“İstanbul reysi”ndə gördüklərim

 

   Ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərin əvvəllərində respublikamıızda yaşanan siyasi çaxnaşmalar ölkəmizin mədəni inkişafına öz mənfi təsirini göstərmişdi. Lakin yaşanan acı həyat hekayələrinin vizual şərhi heç bir kinematoqrafik quruluşda tamaşaçını qane etmirdi. Ekranlaşdırılan həyat hadisələrində bəlkə də yaddan çıxan, əslində isə ekranlardan həyatımıza süzülərkən sevməyi, yaşamağı bizə öyrədən poetik kompozisiyalar, demək olar ki, yox idi. Əbədi məhəbbət mövzusunun qıtlığını duyan tamaşaçı, çox vaxt bu yoxluğu həddən ziyadə texnikaya, yeniləşməyə, avropalaşmağa başı qarışan zəmanəsi ilə əlaqələndirsə də, lirizmi, səmimiliyi ilə seçilən, həyata hopan örnək timsallı məhəbbət dastanlarının kinodan qaynaqlandığı danılmaz faktdır.

  

   “İstanbul reysi” filmində də müasir dövrün səmimi məhəbbət dastanını gördüm. Azərbaycan filmlərində ictimai məzmun daşıyan, əsl insan ləyaqətindən bəhs edən vacib mövzular həmişə ön plana çəkilib. Bu filmdə də həyatın tanış dramatik düyünləri personajların məntiqli, ironiyalı dialoqlarında səciyyələnir. 2010-cu ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “İstanbul reysi” filmində də insanlığı dəyərləndirən keyfiyyətlər qabardılıb, cəmiyyətin üz qarasına çevrilən pul, şan-şöhrət hərisləri tənqid atəşinə tutulub.

   Filmin ssenari müəllifi Ramiz Fətəliyev, quruluşçu rejissoru Eldar Quliyev, quruluşçu operatoru Kənan Məmmədov, rəssamları Rafis İsmayılov, Rafiq Nəsirov, bəstəkarı isə ölməz sənətkar Müslüm Maqomayevdir. Filmdə həmçinin Tofiq Quliyevin musiqilərindən də istifadə olunub.

   Baş rollarda Elşən Rüstəmov, İlhamə Bədəlova çəkiliblər. İkinci planlı rollarda isə Ramiz Məlik, Yaşar Nuri, Fidan Axundova, Qurban İsmayılov, Gülşad Baxşıyeva, Tünzalə Əliyeva və başqaları yer alıblar.

   Filmdə əxlaq normalarını aşan insanların mikroaləmini əks etdirən hadisələrin vizual şərhinə haqq qazandıran, tamaşaçı ilə ünsiyyət yaradan səbəblərdən biri də müasirlərinə qarşı olan dəqiq müəllif (rejissor, dramaturq) münasibətinin olmasıdır.

   Psixoloji dram janrında çəkilən filmdə iki gəncin Murad (Elşən Rüstəmov) və Aidənin (İlhamə Bədəlova) gecikmiş məhəbbətlərindən söhbət açılır. Lakin gənclərin həyat tarixçələrinin arxasından boylanan, ictimai xarakter daşıyan aktual bəlalar onların sevgi macəralarını rahat izləməyimizə imkan vermir. Hadisələrin ardıcıl axıcılığından bizə məlum olur ki, 1990-cı illərdəki siyasi çaxnaşmalardan sonra Muradın başqa millətdən olan xanımı uşaqları ilə birlikdə onu tərk edərək Hollandiyada yaşayır. İmkanlı bir iş adamı ilə yaşayan gözəl, cavan qadın Aidə isə evinə, ailəsinə ərsiz gedə bilmədiyi, elin ağzına söz olmaqdan qorxduğu üçün tənha yaşamağa, sevmədiyi yaşlı bir insanla için-için əriməyə məhkumdur. Obrazların mənəvi aləmini dəqiq xarakterizə edən lakonik dialoqlar, məntiqli replikalar, düzgün seçilmiş mizanlar kadrlarda az görünən epizodik rolların mövqeyini belə dəqiq müəyyənləşdirir. Bu kimi məziyyətlər isə aktyor ifaçılığında yaradıcı heyətin ideyalarının tam əksi deməkdir.

