzifələrdə çalışan Bağır Seyidzadə Azərbaycanın ilk kinematoqrafiya nazirlərindən biri olub (ilk nazir Rəsul Rza olub, ikincisi B.Seyidzadə). Uzun müddət qəzet redaktoru işləyib. Dövlət vəzifələrində çalışıb. Hətta xarici ölkələrdə diplomatik fəaliyyətlə də məşğul olub. Bir müddət Təbrizdə konsul olan Bağır Seyidzadə ailəsi ilə birlikdə İranda yaşayıb. Məktəbə də ilk dəfə Təbrizdə gedən Fuad sonralar Bakıdakı 6 nömrəli orta məktəbi bitirib. Sonra Ə.Əzimzadə adına Rəssamlıq məktəbində oxuyub, Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsində təhsil alıb. 1956-1957-ci illərdə Moskva Memarlıq İnstitutunda oxuyub. Hələ orta məktəbdə ikən onun çəkdiyi rəsmləri Xalq rəssamı Mikayıl Abdullayev ürəkdən bəyənmişdi. Görkəmli rəssamın rəyinə əsasən, Fuadı rəssamlıq məktəbində birbaşa ikinci kursa götürmüşdülər. Orta məktəb illərində musiqi təhsili də alan Fuadın bu sahədə güclü duyumu maestro Niyazinin diqqətini çəkib. O, Bağır müəllimə təkid edirmiş ki, Fuad dirijorluq sənətinin arxasınca getsin. Amma Fuadın bütün yaradıcılıq sahələrinə olan marağı içindən gələn həvəslə bağlı imiş. Onun arzuları memarlığa yönəlmişdi. Hələ tələbə ikən beynəlxalq müsabiqələrdə iştirak edər, çəkdiyi rəsmlər müxtəlif mükafatlara, təltiflərə layiq görülərdi. Xarici ölkədən aldığı ilk mükafat Kubadan olub. Azərbaycanlı tələbənin Havana şəhərində keçirilən müsabiqəyə təqdim olunmuş "Sumqayıt - peyk şəhər" layihəsi Fuadın ünvanına qanadlanan birinci qələbə idi.

Tanınmış memar Rasim Əliyev Fuad mənim üçün doğma, ən yaxın adam idi adlı xatirəsində yazır: Biz uşaqlıqdan bir-birimizi tanıyırdıq. Atalarımız dostluq edirdilər. Ailəvi yaxınlığımıza görə tez-tez görüşərdik. O, mütaliəni çox sevirdi. Xüsusilə də xarici ədəbiyyatı. Həmişə yeniliyə can atırdı. Onun maraqlı işləri müsabiqələrdə rəğbətlə qarşılanırdı. O, standart memarlığı qəbul etmirdi. Ənənələrin, milliliyin tərəfdarı idi. Çalışırdı ki, layihələrində müasirliklə milliliyi məharətlə qovuşduraraq daha gözəl və canlısını yaratsın. Keçmiş SSRİ-nin bir çox şəhərlərində tikilən mehmanxanarestoranlar məhz Fuad Seyidzadənin layihələri əsasında həyata keçirilmişdi. Heydər Əliyev Fuadı çox sevirdi. Biz əvvəlki mənzilimizdə yaşayanda Heydər Əliyev tez-tez bizə gəlirdi. Fuadı da bizdə görmüşdü. O, istedadlıları çox sevirdi. Sonrakı illərdə həmişə Fuad Seyidzadəyə diqqət və qayğı göstərirdi.

Bəllidir ki, ötən əsrin 60-cı illərində yaradıcılığın bir çox sahələrində yeni ab-hava başladı. Həmin vaxt bir qrup istedadlı gənc yetişmişdi ki, onlar yenilik həvəsi ilə yaşayırdılar. Təkcə ədəbiyyat, mədəniyyət, musiqi sahəsində deyil, memarlıqda da bu meyillər duyulmaqda idi. O zaman SSRİ-nin bütün respublikalarında evlər eyni tipli layihə üzrə tikilirdi. Bu konkret standartlardan çıxmaq üçün memarlar çox çətinlikləri adlamalı, problemləri dəf etməli idilər. Bu, çox ağır və təhlükəli proses idi. Yuxarılara inad göstərmək həyat bahasına başa gələrdi. Amma gənclik həvəsi ilə işə qoşulanlar öz arzularını gerçəkləşdirmək üçün fədakarlıqdan çəkinməzdilər. Bakıda mikrorayonların layihələşdirilməsini hazırlayan ilk memarlardan biriFuad Seyidzadə idi.

