Tariximizi yaşadan 101 otaq

 

Milli Azərbaycan Tarixi Muzeyinə gələnlər buranı həm də böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin evi kimi ziyarət edirlər

 

Dünya mədəniyyəti xəzinəsinə gözəl nümunələr bəxş edən Azərbaycan xalqı qədim və zəngin mədəniyyətə malikdir. Xalqımızın ulu keçmişini özündə yaşadan, bu tarixi yolu əks etdirən eksponat və materialların toplandığı ünvan isə Milli Azərbaycan Tarixi Muzeyidir. Bu il muzeyin yaradılmasının 90 ili tamam olur. Prezident İlham Əliyevin 16 mart 2010-cu il tarixli sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyi və Milli Elmlər Akademiyasına muzeyin yubileyinin keçirilməsi üçün birgə tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb. Zəngin tariximizi bir daha səhifələmək üçün yolumuzu bu ünvandan saldıq.

 

Muzeyin tarixçəsi

 

Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi bina vaxtilə Azərbaycanın məşhur neft milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin (1838-1924) mülkü olub. Tağıyev ailəsi, yaxın qohumları ilə birlikdə bu üçmərtəbəli, yüksək memarlıq zövqü ilə inşa edilmiş binada 18 il yaşayıb. 1895-ci ildə təməli qoyulan binanın inşası 7 il sürüb. 101 otaqdan ibarət imarətdə Tağıyevin ailəsi xoşbəxt günlərini keçirib. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovetləşməsindən sonra bir çox zəngin insanların mal-mülkləri kimi, Tağıyevin evi də müsadirə olunub. Böyük xeyriyyəçi min arzularla inşa etdirdiyi mülkünü tərk edərək ömrünün son illərini Mərdəkandakı bağ evində yaşamalı olub.

Tarixi binada isə Azərbaycan Xalq Maarif Komissarlığının sərəncamı ilə yaradılmış "Muzekskurs"un əsasında "Doğma diyarın tədris muzeyi" təşkil edilib. 1921-ci ildən Azərbaycan Dövlət Muzeyi, 1937-ci ildən SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının, 1945-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının tərkibində Azərbaycan Tarixi Muzeyi kimi fəaliyyət göstərib. 2004-cü ildə muzeyə indiki status - Milli Azərbaycan Tarixi Muzeyi adı verilib.

Uzun illər fəaliyyət göstərən binada ciddi təmir-bərpa işləri aparılmamışdı. 2005-ci ildə muzeyə baş çəkən prezident İlham Əliyev binanın tamamilə yenidən qurulması, əsaslı təmir-bərpası barədə göstəriş verdi. Xaricdən bərpaçı mütəxəssislərin də dəvət olunduğu genişmiqyaslı iş üç ilə yaxın sürdü və nəhayət, muzey möhtəşəm interyeri ilə ziyarətçilərin üzünə açıldı.

Muzeyin 90 illik yubileyi ilə bağlı tədbirlər bir neçə aydır ki, davam edir. Təntənəli yubiley tədbiri isə payızda keçiriləcək. İlin sonunda muzeydə beynəlxalq konfransın keçirilməsi də nəzərdə tutulur.

 

Zəngin ekspozisiya zalları

 

Muzeydə Azərbaycan tarixinin bütün dövrlərini əks etdirən ekspozisiya zallarında 300 minədək eksponat toplanılıb. Daş dövrü, orta əsrlər və antik dövrə aid əşyalar muzeyin qiymətli eksponatları sırasındadır. Azərbaycan ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şivanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi-mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir.

Qeyd edək ki, muzey həm də Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda elmi-tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir. Müəssisənin elmi işlər üzrə direktor müavini Nərgiz Əliyevanın sözlərinə görə, burada Azərbaycan tarixinə, arxeologiya və etnoqrafiyasına dair geniş tədqiqat işləri aparılır, aspirant və dissertantlar çalışır. Son illər muzeyə ayrılan maliyyə (o cümlədən Prezidentin Ehtiyat Fondundan) vəsaiti hesabına yeni eksponatlar alınıb. Muzeyin Alqı komissiyasının sədri Məhfuzə Zeynalova bildirir ki, yeni əşyaların alınması müvafiq qaydalar əsasında həyata keçirilir: Qiymətli əşyaları əsasən əhalidən alırıq. Qiyməti mütəxəssislərdən ibarət komissiyada müəyyən edilir və alqı qarşılıqlı razılaşma əsasında gerçəkləşir. Məsələn, ötən il 1712 ədəd saxlanma vahidi təşkil edən yeni materiallar almışıq.

Qeyd edək ki, muzeydə eksponatların vəziyyətinə ciddi diqqət göstərlir. Ekspozisiyalarda olan parça materialları və xalçalar xarab olmasın deyə yarım ildən bir yenisi ilə əvəz edilir.

Muzeyin birinci zalında Azərbaycanın kosmosdan çəkilmiş xəritəsi diqqəti cəlb edir. Xəritədə Azərbaycanın ərazisi, əhalisi, relyefi, florası, faunası, faydalı qazıntıları və s. barədə məlumatlar var. Buraya gələnlər elektron gidlərin köməyi ilə Azərbaycan, rus və ingilis dillərində ölkəmiz haqqında ətraflı informasiya ala bilərlər. Böyük ekranda və monitorda kinofilmlərə baxmaq olar.

Xəritədən sağ tərəfdəki paneldə tariximizin ayrı-ayrı dövrlərini tamaşaçıların diqqətinə çatdırmaq üçün vitrinlərdə istifadə olunan rəng çalarları müəyyən məna kəsb edir. Tarixi dövrlərin rənglərlə təsnifatı planından göründüyü kimi, hər bir tarixi dövr müxtəlif rənglərlə nəzərə çatdırılır.

