Görkəmli bəstəkar, pedaqoq, alim

 

   Azər Rzayev - 80

  

   Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simaları içərisində Xalq artisti, professor Azər Rzayevin öz dəst-xətti var. O, musiqinin müxtəlif janrlarına müraciət edərək, milli köklər zəminində professional sənət əsərləri yaradıb. Geniş yaradıcılıq irsinə malik olan Azər Rzayev Azərbaycan musiqi mədəniyyətinə bir çox töhfələr bəxş etməklə mədəniyyətimizin inkişafında yaxından iştirak edib. Həyatın kəşməkəşli yollarından keçərək sənətin zirvəsinə yüksələn Azər Rzayevin nəzərləri tez-tez ötən illərə dikilir. Söhbətimizə başlayanda da ilk sözü bu oldu: “Eh! Artıq hər şey arxada qalıb”.

  

   Amma mən bu fikirlə razılaşmıram. Azər müəllim, arxada qalan sadəcə yaşanmış illər deyil, onlar sizin ömrünüzə məna verən mərhələlər, həyat yolunuzdur. Bizbu həyat yoluna nəzər salaraq sənətkar ömrünün səhifələrini oxucularımızın diqqətinə çatdırmaq istəyirik.

   Azər Hüseyn oğlu Rzayev 1930-cu il iyulun 15-də Bakıda anadan olub. Atası rejissor Hüseyn Rzayev, anası isə xalqımızın unudulmaz sənətkarı Həqiqət Rzayevanın istedadı və sənət sevgisi övladlarına da sirayət etdi. Həm Azər, həm də qardaşı Həsən musiqini seçərək özlərini bu sənətə həsr etdilər. Erkən yaşlarından musiqi avazları ilə böyümələri onlarda xüsusi musiqi qabiliyyəti formalaşdırdı. Azər müəllim o illəri xatırlamaqla həm də bugünkü nəslə öz tövsiyələrini çatdırır:

   “Həyatda müqəddəs sayılan amillərdən biriana laylasıdır. Bu adi avaz deyil, hər bir ananın qəlbində öz övladına olan sonsuz məhəbbətin ifadəsidir. Hər bir ana körpəsinə lay-lay deməklə ona xoş hisslər, gözəl ruh aşılayır. Bəlkə də mənim və rəhmətlik qardaşımın musiqini böyük məhəbbətlə sevməyimiz anamın bizə oxuduğu laylaların təsirindəndir. Anam deyərdi ki, bizə həmişə muğam üstə lay-lay deyərmiş. Mənimsə yadıma gələn anamın yanıqlı səslə oxumalarıdır. Mən deyərdim ki, sənətə sevgimin əsas mənbəyi anamın xoş avazı, atamın və tez-tez evimizdə qonaq olan sənətkarların sənət söhbətləri olub. Artıq 10-11 yaşım olanda mən musiqi ilə məşğul olurdum. Bunu görən valideynlərim məni Üzeyir bəyin yanına apardılar. O, da mənim musiqi təhsili almağımı məsləhət gördü”.

   1944-cü ildə Azər Rzayevin kiçik bəstələrini dinləyən Üzeyir bəy onu Dövlət Konservatoriyasının nəzdindəki onillik musiqi məktəbində professor B.İ.Zeydmanın apardığı uşaq yaradıcılığı - yəni bəstəkarlıq sinfinə qəbul olunmasını tövsiyə edib. Əsas yaradıcılıq yoluna 1948-ci ildə qədəm qoyan Azər Rzayev sonrakı illərdə bir musiqi əsəri bəstələyib. O, təhsilini Azərbaycan Dövlət Konservatoriyasında davam etdirərək 1953-cü ildə oranın skripka və bəstəkarlıq ixtisasları üzrə bitirib.

   Beləliklə, mükəmməl musiqi savadına yiyələnən Azər Rzayev müxtəlif janrlara müraciət edir. Onun əsərlərindən “Hacı Kərimin aya səyahəti” musiqili komediyasını, skripka ilə orkestr üçün 2 konserti, skripka altorkestr üçün ikili konserti, 7 simfonik poemanı, “Bakı - 90” simfoniyasını və başqalarını qeyd edə bilərik. Buya digər əsərləri Azər müəllimə uğurlar gətirib. O, 1955-ci ildə gənc bəstəkarların beynəlxalq müsabiqəsinin laureatı olub.

