Sənətkar ömrü: Səid Rüstəmov

 

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simaları arasında Səid Rüstəmovun öz yeri, dəst-xətti var. Onun musiqi dili anlaşıqlı yaddaqalandır. Yüksək xalq sevgisindən yaranan bu musiqi insanların qəlbinə yol tapmağa, onların hisslərinə hakim kəsilməyə qadirdir. Professional musiqimizin, milli bəstəkarlıq məktəbinin banisi dahi Üzeyir bəydən dərs alan onun yolunu, musiqi irsini layiqincə davam etdirən Səid Rüstəmovun adı musiqi tariximizin səhifələrinə əbədi yazılıb. O, görkəmli bəstəkar olmaqla yanaşı, pedaqoq, dirijor, ictimai xadim kimi müstəsna xidmətləri ilə özünə əbədiyaşarlıq qazanıb.

 

Səid Əli oğlu Rüstəmov 1907-ci il mayın 12-də indi Ermənistan ərazisi olan tarixi yurdumuzda - İrəvanda anadan olub. Erkən yaşından atasını itirən Səid qardaşlarının himayəsində böyüyür. 1919-cu ildə erməni quldur dəstələrinin qırğınlarından qurtulmaq üçün ailəsi Gəncəyə, 1920-ci ildə isə Ağdaş rayonuna köçür. Ağdaşda yaşadığı illər balaca Səidin sənətə olan ilk maraq dövrüdür. Burada özfəaliyyət dərnəyində pianoda çalmağı öyrənir.

Tezliklə Rüstəmovlar ailəsi Bakıya köçür. Səid Müəllimlər Seminariyasına daxil olur, burada musiqi dərslərində truba çalmağı öyrənir. Həyatında baş verən maraqlı bir hadisə onu musiqi sənəti ilə demək olar ki, əbədi qovuşdurur. Bu xatirə bəstəkara həsr olunan radiooçerklərin birində öz dilindən belə səslənib...

Həm musiqi, həm rəsm dərslərini eyni məktəbdə keçirdik. Bir gün rəsm məşğələsindən çıxmışdım. Otaqların birindən gələn piano səsi məni valeh etdi. Ayaq saxlayıb qulaq asmağa başladım. Birdən müəllimlərdən biri mənə yaxınlaşdı dedi: üçün burada durmusan? Cavabında - eşitdiyim musiqi çox xoşuma gəlir, ona qulaq asıram - dedim. Müəllim mənim musiqiyə münasibətimi soruşdu. Mən bu sənətə olan böyük məhəbbətimi həm piano, həm truba alətlərində ifa edə bildiyimi söylədim. O, mənim başımı sığallayıb musiqi səsi gələn otağın qapısını açdı, əlimdən tutdu biz içəri daxil olduq. Piano arxasında mehriban çöhrəli bir kişi əyləşmişdi. Onlar salamlaşdılar. Sonra müəllim məni o şəxsə təqdim edib - bu uşağın yaxşı musiqi duyumu var - dedi. Beləliklə, onlar birlikdə mənim musiqi qabiliyyətimi, ifa bacarığımı yoxladılar. Nəhayət, mən başa düşdüm ki, bu mehriban şəxs Üzeyir bəydir. Beləliklə, Üzeyir bəy məni dərhal musiqi texnikumunun tar sinfinə göndərdi. O gündən həm mənə atalıq qayğısı göstərdi, həm sənət yolumu müəyyən etdi.

Səid Rüstəmov musiqi texnikumunda muğamları ustad tarzən Mənsur Mənsurovdan, not dərslərini isə dahi Üzeyir bəydən alır. O, istedadlı bacarıqlı bir tələbə kimi bütün müəllimlərin rəğbətini qazanır. 1929-cu ildə, yəni musiqi texnikumunu bitirməzdən bir il əvvəl həmin məktəbdə tar müəllimi kimi fəaliyyətə başlayır.

1930-cu ildən fəaliyyətə başlayan bəstəkarın ilk əsəri S.Vurğunun sözlərinə bəstələdiyi Pioner marşı olur.

1931-ci ildə dahi Üzeyir bəyin təşkil etdiyi ilk notlu xalq çalğı alətləri orkestri Səid Rüstəmovun yaradıcılığında xüsusi rol oynayır. Üzeyir bəy onu orkestrə həm tarzən, həm konsertmeyster təyin edir. Gənc Səid burada dünya klassiklərinin əsərləri ilə tanış olur, özü bu üslubda əsərlər yazmağa başlayır. Bəstəkarın Bayatı-Kürd fantaziyası bu əsərlərindəndir. Yaxan düymələ Yadıma düşdü xalq mahnılarını ilk dəfə xalq çalğı alətləri orkestri üçün məhz S.Rüstəmov işləyib. O, 1935-ci ildən ömrünün sonuna qədər orkestrin bədii rəhbəri baş dirijoru olub. Bu illər ərzində orkestrin ifaçılıq imkanları xeyli genişlənmiş daha da təkmilləşmişdir.