Ekspozisiyada şüşəli vitrinlər və şkaflar İtaliyadan gətirilib. Burada Daş dövrünə, Paleolit, Neolit, Eneolt, Tunc və Dəmir dövrlərinə aid eksponatlar (çaxmaqdaşı və dəvəgözü, əmək alətləri, gil qablar, tunc qılınc və xəncərlər, antik sikkələr, qadın bəzək əşyaları və s.) vitrinlərdə yerləşdirilib. Əvvəlkindən fərqli olaraq, yeni qurulmuş ekspozisiyada Azərbaycan-Türk İslam mədəniyyəti nümunələri nümayiş etdirilir. Zalda qoyulmuş miniatür nümunələri Orta əsrlərdə bu sənətin ölkəmizdə çiçəkləndiyini sübut edir. Azərbaycanda İslam dinin yayılmasına aid materialları, əlyazmaları da zalda görmək mümkündür.

 

Yeni tariximiz Avropa zalında nümayiş olunur

 

Muzeyin 2-ci mərtəbəsindəki Qərb (Avropa) zalında Azərbaycanın xanlıqlar dövründən (XVIII əsr) başlanan yeni tarixinə dair ekspozisiya yerləşib. Qeyd edək ki, vaxtilə H.Z.Tağıyev Avropadan gələn qonaqlarını məhz bu zalda qəbul edərmiş. Xanlıqlar dövrünə aid müxtəlif eksponatlar, şəhər-qalaların rəmzi açarları, sənədlər, geyimlər, müqavilələr, dövrü əks etdirən şəkillər maraq doğurur. Burada Azərbaycan xanlıqlarının bayraqları, rəmzləri və çar Rusiyası işğalı dövrünə (1801-1828) aid materiallar, həmçinin dövrün etnoqrafik materialları - xalça məmulatları, milli geyim, məişət əşyaları və s. nümayiş olunur.

Sonrakı zallarda Azərbaycanda sənaye, neft, nəqliyyat, din, mədəniyyətin inkişafı ilə bağlı eksponatlar yerləşdirilib. Digər bir ekspozisiya Azərbaycan tarixinin xronoloji ardıcıllığı əsasında ictimai-siyasi hərəkatlar, I Dünya müharibəsi və inqilabi hərəkatla bağlı materiallarla davam etdirilir. Muzeyin bu hissəsində Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı materiallar da öz əksini tapıb. Azərbaycanın istiqlalına köməyə gəlmiş türk (Osmanlı) ordusuna və Azərbaycan milli ordusuna aid geyimlər, silahlar, fotolar və s. tariximizin bu dövrünü ziyarətçilərə təqdim edir. Muzeydə Azərbaycanın sovet tarixinə dair bölmələr də var. Müstəqil Azərbaycan dövlətinin qurucusu, böyük öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı xüsusi guşə də yaradılıb.

 

Milyonçunun özünə qalan 8 otaq

 

Muzeydə diqqətçəkən faktlardan biri də burada əsaslı təmir-bərpadan sonra prezident İlham Əliyevin təşəbbüsü ilə H.Z.Tağıyevin yeni memorial ev-muzeyinin yaradılmasıdır. Əvvəllər muzeydə bunun üçün yalnız bir otaq (Tağıyevin iş otağı) ayrılmışdı və müəyyən əşyalar, mebel və s. saxlanılırdı.

İndi isə böyük xeyriyyəçinin ailə fotoalbomu əsasında 8 otağı və ona məxsus əşya və mebelləri bərpa edilərək, əvvəlki görkəminə qaytarılıb. H.Z.Tağıyevin əşya və mebellərindən - yazı stolu və kreslosu, stolüstü lampası, royal və stulu, səkkizguşəli stol, iki şkaflı divan, tablolar, heykəllər, xalçalar, güldanlar, şamdanlar, çilçıraqlar və s. bərpa olunaraq öz yerlərində yerləşdirilib. Burada bir sıra maraqlı eksponatlar var. Yemək masası üzərinə qoyulan qablar H.Z.Tağıyevin qızının nişan mərasimində Buxara əmiri tərəfindən hədiyyə verilib. Digər qablar isə təmirdən sonra milyonçunun qohumları tərəfindən muzeyə bağışlanıb. Mesenatın istirahət otağında o dövrdə istifadə olunan və sonradan bərpa olunan bilyard masası qoyulub. Muzeydə H.Z.Tağıyevin həyat və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, məşhur xeyriyyəçiyə məxsus qiymətli əşyalar qorunur.

Manaf Süleymanovun Eşitdiklərim, oxuduqlarım, gördüklərim kitabında milyonçu Tağıyev deyir: Vaxtımın çoxunu xalqımın gələcək xoşbəxtliyi üçün onların müxtəlif məsələləri ilə məşğul olmaqla keçirməkdən xoşum gəlir. Məşhur milyonçu həyatda olmasa da, xalq yenə onun əməllərindən bəhrələnir. Bu gün tariximiz xalqımızın savadlanması və rifahı yolunda sərmaylər qoyan Tağıyevin ev-mülkünə etibar olunub. Və bu binaya üz tutanlar dönə-dönə həm də öz əməlləri ilə xatırlanmağa layiq olan Zeynalabdin Tağıyevi yad edirlər.

 

 

Mehparə Sultanova

 

Mədəniyyət.- 2010.- 12 may.- S. 7.