Kulturoloqların II Milli Forumu keçirildi

 

   İyunun 3-də Muzey Mərkəzində Kulturoloqların II Milli Forumu keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan forumun əsas məqsədi Azərbaycanda mədəniyyətin təbliğini və elmi tədqiqatların inkişafını təmin etmək idi. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri Firudin Qurbanov, nazirliyin digər əməkdaşları, ölkənin universitet və institutlarında çalışan alimlər, qonaq qismində Rusiya və Belarusdan tanınmış alimlər də iştirak edirdi.   

 

    Forumun rəsmi hissəsində giriş sözü ilə çıxış edən mədəniyyət və turizm nazirinin müavini S.Məmmədəliyeva iştirakçıları salamlayaraq bildirdi ki, mədəniyyət siyasətinin həyata keçirilməsində elmin potensiallarına müraciət olunma hallarının genişlənməsi və bu sahədə təşəbbüslərin dəstəklənməsi nazirliyin qarşısında duran prioritet məsələlərdəndir: “Nazirlik mütəmadi olaraq müxtəlif xarakterli elmi tədbirləri həyata keçirir. Tədbirlərin əsas hədəfi mədəniyyət siyasəti məfhumunun təşviq olunması və kulturologiya elminin populyarlaşdırılmasıdır. Mədəniyyət siyasəti kontekstində ən böyük əhəmiyyətə malik olan elm kulturologiyadır. Tükənməz mədəni sərvətlərə, böyük tarixə, zəngin adət-ənənələrə və müstəqil dövlətə sahib olan xalqın özünəməxsusluğunun qorunub saxlanılmasında böyük əhəmiyyətə malik olan kulturologiya elminin inkişafı üçün lazımi şəraitin yaradılması olduqca vacibdir. Artıq ikinci dəfə keçirilən forumun əsas məqsədi kulturologiyanın aktuallığını artırmaqdır. Azərbaycan prezidenti son illərdə mədəniyyət siyasətinə aid 200-dən çox fərman, sərəncam və qanun imzalayıb. Bütün bunlar dövlətimizin mədəniyyətə göstərdiyi diqqətin nümunəsidir. Bu gün iştirakçısı olduğumuz forumla yanaşı, Azərbaycanda ayrı-ayrı vaxtlarda mədəniyyət siyasətinə həsr olunmuş müxtəlif seminarlar və elmi-konfranslar keçirilir”.

   Rəsmi hissədə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə elmin müxtəlif qollarının birgə şəkildə inkişafından danışdı. O, bildirdi ki, kulturologiya, fəlsəfə və tarix elmlərinin inkişafı biri-birindən asılıdır: “Ayrı-ayrılıqda bu sahələrin yüksək inkişafı qeyri-mümkündür. Bu tip forumlarda əlaqələr daha da güclənir. Kulturoloqların forumu bu elmin inkişaf yollarını müzakirə edən bir tədbirdir”.

   “Simurq” Assosiasiyasının prezidenti Fuad Məmmədov Azərbaycanda ikinci dəfə keçirilən forumun kulturoloqlar üçün əhəmiyyətinin yüksək olduğunu qeyd etdi. Bildirdi ki, Azərbaycanda elmin inkişafı sıx əməkdaşlıqdan keçir: “Çox şadam ki, Mədəniyyət və Turizm Nazirliyi artıq bu sahədə işə başlayıb. İstərdik ki, “Simurq” Assosiasiyası ilə də elmi əməkdaşlıq yaradılsın. Forumun bu mənada rolu böyükdür. Amma elmin inkişafı yalnız forumlardan keçmir. Bununla yanaşı, müxtəlif tipli elmi tədbirlərin sayı çoxalmalıdır”.

   Forumda qonaq qismində iştirak edən Belarus Dövlət İncəsənət və Mədəniyyət Universitetinin elm və innovasiyalar üzrə prorektoru Konstantin Ramişevski, Rusiya Kulturologiya İnstitutunun direktor müavini Nataliya Kryukova çıxış edərək təmsil etdikləri elm ocaqlarının salamlarını forum iştirakçılarına çatdırdılar.

   Forumun rəsmi hissəsinin sonunda Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev çıxış edərək bildirdi ki, bu forumdan başlayaraq elm adamları fəxri fərmanlarla təltif ediləcək. Fəxri fərmanları təqdim etmək üçün A.Usubəliyev nazir müavini Sevda Məmmədəliyevanı kürsüyə dəvət etdi. AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Maral Manafova, “Simurq” Assosiasiyasının prezidenti Fuad Məmmədov və Rusiya Kulturologiya İnstitutunun direktor müavini Nataliya Kryukovaya fəxri fərmanlar verildi.

   Forumun ikinci hissəsi universitet və institut alimlərinin “Mədəni müxtəliflik: sosial-siyasi dəyər kimi” mövzusunda mühazirələrindən ibarət oldu. ADMİU-nun dosenti Mübariz Süleymanlının “Mədəniyyət siyasətinin əsas istiqamətləri: milli prioritetlər”, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun professoru Mətləb Mahmudovun “Ölkənin sosial-iqtisadi inkişafının mədəniyyət infrastrukturunun vəziyyətinə təsir imkanları”, BDU-nun dosenti Qızılgül Abasovanın “Müasir Azərbaycan mədəniyyətində dil prosesləri: inteqrasiya faktoru kimi”, ADNA-nın dosenti Aida Yusifzadənin “Qlobal dəyişiklik şəraitində Azərbaycan mədəniyyətinin inkişafı”, Xəzər Universitetinin təhsil fakültəsinin dekanı Elza Səmədlinin “Qədim mədəniyyətimizdə önə çıxan sosial-siyasi dəyərlər”, BDU-nun dissertantı Nasir Quluzadənin “Azərbaycanın mədəni irsinin tədqiqində Heydər Əliyev ənənəsinin yaşadılması” və digər alimlərin mühazirələri dinlənildi.

   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsi forumda oxunan mühazirələrdən ibarət elmi kitab nəşr edəcək.

  

 

   İntiqam Hacılı

 

   Mədəniyyət.- 2010.- 4 iyun.- S. 4.