Səhradakı cənnət - Qətər

 

   Qətərdə keçirilən Azərbaycan Mədəniyyəti Günləri bol təəssüratlar, iki qədim xalqın mədəniyyətinin bir-biri ilə tanışlığı ilə yadda qaldı

  

   Ötən il Bakının «İslam mədəniyyətinin paytaxtı» elan olunması zəngin Azərbaycan mədəniyyətinin müsəlman dünyasına daha yaxından tanıdılması, İslam mədəniyyətinin ən gözəl nümunələrinin ölkəmizdə nümayişi üçün geniş imkanlar yaratmışdı. Bakıdan sonra 2010-cu ildə «İslam mədəniyyətinin paytaxtı» missiyasını Qətər Dövlətinin paytaxtı Doha qəbul etdi. İslam dünyasının bir gözəl şəhəri estafeti digər ecazkar şəhərə verdi. Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi belə xoş bir vaxta təsadüf etdi.

  

   Mayın 31-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi 150 nəfərlik nümayəndə heyəti Heydər Əliyev adına Beynəlxalq Hava Limanından çarter reysi ilə Qətərə yola düşdü. Dövlət Rəqs Ansamblı, Qədim Musiqi Alətləri Ansamblı, Opera və Balet Teatrının “Leyli və Məcnun” operasının bütün heyəti və başqa incəsənət xadimlərimizin Qətərə səfəri bu ölkədə mədəniyyətimizi layiqincə təmsil etməyə əsas verirdi. Hər kəsin qəlbində bu qədim ölkəni görmək istəyi ilə yanaşı, Qətər mədəniyyəti ilə daha yaxından tanış olmaq, ən əsası, İslam mədəniyyətinin beşiklərindən biri olan Azərbaycanı bu ölkədə layiqincə təbliğ etmək arzusu vardı.

   Təxminən iki saat yarımdan sonra ərəb dünyasının ən gözəl şəhərlərindən olan Dohanın hava limanında yerə endik. Nümayəndə heyətimizi yüksək qonaqpərvərliklə ölkəmizin Qətərdəki səfirliyinin və Qətərin Mədəniyyət və İrs Nazirliyinin nümayəndələri qarşıladılar. Maşındakı termometr havanın hərarətinin 45 dərəcə olduğunu göstərəndə, Ərəbistan yarımadasında olduğumuzu anladıq...

   Nümayəndə heyətimiz Dohanın ən rahat, səliqə-sahmanı ilə insanı valeh edən hotellərindən biri olan “Mervebhotel”də yerləşdi.

  

   İlk tanışlıq, firavan insanlar və gözəl Doha gecələri

  

   Qətər Dövlətinin ərazisi 22 min kv. km, əhalisi təxminən 700 min nəfərdir. XVII əsrin əvvəllərindən Birinci Dünya müharibəsinədək Osmanlı imperiyasının tərkibində olan bu dövlət, 1971-ci il sentyabrın 1-də müstəqillik əldə edib. 70-ci illərdə Fars ölkələrində başlanan neft bumu Qətərdə də özünü göstərib. OPEK-in 11 üzvündən biri olan ölkədə gündəlik neft istehsalı təxminən 1 milyon bareldir. Qaz ehtiyatına görə isə Qətər dünyada 6-cı yeri tutur. Quruluşuna görə monarxiya dövləti olan bu ölkənin rəsmi dili ərəb dili olsa da, ingilis dili gündəlik işlək ünsiyyət vasitəsidir.

   Qətərin paytaxtı Doha gözəlliyi, ultramüasir göydələnləri ilə Fars körfəzinin ən cəlbedici şəhərlərindən biridir. Bu ölkədə həyat sakit, insanlar olduqca xoşbəxt və firavan görünür. Yerli əhali qara işlərdə demək olar ki, işləmir. Əhalinin böyük əksəriyyəti yalnız günorta saatlarına kimi işləyir. Günün ikinci yarısı küçədə insanlar gözə dəymir, ona görə də rəsmi görüşlər səhər saatlarına planlaşdırılır. İnsan əllərinin yaratdığı cənnətə yeganə kölgə salan qüsur isə şiddətli istilərdir...

  

   Köhnə və təzə Doha

  

   Doha köhnə və təzə şəhərdən ibarətdir. Köhnə şəhər mühafizəkardır. Mümkün qədər qədimliyini qoruyub saxlamağa çalışır. Təzə şəhər isə hər gün, hər saat yeniliyə can atır. Müasir, son dərəcə gözəl göydələnlər, piramida formalı binalar, geniş, səliqəli küçələri ilə göz oxşayır. Küçələrdə ən çox Amerika və Yaponiya istehsalı olan maşınlara rast gəlinir. Dohanın yolları qibtəolunacaq dərəcədə geniş və rahatdır. Bu yerdə «mədəniyyət yoldan başlayır» məsəlinin haqlı olduğunu bir daha yəqin edirsən. İşıqforlar yollarda elə qurulub ki, maşınlar dayanmadan hərəkət edir. Bu da Doha küçələrində tıxac probleminə birdəfəlik son qoyur. Gündüz saatlarında olduğu kimi, Dohanın nağılvari, əsrarəngiz, füsunkar gecə mənzərələri də insana zövq verir.