   Məsələn, ikinci planlı rollardan biri olan Ağası obrazı (Xalq artisti Yaşar Nuri) cəmiyyəti düşündürəcək məsələlərə ironiyalı münasibətlərlə nüfuz etməklə mühüm məsələlərə toxunur. Dövrünün, cəmiyyətin səciyyəvi cəhətlərini, keçmiş sosialist həyat tərzini, sovet insanının müasir istehsalata, adamlara olan münasibətini, keçmişlə müasir dövrün fərqli cəhətlərini komik nüanslarla, orijinal ifası ilə tamaşaçıya çatdırır. Yaşadığı binanın blokunun qarşısında hər axşam oturub qonşusunun (Muradın) gətirdiyi içki payını səbirsizliklə gözləyən, daim mütaliə ilə məşğul olan işsiz sərxoşun həyata ünvanladığı ironiyalı nitqləri, bizə hardasa dövrünün mənfiliklərini digərlərindən daha tez görüb, satirik boyalarla insanlara təqdim edən C. Məmmədquluzadə qəhrəmanlarını xatırladır. Bu obrazın komik məziyyətləri daxilində müasir ruhlu problemlər diqqət mərkəzində dayanır, Ağası kimi rejim (sosializm, kapitalizm) fərqinin qanunları qarşısında (kompyuter, ingilis dili bilgisizliyindən iflic vəziyyətə düşən) aciz qalan, həyatındakı balansı qətiyyən tarazlaşdıra bilməyən insanların reallığa uyğun olan həyat təsvirini görürük.

   İkinci planlı, köməkçi personajlardan biri də Gülya (Fidan Axundova) obrazıdır. Filmin əvvəlində Gülyanın “Allah lənət eləsin xallı iblisə, onun üzündən gör neçə ailə dağıldı” deməyi, hadisələrin məntiqində mütləq 1988-1990-cı illərdə yenidənqurma siyasəti altında insanların normal həyat şəraitini pozan, müstəmləkəsi olan dövlətlərin suverenliyi ilə heç cür barışa bilmədiyindən yüzlərlə ailələri viran qoyan M.Qorbaçovun dağıdıcı siyasətinə işarə etdiyini duyuruq.

   Yaxınları tərəfindən unudulmuş, atılmış qonşular, əslində təklikdən, ətrafdakıların biganəliyindən yorularaq bir-birinə sığınmış, həyatı olduğundan da artıq dərk edən kamil insan obrazlarıdır. Muradın dostlarının simasında təpədən dırnağa qədər təhsillə yoğurulmuş, lakin onları qiymətləndirməyən zamanın girdabında çaş-baş qalan, müəyyən səbəblər üzündən öz yerini tapa bilməyən, məclislərdə Santa Klausa, Klouna çevrilmiş ali dərəcəli elm adamlarının həyatın sərt qanunları qarşısında acizləşən susqun obrazlarını görürük. Bu filmdə real həyat təcəssümü çoxluq təşkil edir. Daha çox kinoda tələb olunan həyat həqiqətlərinin təfsiri personajların dəqiq xarakterlərinin təhlilində özünü büruzə verir. Vaxtilə institutda dərs deyən, sonra isə taksi sürməklə dolanmağa məcbur olan Muradın təsadüfən müştəri qismində qarşılaşdığı, vaxtı ilə oxumadığına görə tənbeh etdiyi bunun üçün də maşınında onu təhqir edən tələbəsinin əxlaqsızlığı, gecələr insanlara hücum edib onları qətlə yetirən psixozların mövcudluğu, qızı yaşında olan xanımın (Aidənin) arxasınca sürünən dövlətli Məşədi İbadların prototipləri real həyat tipajlarının məcmusudur.

   Hər ehtimala qarşı onu da bildirim ki, Hollivud filmlərinin gözqamaşdıran effektlərinə öyrəşən, texnika əsrində vizual təsvirlərin bolluğunda olan tamaşaçının filmin mövzusunu köhnəlmiş adlandırması ilə razılaşmazdım. Çünki film bizi narahat edən bir sıra mövzuların təhlil obyektidir.

   Hadisələrin fonunda nəzərə çarpan mövzuların məziyyətlərini bizə çatdırmağa nail olan peşəkar operator (Kənan Məmmədov) işi isə şəhərin ümumi planlı, panoramlı görüntüləri, insanların həyat mövqelərini dəqiq səciyyələndirən xarakterik simalarının müxtəlif rakurslu çəkilişləri ilə filmin mövqeyini dəqiq müəyyənləşdirərək tamaşaçı ilə qəlbən həmsöhbət olmağı bacarıb.

   Kino qarşısındakına mətləbini anlatmağa çalışan səmimi həmsöhbət kimidir. “İstanbul reysi”ndə də səmimilik var. Burda biz görmək istədiklərimizi yox, gördüklərimizi gördük. Neyləmək olar ki, bu da həyat güzgüsü adlanan bəyaz çərçivədə gördüyümüz eyiblərimizdən biridir. Pis odur ki, kamil kinonun nəsihətlərinə biganə qalaraq çiyinlərimizi atıb keçək. Unutmayaq ki, küt baxışlar, atılan çiyinlər çoxaldıqca İstanbula olan reyslərə incik üz tutanlar da çoxalacaq. Əminəm ki, “İstanbul reysi”nin seyrçiləri bu haqda ciddi düşünəcəklər.

  

 

   Şəhla Bürcəliyeva,

   kinoşünas

  

   P.S. İyunun 10-da saat 19-da Heydər Əliyev Sarayında “İstanbul reysi” filminin premyerası olacaq.

 

   Mədəniyyət.- 2010.- 9 iyun.- S. 10.