18 may Beynəlxalq Muzeylər günüdür

 

    Beynəlxalq Muzeylər Şurasının (İCOM) 1977-ci ildə qəbul etdiyi qərara əsasən, 18 may Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Bu gün qeyd olunduğu hər bir ölkədə ictimaiyyətin diqqətini mədəni irsə, muzeylərin vəziyyətinə, bu sahədə mövcud olan problemlərə cəlb etmək üçün əlamətdar vəsilədir.

  

   Dünyada qədim eksponatların və şəxsi kolleksiyaların, nadir əşyaların mühafizə edildiyi Vaşinqton Milli İncəsənət Qalereyası, Nyu-York Metropoliten Muzeyi, Venesiya Akademiya Qalereyası, Drezden Şəkil Qalereyası, Moskva Tretyakov Qalereyası, Sankt-Peterburqda Dövlət Ermitajı kimi məşhur muzeylər fəaliyyət göstərir.

   Azərbaycana gəlincə, ölkəmizdə ilk muzey 1919-cu ildə Xalq Cümhuriyyəti dövründə parlamentin binasında (İstiqlal Muzeyi) fəaliyyətə başlayıb, sonrakı illərdə Azərbaycan Dövlət Muzeyi (indiki Milli Azərbaycan Tarixi Muzeyi), ayrı-ayrı sahələr üzrə muzey-fondlar, rayonlarda tarix-diyarşünaslıq muzeyləri və s. təşkil edilib.

   Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektorunun müdiri Azadə Hüseynovanın sözlərinə görə, hazırda ölkədə 203 muzey fəaliyyət göstərir. Bunlardan Bakı şəhəri üzrə 22 muzey, rayonlar üzrə 181 muzey var: «Bunlar müxtəlif profilli muzeylərdir: tarix və tarix-diyarşünaslıq, incəsənət və ədəbiyyat, elm, siyasət, mədəniyyət və incəsənət xadimlərinin memorial, hərbi-vətənpərvərlik və döyüş şöhrəti muzeyləri... Son illər regionlarda Heydər Əliyev Muzeyləri yaradılır ki, bu mədəniyyət ocaqları da böyük öndərin irsinin öyrənilməsinə, onun ideyalarının təbliğinə və gələcək nəsillərə çatdırılmasına xidmət edir».

   Sektor müdiri bildirdi ki, Beynəlxalq Muzeylər günü hər il dünyada müxtəlif mövzulara həsr olunmuş tədbirlərlə qeyd olunur: «Builki tədbirlər «Muzeylər - sosial harmoniya» mövzusu üzrə keçirlir. Respublikanın bütün muzeylərində bu günün və mövzunun ətrafında müxtəlif kütləvi tədbirlər, sərgilər, təmir olunmuş muzeylərdə yeni ekspozisiyaların açılış mərasimləri keçirilir.

   Ölkə prezidenti İlham Əliyevin muzeylərin inkişafı və yeni muzeylərin təşkilinə diqqət ayırdığını vurğulayan sektor mudiri 2006-ci ildən bəri bu sahədə 7 sərəncamın imzalandığını dedi: «Bu sırada Neft Muzeyi, Müasir İncəsənət Muzeyi, İdman və Olimpiya Hərəkatı Muzeyi barədə sərəncamları göstərmək olar. Prezidentin 22 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq olunan «Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi Tədbirlər Planı» ölkəmizdə muzey işinin inkişafına yeni imkanlar açır. Qeyd edim ki, 2009-cu il ərzində Sumqayıt, Balakən, Qusar, Xızı tarix-diyarşünaslıq muzeylərində, Lənkəran şəhərində Həzi Aslanovun ev muzeyində, Salyan rayon Heydər Əliyev muzeyində Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bədii-tərtibat işləri aparılıb. Hazırda Ağsu və İmişli tarix-diyarşünaslıq muzeylərində nazirlik tərəfindən bədii-tərtibat işləri aparılmaqdadır».