  

   Səhra ölkəsində “Venesiya”

  

   Qətər həm də iri ticarət mərkəzləri ilə diqqəti cəlb edir. Nahar yeməyindən sonra bizi şəhərin böyük, son dərəcə dəbdəbəli ticarət mərkəzlərindən birinə apardılar. Örtülü məkanda yerləşən ticarət mərkəzi kondisionerlərlə elə təmin olunub ki, bayırdakı dəhşətli isti qətiyyən hiss olunmur. Bu da alış-verişə çıxan insanların rahat gəzintisinə imkan yaradır. Dünyanın az qala hər yerində olduğu kimi bu ticarət mərkəzində də Çin malları üstünlük təşkil edir. Ancaq bu mallar daha keyfiyyətli və çeşidinə görə fərqlidir.

   Əcnəbi qonaqları, o cümlədən bizi ən çox təəccübləndirən ticarət mərkəzində yaradılan Venesiyanın balaca modeli oldu. Ticarət mərkəzinin ortasından insan təxəyyülünün, fantaziyasının və əməyinin bəhrəsi kimi axan çay, çayda üzən qayıqlar tamaşaçılarda xoş ovqat yaradır...

  

   Qətərin mətbəxi

  

   Qətərin mətbəxi ilə mətbəximiz arasında oxşar və fərqli cəhətlər var. Amma hər iki ölkənin şirniyyatları çox oxşardır. Yüksək peşəkarlıq və zövqlə hazırlanmış şirniyyatlar özünəməxsus ədviyyatları ilə yadda qalır. Bütün Şərq dünyasında olduğu kimi, Qətərdə də süfrənin şahı plov hesab olunur.

  

   Azərbaycan Mədəniyyəti Günlərinin rəsmi açılışı

  

   İyunun 1-də Dohanın Müstəqil Oğlanlar Kollecində Azərbaycan incəsənət ustalarının ilk çıxışı oldu. Qədim Musiqi Alətləri Ansamblı və Dövlət Rəqs Ansamblının kiçik kollektivinin ifasında xalq rəqsləri, mahnı və muğamlar alqışlarla qarşılandı. Konsertdən sonra məktəbin direktoru incəsənət ustalarımızın ifasından son dərəcə razılığını bildirdi və nazirliyin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyevaya xatirə hədiyyəsi təqdim etdi.

   Azərbaycan Mədəniyyəti Günlərinin rəsmi açılışı iyunun 2-də yerli vaxtla saat 20-də (Bakı vaxtilə 22-də) Doha şəhərindəki Qətər Milli Teatrının binasında başlandı. Qətərin mədəniyyət və irs naziri Həməd bin Abd əl-Aziz əl-Kəvari çıxış edərək Azərbaycan nümayəndə heyətini salamladı, Bakıda bir neçə dəfə olduğunu və bu səfərlər zamanı ölkəmizin mədəniyyəti və incəsənəti ilə yaxından tanış olmaqdan şərəf duyduğunu söylədi.

   Tədbirdə Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək 2009-cu ildə Bakının «İslam mədəniyyəti paytaxtı» elan olunması ilə bağlı ölkəmizdə bir sıra tədbirlərin keçirildiyini qeyd etdi. 2010-cu ildə isə Qətərin paytaxtı Doha şəhərinin “İslam mədəniyyəti paytaxtı” elan edilməsini, Bakını Doha şəhərini əvəz etməsini əlamətdar hadisə kimi qiymətləndirdi. Nazir Azərbaycanla Qətər arasındakı əlaqələrin hər iki ölkə başçısının qarşılıqlı səfərlərindən sonra xüsusi inkişaf mərhələsinə qədəm qoyduğunu bildirdi.

  

   “Leyli və Məcnun” operası ərəb ölkəsinin səhnəsində

  

   Mədəniyyət Günlərinin rəsmi açılışından sonra Opera və Balet Teatrının quruluşunda “Leyli və Məcnun” operası (baş rollarda xalq artistləri Nəzakət Teymurova və Mənsum İbrahimov) təqdim olundu. Qətər Milli Teatrının səhnəsində ilk dəfə operaya tamaşa edən qətərlilər Şərqin ilk operasını alqışlarla qarşıladılar. Tamaşadan sonra hər iki ölkənin nazirləri səhnə arxasında Azərbaycanın incəsənət ustaları ilə görüşdülər. Qətərli nazir Azərbaycan musiqisinə, mədəniyyətinə öz heyranlığını bildirərək xatırlatdı ki, Bakıda olarkən “Leyli və Məcnun”a baxıb və bu operanın Azərbaycan Mədəniyyəti Günlərində proqrama salınmasını şəxsən xahiş edib.