   Azər Rzayev yalnız bəstəkarlıq fəaliyyəti göstərməyib. Onun ictimai fəaliyyəti də təqdirəlayiqdir. 1972-1988-ci illərdə Dövlət OperaBalet Teatrının direktoru olub. Bu illər ərzində onun təşəbbüsü ilə bir neçə yeni əsər tamaşaya qoyulub, Üzeyir bəyin “Koroğlu” və “Leyli və Məcnun”operaları yeni quruluşda (1975-1976-cı illər) səhnələşdirilib.

   Bu yerdə Azər müəllimin dahi bəstəkarın irsi barədə fikirlərini və onunla bağlı xatirələrini nəzərinizə çatdıraq:

   Üzeyir bəyin adı evimizdə tez-tez çəkilirdi. Atam da, anam da, evimizə gələn sənətkarlar da həmişə ondan söhbət açırdılar. Xeyirxah və qayğıkeş bir insan olduğunu deyirdilər. Uşaq ağlımla hiss edirdim ki, bu şəxs kimdirsə, çox yaxşı adamdır. Elə oldu ki, günlərin birində mən də bu gözəl insanla şəxsən görüşdüm. Valideynlərim məni və qardaşım Həsəni Üzeyir bəyin yanına apardılar. O, çox mehriban idi. Bizi xoş sözlə dindirib, ikimizi də diqqətlə dinləyib bizimlə çox səmimi davrandı. Onun qarşısında adam özünü həm sərbəst, həm də çox məsuliyyətli hiss edirdi. Mən çox xoşbəxtəm ki, belə bir dahini görmüşəm və sənətə də elə onun məsləhəti ilə gəlmişəm. Təhsil aldığımız illərdə o, tez-tez anamdan, atamdan bizi soruşar və dərslərimizlə maraqlanardı. Bu gün peşəkar sənətkar olmağımın başlıca mənbəyini böyüyüb boya-başa çatdığım mühitlə yanaşı, həm də Üzeyir bəyin bizə olan qayğısı və diqqətində görürəm. Odur ki, hər gün bu dahi şəxsiyyətin ruhuna dualar edirəm”.

   Azər Rzayevin Üzeyir bəyin irsinə sevgisi sonsuzdur. O, daim öz yaradıcılığında bu irsə müraciət edərək sanki Üzeyir bəyin əsərlərinin keşiyində dayanıb, onların əbədiyaşarlığı yolunda əlindən gələni əsirgəməyib. Buna nümunə olaraq deyə bilərik ki, bəstəkar 1986-cı ildə Üzeyir bəyin “Əsli və Kərəm” operasını xalq çalğı alətləri orkestri üçün, 1990-1992-ci illərdə “Arşın mal alanmusiqili komediyasından Əsgərin ariyasını tarkamera orkestri üçün, “Koroğlu” operasından “Çənlibel” səhnəsini xorkamera üçün, “Leyli və Məcnun” operasının I pərdəsindən Leyli və Məcnunun duetini solistlər və kamera orkestri üçün işləyib. Azər müəllim öz çıxışlarında, müsahibələrində də daim Üzeyir bəyin irsi haqqında ətraflı söhbətlər edib.

   Üzeyir bəyin 125 illik yubileyi ərəfəsində belə maraqlı xatirələri eşitmək bizim üçün nə qədər qiymətlidirsə, ustadın ruhu üçün o qədər xoşdur. Onun ruhu şaddır ki, özündən sonra sənətdə belə davamçıları var.

   Geniş yaradıcılığa malik olan Azər Rzayev bəstəkar, pedaqoq, ifaçı və ictimai xadim kimi Azərbaycan mədəniyyətinin inkişafına öz töhfələrini veribonun xidmətləri də yüksək qiymətləndirilib. Xalq artisti, professor, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli sənətkarımız buya digər fəxri adlara, mükafatlara məhz öz istedadı, biliyi və zəhməti müqabilində layiq görülüb.

   Qeyd etdik ki, Azər müəllim müxtəlif janrlarda dəyərli əsərlər yazıb-yaradıb. Təbii ki, bu əsərlər içərisində maraqlı taleyi olanlar, bəstəkar üçün əlamətdar hadisələrlə bağlı olanları var.

