Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə birinci oldu

 

27 aprel - 2 may tarixlərində İtaliyanın Matera şəhərində keçirilən Vokalçıların 10-cu Roza Ponsel adına Beynəlxalq Müsabiqəsində azərbaycanlı vokalçı Cavid Səmədov 100 baldan 98 bal toplayaraq 1-ci yeri qazanıb. Musiqiçinin bildirdiyinə görə, müsabiqə 2 tur finaldan ibarət olub. Təşkilatçılar Cavidin ifasını Youtube-da izləyib, özləri onu taparaq, müsabiqəyə dəvət ediblər.

 

Müsabiqədə İtaliya, Azərbaycan, Malayziya, Yaponiya, Misir, Rusiya və s. ölkələr təmsil olunub. Qeyd edək ki, Cavid Səmədov Mədəniyyət Turizm Nazirliyinin maliyyə dəstəyi ilə 2008-2010-cu il müddətində İtaliyanın Ozimo şəhərində yerləşən Ozimo Opera Sənəti Akademiyasında hazırlıq kursunu keçir. Bu müddətdə dünyanın tanınmış opera sənəti ustalarından - Raina Kabaivanska, Vilyam Mateuzzi, Antonio Yuvarra, Serjio Seqalini, Lella Cuberli kimi sənətçilərdən ustad dərsləri alıb. Təhsil aldığı müddətdə akademiyanın təşkil etdiyi 8 konsertin hər birində iştirak edib.

  

 

Mədəniyyət.- 2010.- 5 may.- S. 3.