45 yaşlı uşaq dünyası

 

   Düz 45 ildir ki, bu ünvan sevimli balalara xidmət edir. Bura Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasıdır. 1965-ci ildən Mədəniyyət Nazirliyinin qərarı ilə M.Qorki adına kitabxananın bazası əsasında Dövlət Uşaq Kitabxanası yaradılıb. Kitabxananın Bakı şəhəri üzrə 3 filialı fəaliyyət göstərir. Hazırda kitabxana 8 şöbə, 2 oxu zalı və 4 bölmədən ibarətdir. Kitabxana ümumilikdə 19 minədək oxucuya xidmət göstərir. Kitab fondu 215 min nüsxədən çoxdur. Hər ay kitabxana fonduna yeni nəşrlər daxil olur.

  

   Ötən illərdə kitabxananın çox uğurları olub. Təkcə bu ilin əvvəlindən kitabxana 20-dən çox tədbir keçirib. Bu sırada «Fəxr edirəm ki, mən azərbaycanlıyam» adı altında keçirilən tədbiri, alman uşaq ədəbiyyatı sərgisini və s. sadalamaq olar. Kitabxanada 2010-cu ilin Ekologiya ili olması ilə əlaqədar bir sıra tədbirlər planı hazırlanıb ki, bunlardan bəziləri artıq həyata keçirilib. Müxtəlif ekoloji uşaq bayramları, marafonaksiyalar da bu qəbildəndir.

   Xaçmaz, Ağcabədi, Qusar, Oğuzs. rayonlarda ekologiya mövzusunda keçirilən kitab bayramları və bölgələrdəki kitabxanalara kitab hədiyyələrinin təqdim edilməsi də keçirilən tədbirlər sırasına aiddir.

   Bu günlərdə kitabxanada keçirilən ekoloji rəsm müsabiqəsi də uşaqların marağına səbəb olub. «Mən dünyanı çəkirəm, sizə ərməğan edirəm» adlı rəsm müsabiqəsində bir çox məktəbin şagirdləri iştirak edirlər, qalib gəlmiş uşaqlar kitabxana tərəfindən hədiyyələrlə mükafatlandırılıblar. Bu tədbirlərin yekunu olaraq kitabxana sentyabr ayında Bakı şəhərində ekoloji festival keçirəcək, həmçinin 6 məktəbdə ekoloji tədbirlər düzənlənəcək.

   Kitabxananın müdiri, Əməkdar mədəniyyət işcisi Fizurə Quliyeva 50 ildir bu sahədə çalışır. Kitabın uşaqları maarifləndirmək üçün ən gözəl üsul olduğunu qeyd edən direktor bildirdi ki, rayonlarda uşaq ədəbiyyatı azdır. O bildirdi ki, yaxın vaxtlarda 60 rayona müxtəlif kitablar hədiyyə edəcəklər: «Hazırkı dövrdə uşaqların az mütaliə etməsi məni çox narahat edir. Kitabın uşaqların tərbiyəsində xüsusi yeri olmalıdır». Direktor qeyd etdi ki, kitabxanaya gələn uşaqların marağını nəzərə alaraq burada kompyuter zalı fəaliyyət göstərir.

   Üç minə yaxın uşaq bu bölmədə kompyuterin əsaslarına yiyələnib. Direktor kitabxananın «Danışan kitablar» bölməsində müxtəlif əsərlər lentə alınmış disklərin olduğunu bildirdi. Ən xoş və ürək açan xəbərlərdən biri isə bu oldu: «Yeni dərs ilindən uşaqlar kitabxananı yeni ünvanda, daha geniş və gözəl görəcəklər. Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə S.Vurğun kücəsi, 88 ünvanında Respublika Uşaq Kitabxanasına yeni bina veriləcək. Bu xəbər bütün kitabxanada böyük canlanmaya və sevincə səbəb olub. Yəqin ki, sentyabır ayının 15-i kitabxananın açılışı olacaq».

   Sonda isə bir sualla Fizurə xanıma müraciət etdim: «Uşaq kitabxanasının əməkdaşı hansı xüsusiyyətləri özündə birləşdirməlidir?» Cavab belə oldu: «Kitabxana işcisinin özünün içində bir uşaq dünyası olmalıdır, uşağın psixologiyasını gözəl bilməlidir, pedaqogikadan anlayışı olmalıdır, ən nəhayət, uşaqları sevməlidir. Uşaqlarla işləmək çox çətindir və çox maraqlıdır. Yetər ki, bütün məktəblər bizimlə işləməyə həvəs göstərsinlər. Biz bu işə ürəyimizi qoymağa hazırıq».

  

 

   Lalə

 

   Mədəniyyət.- 2010.- 25 iyun.- S. 7.