Molla Cümə ömrü

 

Aşıq sənəti çoxəsrlik tariximiz və mədəniyyətimizin tərkib hissəsidir. Keçmişimizi bu günümüzə, bu günümüzü gələcəyə çatdıran sənət incisi, xalqın istək və arzularını özündə təcəssüm etdirən böyük sənətdir. Bu keyfiyyətlərinə görə aşıqlar el arasında haqq aşığı, aşığın səsi haqqın səsidir, aşıq el yaraşığıdır kimi tərifləniblər. Onlardan biri XIX əsrin sonunda - XX əsrin əvvəllərində yaşayıb yaratmış aşıq-şair Molla Cümədir.

Molla Cümə haqqında ədəbi-tarixi qaynaqlarda səhih məlumat yoxdur. Onun 1854-cü ildə Şəkidə, Göynük mahalında anadan olduğu təxmin edilir. Molla Cümə özü şeirlərinin birində bu barədə belə deyir:

Aşıq anasıyam, şairlər kökü,

Gəzərəm dünyada divanə təki.

Mahalım Göynükdür, şəhərim Şəki,

Layisqi kəndinin binasıyam mən.

Bu bənddən aydın olub ki, Molla Cümənın eli-obası Göynük mahalında Layisqi kəndidir.

AMEA-nın Folklor İnstitutunun Qorqudşünaslıq şöbəsinin böyük elmi işçisi, Şəki folklor mühitinin araşdırıcısı, filologiya elmləri namizədi Ləman Süleymanovanın sözlərinə görə, Molla Cümə geniş dünyagörüşlü şair, Azərbaycan klassik poeziyasının kamil bilicisi olub. Ərəb və fars dillərini mükəmməl bilib. Erkən yaşından şeiriyyata, yazı-pozuya meyilli olur. Qaynar və coşqun təbi onu oxumağa, aşıqlıq etməyə sövq edir. El şənliklərində şeirlərinin oxunması, özünün aşıq kimi dinlənilməsi rəğbətlə qarşılanır. Həyatının gənclik çağlarında eşqə düşür, varlı və mömün bir ailədən qız istəyir. Lakin bu istəyinə qovuşa bilmir. Nakam məhəbbətini ömrünün sonuna kimi unutmur. İsmi Pünhan adı ilə qovuşa bilmədiyi xanımı yorulmadan, usanmadan vəsf edir. Adını, tərifini ellərə yayır.

İsmi Pünhan, niyə məndən küsübsən,

Yaxşı, yaman ya bir olar, ya iki.

Bu gün ölsəm hamı deyər yazıqdır,

Canı yanan ya bir olar, ya iki.

Molla Cümə incə zövqlü, nadir təbli lirik şair olub. Elinin yaxşı-yamanını tanıyan, qəlbini-könlünü oxuyan və hal-əhvalını bilən sənətkar kimi söz seçməyi, incələyib sədəf kimi düzməyi çox gözəl bacarıb.

Molla Cümənin həyatı acı bir sonluqla bitib. O, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin fəal tərəfdarlarından olub. Həmin dövrdə Qarabağda, Zəngəzurda erməni quldurları dinc azərbaycanlı əhaliyə divan tutarkən, digər bölgələrdə olduğu kimi, Şəkidə də Milli Orduya kömək məqsədilə könüllü dəstələr yaradılırdı. Həmin dəstələrdən birini aşıq Molla Cümə və onun əmisi oğlanları yaratmışdı. 1920-ci ilin mayında, Azərbaycanın sovetləşməsindən sonra bolşeviklərin həyata keçirdiyi repressiyada onun bütün qohumları həbs olunub. Bu haqsızlıq şairə pis təsir edir. O, ömrünün ixtiyar çağında çox sarsılır.

Şairin özü isə 1920-ci ilin iyununda öldürülüb. Bu barədə bir neçə mülahizə var.

Tədqiqatçı Ləman Süleymanova: Molla Cümə Xalq Cümhuriyyətinin fəal tərəfdarı kimi tanındığı üçün Azərbaycanın sovetləşməsindən sonra qohumları ilə bərabər onun da həbs edildiyi və güllələndiyi barədə mülahizələr var.

İkinci bir mülahizəyə görə isə, günlərin birində Molla Cümə çiynində saz kənddən çıxıb hara isə gedirmiş. Kənd kənarında XI qırmızı ordunun erməni əsgərlərindən biri onun yolunu kəsir və sonra güllələyir. Səsə camaat yığılıb gəlir. Əsgərdən soruşurlar ki, bu ixtiyar qocanın günahı nə idi! Nə üçün onu öldürdün? O isə cavabında elə bildik ki, çiynindəki tüfəngdir deyir.

Molla Cümənin yaradıcılığı haqqında bəzi araşdırmalar aparılıb. Onun şeirlərinin bir hissəsini 1930-cu illərdə tədqiqatçı Hümmət Əlizadə toplayaraq "Aşıqlar" kitabında nəşr etdirib. 1966, 1983 və 1995-ci illərdə aşığın üç kitabı çap olunub. Son nəşrdə aşığın əksər şeirləri toplanıb. Molla Cümənın bir neçə saz havası da məlumdur: "Molla Cümə gözəlləməsi", "Molla Cümə gəraylısı", "Şəki dübeyti", "Molla Cümə müxəmməsi" (yaxud Cığalı müxəmməsi).

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2010.- 2 iyun.- S. 14.