 

  İşğal və qarətə məruz qalmış muzeylərimiz

  

   İşğal altında olan rayonlarımızda vaxtilə ümumilikdə 100 mindən artıq əşyanın toplandığı 22 muzey fəaliyyət göstərib. Onların hamısı erməni silahlı qüvvələri tərəfindən talan edilib. Ümumilikdə işğal olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalıb. Qarət edilmiş muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər eksponatlar vardı.

   Azadə xanım bildirdi ki, təkcə Şuşa şəhərində 8 muzey fəaliyyət göstərirdi: «Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəyovun ev-muzeyi, vokal sənətimizin əsasını qoyan Bülbülün memorial muzeyi, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı, Ağdam Tarix-Diyarşünaslıq Muzeyi, Qubadlı Tarix-Diyarşünaslıq Muzeyi, Zəngilan Tarix-Diyarşünaslıq Muzeyi, görkəmli musiqiçi Qurban Primovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi şəhərin bombalanması zamanı tamamilə yerlə-yeksan olub».

   Onu da qeyd edək ki, Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin tərkib hissəsi olduğundan işğal altındakı ərazilərimizdə qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir. Azərbaycanın işğal olunmuş ərazilərində erməni qəsbkarlarının törətdikləri vandalizm «Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında» 1954-cü il Haaqa Konvensiyasına, «Arxeoloji irsin mühafizəsi haqqında» 1992-ci il Avropa Konvensiyasına, «Dünya mədəni və təbii irsin mühafizəsi haqqında» UNESCO-nun 1972-ci il konvensiyasına ziddir.

  

   Beynəlxalq əlaqələr

  

   Son illər Azərbaycanda fəaliyyət göstərən muzeylərinin beynəlxalq muzeylərlə də əlaqələri genişlənir, muzey işi sahəsində müxtəlif beynəlxalq sənədlər imzalanır. Azadə xanımın sözlərinə görə, muzeylər təmir olunarkən və ya ekspozisiya yeniləşərkən beynəlxalq normalara uyğun olmasına çalışılır: «Muzey əməkdaşlarımız tədricən xarici muzeylərə ezam olunur və burada təcrübə mübadiləsi keçirlər. Çalışırıq ki, beynəlxalq normaları Azərbaycan muzeylərində tətbiq edək. Azərbaycan Dövlət İncəsənət Muzeyində təmirdən sonra belə bir təcrübənin tətbiq edilmə imkanı yaranıb. Bundan başqa, Bakıda yeni yaradılmış Müasir İncəsənət Muzeyi tərtibat səviyyəsinə, digər imkanlarına görə dünyada fəaliyyət göstərən ən məşhur müasir incəsənət muzeyləri ilə bir sırada dayanır».

   Sektor müdiri dünyanın tanınmış muzeylərində Azərbaycan mədəniyyətinə dair guşələrin fəaliyyət göstərdiyini də bildirdi: «Pakistanın İslamabad şəhərinin Etnoqrafiya Muzeyində, Şərqi Qazaxıstan Vilayəti Arxitektura - Etnoqrafiya və Təbiət-Landşaft Qoruq-Muzeyində, Özbəkistanın Nizami Gəncəvi adına Daşkənd Pedaqoji Universitetinin Nizami Gəncəvi Muzeyində, Çinin Folklor, Qadın və Uşaq Muzeyində və digərlərində Azərbaycana aid guşələr yaradılıb. Çalışırıq ki, dünyanın aparıcı kolleksiyalarını Azərbaycanda nümayiş etdirək. 2009-cu ildə Londonun Viktoriya və Albert Muzeyinin kolleksiyasından Mərkəzi Asiya örtükləri sərgisi təşkil olundu. Bu istiqamətdə Azərbaycan muzeyləri bir sıra beynəlxalq layihələrə imza atır və bu da beynəlxalq əlaqələrimizi genişləndirir».

   Son olaraq qeyd edək ki, 2009-cu ildə ölkəmizdə muzeylərə gələn tamaşaçıların sayı 1,5 milyona yaxın olub. Muzey fondlarında saxlanılan maddi-mədəniyyət nümunələrinin sayı artıq 1 milyonu keçib. Muzey işçilərinin sayı 2 min nəfərdən artıqdır.

  

 

  Mehparə

 

  Mədəniyyət.- 2010.- 14 may.- S. 5.