   Gözəl sənət əsəri nümayiş etdirdiklərinə görə, nazir incəsənət ustalarımıza bir daha öz təşəkkürünü bildirdi.

   İyunun 2-də nazir Ə.Qarayev bir sıra görüşlər keçirdi. Qətərin Mədəniyyət və İrs Nazirliyində iki ölkənin nazirləri arasında keçirilən görüşdə mədəni əlaqələrin gələcək inkişaf perspektivləri əsas müzakirə mövzusu oldu. Azərbaycan tərəfdən millət vəkili Aqil Abbasın və səfir Eldar Səlimovun da iştirak etdiyi görüşdə növbəti iki il üçün əməkdaşlıq proqramı müzakirə olundu.

   Ə.Qarayev qətərli həmkarını 2011-ci ildə Bakıda keçiriləcək Xalça Muzeyinin yeni binasının açılış mərasiminə, Şərq xalçalarına həsr olunan simpoziuma və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə düzənlənəcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət etdi.

   Qətərli nazir isə öz növbəsində Azərbaycan klassiklərinin əsərlərinin ərəb dilinə tərcümə olunmasını və həmin əsərlərin Qətər kitabxanalarına paylanmasının vacibliyini vurğuladı. Ə.Qarayev iki ay ərzində həmin əsərlərin onlara təqdim ediləcəyini bildirdi.

  

   Ərəb dünyasının görən gözü - “Əl-Cəzirə”

  

   Qətər dövlətinin məşhur “Əl-Cəzirə” televiziyası ərəb dünyasının CNN-i sayılır.

   İyunun 2-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Əl-Cəzirə” telekanalının baş direktorunun müavini Abdullah bin Tamir əl-Tani ilə görüşdü. Nazir Qarabağ problemindən söz açaraq, həqiqətlərin dünya ölkələrinə çatdırılmasının vacib olduğunu bildirdi. O, bəzi ölkələrdə bu mövzuda dəqiq məlumatların getmədiyinə təəssüfünü ifadə edərək xəbərlərin obyektiv şəkildə işıqlandırılması istəyini dilə gətirdi.

   Digər müzakirə mövzusu isə “Əl-Cəzirə” kanalının sənədli filmlər studiyası ilə nazirliyin “Salnamə” studiyası arasında əməkdaşlıqla bağlı oldu. Bu əməkdaşlıq nəticəsində Azərbaycan həqiqətləri haqqında sənədli filmin çəkilməsi təklifi irəli sürüldü.

   Nazir CNN, BBC kimi kanallarda Azərbaycanın turizm potensialını nümayiş etdirən reklam çarxlarının yayımlandığını diqqətə çatdırdı. Bu yöndə ölkəmizin “Əl-Cəzirə” kanalı ilə əməkdaşlıqda da maraqlı olduğunu qeyd etdi. Söhbət zamanı “Əl-Cəzirə” kanalında Azərbaycanın turizm imkanları ilə bağlı reklam çarxlarının da nümayiş olunması qərara alındı. Nazir telekanalın studiyaları ilə tanış oldu.

   Mədəniyyət Günləri çərçivəsində ölkəmizin Qətərdəki səfirliyi Respublika Günü münasibətilə rəsmi ziyafət verdi. Ziyafətdə Qətər rəsmiləri, xarici ölkələrin nümayəndələri iştirak edirdilər. Ölkəmizin Qətərdəki səfiri Eldar Səlimov iki ölkə arasında əlaqələrin son illər sürətlə inkişaf etdiyini dedi və bu əlaqələrin inkişafında ölkə rəhbərlərinin xüsusi rolundan danışdı. Ziyafətdə incəsənət ustalarımız konsert proqramı ilə çıxış etdilər.

   İyunun 3-də Doha şəhərində Qədim Musiqi Alətləri və Dövlət Rəqs ansambllarının birgə konsert proqramı oldu. Qətərlilər Azərbaycan musiqisinə və rəqslərinə valeh olduqlarını bir daha dilə gətirdilər.

   Hər hansı bir ölkənin tarixini bilmək üçün mütləq yolunu muzeydən salmalısan. Nümayəndə heyətimiz İslam Muzeyi və Silah Muzeyində oldu. Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektorunun müdiri Azadə Hüseynova qətərli həmkarları ilə muzey işi sahəsi ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə etdi.

   Qətərdən, əfsanəvi Doha şəhərindən, istiqanlı, qonaqpərvər qətərlilərdən xoş təəssüratlarla, yenidən mədəniyyət günlərində görüşmək arzusu ilə ayrıldıq. Çünki dilindən, dinindən, irqindən asılı olmayaraq bütün insanları əsl mədəniyyət, sənət birləşdirir.

  

 

   İntiqam Hümbətov,

   “Mədəniyyət” qəzetinin baş redaktoru,

   Bakı-Doha-Bakı

 

   Mədəniyyət.- 2010.- 9 iyun.- S. 2-8.