Sənətkar təxəyyülünün üfüqləri

 

   Dünya yaranışından ecazkardır. Nədənsə insan ilk gündən dünyanın bu təbii mənzərəsi ilə barışmaq istəməyib, onu dəyişməyə və bəzəməyə can atıb. Dünyanı bəzəyə-bəzəyə, dəyişə-dəyişə memarlıq, heykəltəraşlıq və rəssamlıq kimi sənətləri yaradıb. Fırçası, yağlı boyası ilə bu möhtəşəm dünyanı bəzəmək və daha da gözəlləşdirmək , bədii təxəyyülü ilə hansısa həqiqəti insanlara çatdırmağa çalışan sənətkarlardan biri də Rəssamlıq Akademiyasının “Qrafika” kafedrasının müdiri, Xalq rəssamı Cəmil Müfidzadədir.

  

   O, ixtisas təhsilini əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, sonra Xarkov Rəssamlıq İnstitutunda (Ukrayna) alıb. Dünyanın müxtəlif ölkələrində beynəlxalq sərgilərin iştirakçısı olub, xaricdə 10-dan çox fərdi sərgisi keçirilib. Əsərləri Rusiya, Almaniya, Fransa, İtaliya, Misir, Türkiyə, İran, Monqolustan və digər ölkələrin muzeylərində, şəxsi qalereyalarda saxlanılır. “İçərişəhər”, “Abşeron nefti”, “Bakı neft paytaxtı”, “Buhenvald”, ”Xınalıq”, “Monqolustan torpağında”, ”Misir təəssüratları” və s. silsilə əsərləri xüsusilə məşhurdur.

   Milli təsviri sənətimizin inkişafındakı xidmətlərinə görə, 1982-ci ildə Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı adına layiq görülüb. Rəssamlıq Akademiyasında gənclərə təsviri sənətin sirlərini, incəliklərini öyrədir. Eyni zamanda, yaradıcılıq axtarışlarını da davam etdirir. Bir sıra xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Cəmil Müfidzadə bu barədə belə deyir:

   - Yaradıcılıq ezamiyyətlərim çoxdur. İlk dəfə 1986-cı ildə Fransa, Polşa və Çexoslovakiyada olmuşam. Fransaya Sovet İttifaqının müxətif respublikalarından 8 rəssam getmişdik. Bir ay müddətində orada yaradıcılıq ezamiyyətində olduq. Müqaviləyə əsasən, bu müddətə 6 əsər çəkməliydik. Hər rəssam iki əsərini Fransa tərəfinə verməli və həmin rəsmlərin qiyməti müqabilində bizim ezamiyyə xərcimiz ödənilməli idi. Hər birimizə ayrıca emalatxana verilmişdi. Bir ay gərgin yaradıcılıq işi apardıq, sonra əsərlərimizin sərgisi təşkil olundu.

   Cəmil Müfidzadə yaradıcılığında özünəməxsusluq, milli-mənəvi dəyərlər çox qabarıqdır. Onun milli sənət nümunələrinə bağlılığı, yanaşması fərdidir, həm də çox maraqlıdır. Əsərlərindəki hərtərəfli ümumiləşdirmələr və miniatür sənət ənənələri ilə həmahəngdir...

   - 1986-cı il idi. Monqolustanda on beş günlük yaradıcılıq ezamiyyətində idim. Bizi vertolyotla Qobi səhrasına apardılar. İki nəfər idik. O biri yoldaşım Ukrayna Rəssamlar İttifaqının katibiydi. Oradan qayıdandan sonra götürdüyüm faktlar və eskizlər üzərində 3 il çalışdım, 41 əsər yaratdım. Sonra “Monqolustan torpağında” adlı sərgim keçirildi. Həmin əsərlərin xeyli hissəsi indi Almaniya, İran, Rusiya və Türkiyədə muzeylərdə saxlanılır.

   Rəssamın sənaye mövzusunda “Abşeronun tacı”, “Bakı neft paytaxtıdır”, “Polad meşə”, “Neft məbədi” silsilə lövhələri var. “Abşeron nefti” lövhəsində bu qədim diyarın zəngin və qiymətli sərvətindən bəhs edilir. Məlumdur ki, Azərbaycan təsviri sənətində neft mövzusunda onlarca, yüzlərcə sənət əsəri var. Lakin Cəmil Müfidzadənin çoxsaylı lövhələri onların arasında öz fərdi cizgilərinə və xüsusiyyətlərinə görə çöx fərqlidir. Onun əsərləri təkrarçılıqdan uzaq və orijinaldır. Sənətkarın qrafika rəssamlığı sahəsində “İçərişəhər”, “Buhenvald” silsilə əsərləri də maraqla baxılır. Rəssam bu barədə belə deyir:

   - Bilirsiniz ki, Buhenvald faşist düşərgəsi olub. Bu əsəri yaratmamışdan əvvəl faşist Almaniyası rəhbərlərinin məşhur Nürnberq məhkəməsinin materialları ilə tanış oldum. Polşada, Çexoslovakiyada faşistlərin qurduqları ölüm düşərgələrinin xarabalıqlarını gəzdim, sonra bu əsərləri yaratdım.

   C.Müfidzadənin məşhur “İçərişəhər” silsiləsi onun bədii kəşflərinin debütü olub. Fərdi yaradıcılıq vasitələri ilə seçilən cizgilər bu silsilədən əsərlərin bənzərsizliyini və özünəməxsusluğunu parlaq təcəssüm etdirir. Görkəmli sənətkarın “Şimal”, “Xınalıq”, “Xirosima”, “Misir” və s. silsilələri uzun illər yaradıcılıq səfərlərindən sonra ağır zəhmət hesabına yaratdığı əsərlərdir. Xınalıq həyatını işıqlandıran lövhələrdə enerjili təsvir dili, mürəkkəb quruluşlu motivlər donmuş anları sanki danışdırır. Qorxudanmı, yoxsa məhəbbətdənmi çılpaq yamaclara sığınmış bu qəribə həyatın səciyyəviliyini göstərməyə şərait yaradıb. “Əsrlərin görüşü”, “Axırıncı tikan” əsərlərində ümidsizliyi doğuran, xatırladan rəng, insana bir anlıq yorğunluq gətirən, təntidən və darıxdıran Qobi səhrasının bürküsündə rəssam müxtəlif yönümlü fəlsəfi məna arayır. “Axırıncı tikan” lövhəsi bu qəbildəndir. Əsərdə otsuz, ucsuz-bucaqsız səhrada iki ac dəvənin tikan koluna həsədlə baxması hər bir kəsi düşündürməyə bilmir. Adama elə gəlir ki, lövhədəki dəvələr bu dəqiqə bir-birləri ilə vuruşacaqlar.

   Görkəmli sənətkarın yaradıcılığı ilə tanışlıq insanda zəngin təəssürat yaradır.

  

 

   Savalan Fərəcov

 

   Mədəniyyət.- 2010.- 9 iyul.- S. 12.