   Yenə də Azər müəllimlə söhbətimə qayıdıram. Bəstəkarın öz yaradıcılığı barədə dediklərindən:

   “Yaradıcılığa başladığım ilk dövrlərdən yazdığım əsərlərə hər şeydən öncə ustadların, sənətkarların münasibəti barədə düşünmüşəm. Məsələn, fikirləşmişəm ki, görən bu əsəri Qara Qarayev necə qəbul edəcək? Belə bir düşüncə bəlkə də məni daha da məsuliyyətli edib. Mən gənclərimizə də belə düşünərək yazmağı arzulayıram. Çünki yazdığın əsər təkcə sənin deyil, o, xalqın sərvəti olmalıdır. Odur ki, əsərin hər bir notuna ciddi yanaşmaq lazımdır. Mənim elə əsərlərim var ki, onları həmişə xatırlayıram. Çünki, bu əsərlər yaradıcılığımın müəyyən dövrləri ilə bağlıdır. Məsələn, 1 nömrəli skripkaorkestr üçün konsertim mənim diplom işim olub. 1953-cü ildə maestro Niyazinin dirijorluğu ilə bu konserti ilk dəfə özüm ifa etmişəm. 1955-ci ildə həmin əsərə görə Varşavada laureat oldum.

   Daha bir əsərim, 1964-cü ildə yazdığım fortepiano ilə orkestr üçün konsertim mənim üçün çox yaddaqalandır. Çünki bu əsəri qızıma həsr etmişdim, elə ilk ifaçısı da qızım (Azər müəllimin qızı Ülviyyə xanım istedadlı pianoçudur - S.T.) oldu. O, 9 yaşında bu konserti Niyazinin idarəsi ilə Moskvada ifa etdi. Hətta, onun çıxışını Moskva radiosu “qızıl fonda yazdı. O zaman bu əsər bütün musiqi məktəblərində səslənirdi. Əsər Bakıda, Moskvada, hətta Bolqarıstanda, Amerikada ifa olunmuşdu. Bu əsərə görə çoxlu sayda təşəkkür məktubları və tərifnamələr almışam. Əsər mənim üçün unudulmazdır birona görə ki, bu qızımla ilk yaradıcılıq işimiz idi. Yaddaşımda xüsusi yeri olan növbəti əsərlərim atamaanama həsr etdiyim skripkaorkestr üçün konsertlərdir. Atama həsr etdiyim əsər 1966-cı ildə yazılıb. Anama həsr etdiyim əsər isə 80-ci illərdə yazılıb və bunun xüsusi bir tarixçəsi də var. Belə ki, mən 1954-cü ildən SSRİ Bəstəkarlar İttifaqının üzvü idimMoskvada yaradıcılıq evlərinə istirahətə gedirdik. 70-ci illərin sonu idi. Mən orada istirahət edərkən həm də yeni bir əsər üzərində işləyirdim. Gecə saatları idi. İşlədiyim zaman birdən anam sanki gözümün önündə canlandı. Məni ciddi baxışları ilə süzüb “mənə bir əsər həsr etmisənmi?” dedi. Sanki bu bir yuxu idi. O, möcüzəli səhnə hələ də gözümün qabağından getmir. Beləliklə, mən anama 2 hissəli skripkaorkestr üçün konsertimi həsr etdim. Əsərdə onun ən mahir ifası olan Ərəbzəngi (“Şah İsmayıl” operası) obrazını və muğam ifalarını yaratmağa çalışmışam.

   Daha bir əsərim də var ki, onu ürək ağrısı ilə xatırlayıram. Bu əsəri göz yaşlarımla yazmışam. Bu, “Bakı - 90” simfoniyasıdır. Bu əsərdən söz düşəndə çox kövrəlirəm. Amma belə bir əsəri yazmağı özümə mənəvi borc sayırdım. Çünki biz sənətkarlar xalqın taleyini, faciəsini əsərlərimizdə əks etdirməliyik ki, bunlar gələcək nəsillərə də gedib çatsın. Bir sözlə, mən hər bir əsər üzərində işləyərkən xalqı yazmışam, əsərlərimi xalqa bəxş etmişəm”.

   Azər müəllimlə söhbətimiz çox maraqlı keçdi. Hələ onun dediyi çox fikirlər var ki, onları yazıya almadıq. Amma sağollaşarkən dediyi sözləri mütləq qeyd etməliyik: “Bu günə qədər yazdığım əsərləri ifa edənlərə, dinləyənlərə, təbliğ edənlərə və məni bir sənətkar kimi sevən ucaldan xalqıma çox minnətdaram”.

   Biz də hörmətli sənətkarımıza həm yazdığı əsərlərə, həm də yaşının bu 80 çağında bizimlə həmsöhbət olduğuna görə minnətdarıq.

   Hörmətli Azər müəllim, bir daha anadan olmağınızın 80 illik yubileyi münasibəti ilə təbrik edir, sizə uzun ömür, cansağlığı arzulayır və yeni əsərlərinizi gözləyirik.

  

 

   Səadət Təhmirazqızı,

   musiqişünas

 

   Mədəniyyət.- 2010.- 30 iyul.- S. 7.