Kəsmə şikəstənin Fatma zirvəsi

 

Güman edirəm, bu sərlövhədən kimin haqqında danışacağımız hamıya bəllidir. Çünki Kəsmə şikəstəni onun kimi oxuyan olmayıb və bu gün də yoxdur. Görəsən, niyə? Suala cavab verməzdən əvvəl gəlin, Kəsmə şikəstənin tarixinə və məziyyətlərinə nəzər salaq.

Kəsmə şikəstə Azərbaycanın zərb muğamlarından biridir, Segah ladına əsaslanır. Poetik mətni xalq bayatılarından ibarət olan Kəsmə şikəstə sanki qırıq-qırıq, kəsik-kəsik musiqi frazalarından ibarətdir. Dinləyicidə son dərəcə lirik hisslər oyadan Kəsmə şikəstənin musiqi cümlələri fasilələrlə səslənir. Kəsmə şikəstədən də, başqa muğamlar kimi, professional musiqidə istifadə edilib (Ü.Hacıbəyli Əsli və Kərəm operasında) və musiqişünaslar tərəfindən nota salınıb. Professor Ramiz Zöhrabov Zərbi muğamlar kitabında (Bakı, 2004) Kəsmə şikəstəni məhz Fatma Mehrəliyevanın ifasında nota yazıb. Bu da təsadüfi deyil. Açığını deyək ki, hər ifaçı Kəsmə şikəstəni oxuya bilməz. Bunun üçün xüsusi səs tembrlərinin olması zəruridir. Azərbaycan muğam ifaçılığı tarixində Kəsmə şikəstənin yalnız Fatma Mehrəliyeva tərəfindən yüksək məharətlə oxunması bir gerçəklikdir.

İndi isə məsələnin niyəsinə keçək.

Kəsmə şikəstə yarımçıq, nakam taleli bir sənətkarın oxuduğu muğamdır. Burada Fatma xanım öz yetişmədiyi arzularından, çəkdiyi ağrı-acılardan soraq verir. Bəlkə bu muğamın həzin notları ilə həyatının acısını, kədərini insanlara bəyan etmək istəyib?

Bu suala cavab tapmaq bəlkə də çoxlarına çətindir. Amma o kəslər ki, F.Mehrəliyevanın ömür yoluna bələddirlər, yəqin razılaşarlar ki, Fatma xanım Kəsmə şikəstədə elə öz taleyini oxuyub. Elə isə sənətkarın ömür kitabından bəzi səhifələri vərəqləyək:

Fatma Yusif qızı Mehrəliyeva 1926-cı il iyunun 4-də Qubada anadan olub. Erkən yaşlarından həyatın sərt üzü ilə rastlaşıb. Fatma körpə ikən valideynləri ayrılıblar. Uşağa analığı baxıb, Fatma 7 yaşında ikən o qadın da vəfat edib. Balaca Fatma qoca atasının himayəsində qalıb. Uşaq yaşlarından oxuyub-oynamağı xoşlayarmış. Kim bilir, bəlkə də bununla körpə qəlbinin dərdini dağıdırmış. Amma bu həm də onun böyük sənət yolunun başlanğıcı idi.

Orta məktəbdə oxuyanda o, musiqi istedadı ilə hamıdan fərqlənir. 11 yaşında ikən onu festivalda çıxış etmək üçün Bakıya göndərirlər. Qubanın ağ alması xalq mahnısını ifa edən balaca Fatma dahi bəstəkar Üzeyir Hacıbəylinin diqqətini cəlb edir. Bu hadisə onun taleyində mühüm rol oynayır. Üzeyir bəy ona əsl atalıq qayğısı göstərir. Fatmanı məktəbdə oxudur, ona musiqi təhsili almaq üçün şərait yaradır.

Böyük bəstəkarın qayğı və himayəsi ilə əhatə olunan F.Mehrəliyeva yaradıcılıq fəaliyyətinə 1940-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Sazçı qızlar ansamblında başlayır. Geniş konsert salonlarında bir-birinin ardınca uğurlu çıxışlar edən Fatma Mehrəliyevanın sorağı bütün Azərbaycana yayılır.

1941-1945-ci illərdə Böyük Vətən müharibəsi də Fatma xanımın həyatına təsirsiz ötüşmür. O da, digər müğənilər kimi, tez-tez cəbhədə hərbçilər qarşısında çıxış edib, onlara öz səsi və nəğmələri ilə mübarizə əzmi aşılayır. Fatma xanımın cəbhə repertuarında Ü.Hacıbəylinin vətənpərvərlik nəğmələri geniş yer tuturdu. Bəstəkarın Səməd Vurğunun sözlərinə bəstələdiyi Şəfqət bacısı mahnısının ilk ifaçısı məhz F.Mehrəliyeva olmuşdu. Lakin həmin ifanın lent yazıları qalmayıb. Fatma xanım müsahibələrində bunu təəssüflə qeyd edərdi.

Beləliklə, sənət yolunda uğurla addımlayan F.Mehrəliyeva istər muğam, xalq mahnı və təsniflərinin, eləcə də bəstəkar nəğmələrinin məharətli ifaçısı kimi şöhrət qazanır. O, 1945-ci ildə Üzeyir bəyin eyniadlı operettası əsasında çəkilən Arşın mal alan filmində Telli rolunu da məharətlə ifa edir.

Azərbaycan ifaçılıq sənətində adı hörmətlə çəkilən F.Mehrəliyeva 1956-cı ildə Əməkdar artist fəxri adına layiq görülür. Onun sənətinə verilən ən böyük qiymət isə xalq məhəbbətidir ki, bu da əbədidir. Sənətkara bu əbədi xalq sevgisini qazandıran onun məlahətli səsi və özünəməxsus ifa tərzidir. Buna sübut F.Mehrəliyevadan bizə yadigar qalan və lent yazılarında qorunan nəğmələrdir. Onlardan Qubanın ağ alması, Azərbaycan maralı, Ahu kimi, Qaragilə və başqalarını sadalamaq olar.

Amma yadigar lent yazıları içərisində Kəsmə şikəstənin müstəsna yeri var. O, bu zərbi muğamı çox ustalıqla, məharətlə ifa edib. Fatma xanım şikəstə ilə sanki içi özü qarışıq bütün nakam talelərin, şikəst ömürlərin, yarımçıq sevgilərin hekayətini dilə gətirib.

Elə ona görə də sənətkarlar bəzən bu muğama Fatma şikəstəsi də deyirlər. Əslində isə bu unudulmaz ifa Kəsmə şikəstənin Fatma zirvəsidir.

 

Səadət Təhmirazqızı,

musiqişünas

Mədəniyyət.- 2010.- 9 iyun.- S. 11.