Müxtəlif musiqi janrlarına müraciət edən S.Rüstəmovun əsərləri zaman, məkan baxımından köhnəlməyən, daim aktualdır. Mahnı S. Rüstəmov yaradıcılığının ən səciyyəvi janrıdır. Məzmun baxımından bu mahnılar çoxşaxəlidir. Belə ki, vətənpərvərlik, əmək- zəhmət, lirik-məhəbbət hisslərini ifadə edən bədii məzmun S.Rüstəmovun musiqisi ilə vəhdət təşkil edir. Bu mahnılardan Oxu, gözəl, Hardasan?, Həkim qız, Getmə-getmə, Haralısan?, Bənövşə, İntizar, Sürəyya, Sumqayıt, Yürüş marşı, Cəbhəyə, Qurban adına, Sənindir başqalarının adını çəkə bilərik. Bu nəğmələr Bülbül, Ş.Ələkbərova, R.Behbudov, G.Məmmədov, S.Qədimova bu kimi unudulmaz sənətkarlarımızın ifasında səslənərək sevilib, yaddaşlara həkk olunub bu gün ifaçıların repertuarında geniş yer tutur. Uşaqları unutmayan S. Rüstəmov onlar üçün bir neçə gözəl nəğmə bəstələyib.

Bəstəkarın yaradıcılığında instrumental əsərlər böyük yer tutur. Bu mənada yenə xalq çalğı alətləri orkestri üzərində dayanacağıq. Çünki S.Rüstəmov Azərbaycan süitası, Sevinc rəqsini digər əsərlərini məhz bu orkestr üçün yazmışdır.

Bir halda ki, bəstəkarın tar ilə xalq çalğı alətləri orkestri üçün yazdığı əsərini xatırladıq, onu da deməliyik ki, bu alət onun pedaqoji fəaliyyətində geniş yer tutur. Bəstəkar 1935-ci ildə Tar məktəbi adlı ilk tədris vəsaitini yazıb. Bu qiymətli əsər bir neçə dəfə nəşr olunub. Bütün ustad tarzənlər bu mənbəyə müraciət edib bugünkü nəsil ondan bəhrələnir.

S.Rüstəmovun yaradıcılığının mühüm bir istiqaməti var ki, bu bəstəkarın xalq musiqisinə münasibətidir. Yaradıcılığının ilk dövrlərindən xalq musiqisi ilə, folklorumuzla ciddi maraqlanan bəstəkar bu sahədə müstəsna xidmətlər göstərib. İlk dəfə aşıq musiqisi nümunələrini məhz S. Rüstəmov nota köçürmüşdü. Daha sonra - 1938-ci ildə ustad xanəndə Cabbar Qaryağdıoğlunun ifasından 50 xalq mahnısını nota salmışdır. Bundan əlavə 100 xalq mahnısı məcmuəsi, bir neçə mahnı rəqslərin orkestr üçün işlənməsi məhz S.Rüstəmov yaradıcılığına aiddir.

Milli musiqi xəzinəmizə gözəl incilər bəxş edən Xalq artisti, Dövlət mükafatı laureatı, professor S.Rüstəmovun geniş yaradıcılıq fəaliyyətinə onun ictimai xadim kimi xidmətləri daxildir. Bircə bunu demək kifayətdir ki, dahi Üzeyir bəyin vəfatından sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsi məhz S.Rüstəmova həvalə olunub (1949-1953-cü illər).

O, həyat yaradıcılığı ilə əbədiyaşar sənətkar ömrünə nail olmuşdur.

S.Rüstəmov 1983-cü il iyunun 10-da vəfat edib. Amma Azərbaycan musiqi sənəti tarixində o daim yaşayır. Çünki bəstəkarın adı həm xalq çalğı alətləri orkestri, həm əsərləri ilə qoşa çəkilir. Hələ neçə-neçə nəsillər böyük bəstəkarın yaradıcılıq irsindən dərs alıb, onun sənət çeşməsindən bəhrələnəcək.

 

 

Səadət Təhmirazqızı,

Musiqişünas

 

Mədəniyyət.- 2010.- 15 may.- S. 14.