Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu

 

   Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakıda beynəlxalq forum keçirilir

  

   İyunun 29-da Bakıda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Qloballaşma şəraitində mədəniyyətlərin dialoqumövzusunda forum işə başlayıb. Bakı Biznes Mərkəzində keçirilən forum görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub.

  

   Toplantı ötən ilin iyununda Moskvada keçirilmiş elmi konfransın məntiqi davamı kimi nəzərdə tutulan beynəlxalq forumdur.

   Çoxsaylı alim və ziyalıların iştirak etdikləri Bakı forumunu açan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov forumun əhəmiyyətini qeyd edərək xatırladıb ki, ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk illərindən qloballaşmaya doğru istiqamət götürərək, elmin inkişafına xüsusi diqqətlə yanaşıb. Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.

   Azərbaycan və Rusiya alimləri arasında əlaqələrdən danışan M.Kərimov qeyd edib ki, beynəlxalq elmi əlaqələr nəinki elmin inkişafına, habelə müasir dünyada mədəni dialoqun yaranmasına gətirib çıxarır: “Biz ümid edirik ki, bu meyillər dayanıqlı olacaq”.

   Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru, akademik Əbdüsəlim Hüseynov forumun təşkilinə görə ölkəsinin alimləri adından minnətdarlığını bildirərək, “Qloballaşma şəraitində mədəniyyətlərin dialoqumövzusu ilə bağlı fikirlərini söyləyib:Biz mədəniyyətlərimizin rəngarəngliyini dəyərləndiririk və qloballaşma şəraitində onu qoruyub saxlamağa çalışmalıyıq. Forum bu məsələləri müzakirə edib, həll yollarını tapmaq üçün yaxşı fürsətdir”.

   M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva XXI əsrdə mədəniyyətlərarası dialoq mövzusunun aktuallığını vurğulayıb: “XXI əsrdə humanitar, sosial, əxlaqi-mədəni və iqtisadi problemlərin həllində ümumi yanaşmalar tələb olunduğundan belə konfransların keçirilməsi çox aktualdır. Bu cür tədbirlərdə alimlər bir araya gələrək, cəmiyyətin inkişafına aid məsələlərlə bağlı konkret qərarlar axtarıb tapa bilərlər. Çünki dialoq yalnız insanların və xalqların bir-birinə etimadı olduğu halda mümkündür. İnsanın cəmiyyətdə yeri, dəyəri və fəlsəfənin bu kimi klassik suallarını cavablandırmaq hələ də aktualdır”.

   Forumda çıxış edən tanınmış rusiyalı alim, professor Yuri Pompeyev tədbirə dəvət olunduğuna görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. Alim ölkəmizdə milli mədəniyyətimizə olan münasibəti xüsusi qeyd edib. Rusiyalı alim bildirib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev 17 il əvvəl respublikada hakimiyyətə qayıdandan sonra ziyarət etdiyi ilk təşkilat Elmlər Akademiyası olmuşdu: “Bu böyük şəxsiyyət alimləri bir araya gətirdi. Çünki yalnız görkəmli siyasi xadimlər elmin cəmiyyətdəki mühüm əhəmiyyətini anlayırlar”.

   Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxışında nəzərə çatdırıb ki, yalnız mədəniyyətlərarası dialoq vasitəsilə xalqlar bir-birini daha yaxşı anlaya bilərlər.

   Çıxışlardan sonra forum işini bölmə iclasları ilə davam etdirib. İkigünlük forumun iştirakçıları Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı da əldə edəcəklər.

 

 

   Mədəniyyət.- 2010.- 30 iyun.- S. 3.