Fuadı yaxından tanıyan Həsən Həsənov yazır: Fuad Seyidzadənin məqsədi bu idi ki, evlər məhəllə-məhəllə tikilsin. Hər məhəllənin öz servis sistemi olsun. Məktəbi, uşaq bağçası, mağazası, məişət xidməti yaradılsın və sakinlər özlərini rahat hiss etsinlər. Mikrorayonlar bu qayda ilə tikilirdi. Amma, əfsuslar olsun ki, bu sona qədər davam etmədi.

Hətta o dövrdə ayrı-ayrı rayonlarda tikilən qonaq evlərinin layihəsi də F.Seyidzadə tərəfindən qeyri-standart hazırlanırdı. Bu gün Sevastopolda minlərlə, milyonlarla insan tərəfindən ziyarət edilən "Sapun dağı" adlı abidə kompleksi var. İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlı döyüşçülərin xatirəsini əbədiləşdirmək üçün ucaldılmış bu abidə heykəltəraş Ömər Eldarovla Fuad Seyidzadənin birgə işinin məhsuludur. F.Seyidzadə heykəltəraş Tokay Məmmədovla da birgə maraqlı layihələr hazırlayardı. Sankt-Peterburqda tikilən "Bakı" restoranı bu birgə işin nəticəsidir.

Uşaqlıq dostu, şair Vaqif Səmədoğlu Fuad Seyidzadəni fenomenal təşkilatçı və istedadlı rəssam kimi səciyyələndirərək yazır: Memarlıq sahəsində, özü də həm modern memarlıq, həm də memarlıqda milli ünsürlərin, milli çalarların tədqiqi barədə Fuadın zəngin ideyası, fikirləri, arzuları var idi.

Təəssüf ki, hər şey yarımçıq qaldı. Bu ömür davam etsəydi və indiki müdrik ana çatsaydı, dostlarının dediyi kimi, Fuad Seyidzadənin titulları saysız-hesabsız olardı.

Ssenarist, kinorejissor, musiqişünas, pianoçu, memar, rəssam, mühəndis... kim bilir bu sahələrin hansında daha çox uğur qazanardı. Bütün bu sənətlərin ucalığında dayanan Fuad Seyidzadə işıqlı şəxsiyyət idi.

Bacısı Dilarə Seyidzadə riqqətlə söyləyir: "Mənim üçün Fuad hər şey idi. Qardaşım, dostum, ən başlıcası, idealım. O, çox istedadlı idibu istedadı da çox erkən parlamışdı. Lap uşaqlıqdan tələbəliyinə qədər hamıdan seçilirdi. Çox hissiyyatlı, duyğulu, uzaqgörən idi. Yüksək zövqü vardı. Təbiəti çox sevirdi. İndiondan yadigar qalmış rəsm əsərlərinə baxanda ürəyim titrəyir. Xatırlayıram ki, Fuad bu əsərləri hansı məqamda işləyib. Həyatım boyu mən bu qədər nikbin, işıqlı adamla rastlaşmadım. Bütün kədərimin, xiffətimin içində həmişə onun işıqlı sifətini yada salıram. Oğlu Ülvi eynən özüdür. Hələ balaca nəvələri, adını daşıyan Fuadı, Musanı sinəmə sıxanda keçirdiyim hissləri ifadə edə bilmirəm. Elə bil onda dünyamı işıq bürüyür. Qaranlıqlar yox olur. Fuad o qədər nurlu əməl sahibi idi ki, aramızda olmasa da, həmişə o işığı parlayan görürəm.

İllərdir ki, Fuad əzizlərini tərk edərək haqq dünyasına qovuşub. Dörd-beş yaşından bibi məhəbbətinə sığınan, böyüyən, oxuyan, ailə quran yeganə yadigarı Ülvi Seyidzadə indi iki oğul atasıdır. Bu ailədə hər kəsin ürəyində əbədi bir məhəbbətin işığı yanır. Bu, unudulmaz Azərbaycan memarı Fuad Seyidzadənin nurlu əməllərinin heç zaman sönməyən sənət işığıdır.

Deyirlər ki, dünya bir pəncərədir, hər gələn baxıb keçər. Bizcə, Fuad Seyidzadə kimi memarlar, sənət adamları bu pəncərədən sadəcə baxıb keçmirlər. Onlar yaradırlar, qururlar, sonradan köçürlər...

 

Flora Xəlilzadə

Xüsusi olaraq Mədəniyyət qəzeti üçün

 

Mədəniyyət.- 2010.- 9 iyul.- S. 13.