“Salnamə” sənədli filmlərin çəkilişlərini davam etdirir

 

“Salnamə” studiyası sovet dövründə yalnız sənədli filmlərin istehsalı ilə məşğul olub. Ötən əsrin 80-ci illərindən bu yana Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr, Meydan hərəkatı, 20 Yanvar olayları “Salnamə” tərəfindən kinolentin yaddaşına köçürülüb. Bu gün studiyada istehsal artır, müxtəlif layihələr həyata keçirilir. Gələcəkdə studiyada bədii filmlərin istehsalı da planlaşdırılır.   

 

“Şimalda cənub küləyi”

 

“Salnamə” studiyası Sankt-Peterburqun “Lennauçfilm” kinostudiyası ilə birgə “Şimalda cənub küləyi” sənədli filminin çəkilişlərinə başlayıb. Film Böyük Vətən müharibəsində ilk «Lenin» ordeni almış azərbaycanlı qəhrəman Hüseynbala Əliyev haqqındadır. Filmin rejissoru Tahir Əliyevin verdiyi məlumata görə, artıq ekran əsərinin Sankt-Peterburqda müəyyən hissələri çəkilib: “İndi Azərbaycandakı çəkilişlərə başlamışıq. İyun ayında yenidən Rusiya çəkilişlərini davam etdirəcəyik. Filmdə Hüseynbala Əliyevin qəhrəmanlıqları ilə yanaşı, həm onun niyə Sovet İttifaqı Qəhrəmanı adını almaması da açıqlanacaq”. Faşizm üzərində Qələbənin 65 illiyinə həsr olunmuş 26 dəqiqəlik filmin ssenari müəllifi Valentina Qurkalenko, operatoru Maksim Konavalçuk prodüseri Böyükağa Məmmədovdur.

 

“Qarabağ qəhrəmanları” layihəsi

 

“Salnamə” studiyasında “Qarabağ qəhrəmanları” adı altında Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş 15 dəqiqəlik sənədli filmlərində istehsalına start verilib. İlkin olaraq dörd Milli Qəhrəman haqqında film istehsalata buraxılıb. “Koroğlu Rəhimov” filminin çəkilişləri artıq bitmək üzrədir. Filmin rejissoru Kəmalə Musayevanın sözlərinə görə, bu yaxınlarda filmin son səhnələrini çəkmək üşün Oğuz rayonuna yola düşəcəklər: “Oğuzdakı çəkilişlərdən sonra filmin səsləndirilməsi işi başlayacaq. İyun ayında film hazır olacaq”. “Koroğlu Rəhimov” filminin ssenari müəllifi Rəfiqə Budaqova, operatoru Rüfət Süleymanovdur.

İkinci film Milli Qəhrəman Şirin Mirzəyevdən bəhs edir. Filmin rejissoru Vüsalə Mirzəyeva bildirdi ki, “Şirin Mirzəyev” filminin çəkilişləri artıq tamamlanıb: “Film montaj prosesindədir. Şirin Mirzəyevin qəhrəmanlığı üç nəslin - uşağın, gəncin, ağsaqqalın dili ilə verilib”. Filmin ssenari müəllifi Fehruz Şamıyev, operatoru Elşən Həsənoğludur.

“Albert Aqarunov” filminin ssenari müəllifi rejissoru Yefim Abramovdur. Onun bildirdiyinə görə, Milli Qəhrəman Albert Aqarunov haqqında film hazırlıq dövründədir bu yaxınlarda çəkilişlərinə başlanacaq. Filmin operatoru Elşən Həsənoğludur.

“Qarabağ qəhrəmanları” layihəsi çərçivəsində dördüncü film Məzahir Rüstəmovun keçdiyi döyüş yolunu əks etdirir. Ekran əsərinin rejissoru Tofiq Məmmədov filmin hazırlıq işlərinin bitdiyini deyir: “Bu ayın son on günündə filmin Bakıdakı çəkilişləri qurtaracaq. İyun ayında Məzahir Rüstəmovun döyüşdüyü Gədəbəy rayonunda çəkilşlər davam etdiriləcək”. Filmin ssenari müəllifi İ.Hacılı, operatoru E.Rüstəmovdur. Layihənin icraçı prodüseri Nicat Hüseynovun bildirdiyinə görə, bu filmlər tədris ocaqları telekanallar üçün nəzərdə tutulub.

 

“Qara bayram”

 

“Salnamə” studiyasında istehsal olunan “Qara bayram” filminin çəkilişlərinin isə bədii hissəsi artıq yekunlaşmaq üzrədir. Mehriban Ələkbərzadənin Nadir Bədəlovun ssenarisi əsasında quruluş verdiyi tarixi sənədli film üç hissədən ibarət olacaq. Filmin prodüseri Böyükağa Məmmədov, quruluşçu operatoru Adil Abbasov, quruluşçu rəssamı Əziz Məmmədovdur. Filmdə Məmməd Əmin Rəsulzadə obrazını İntiqam Soltan, Nəriman Nərimanov obrazını Bəxtiyar Şərifzadə yaradıb. 1918-ci ilin 31 mart soyqırımına həsr olunmuş sənədli ekran əsərində Ə.Topçubaşov, M.Əzizbəyov, S.Şaumyan obrazları yer alıb. Çəkilişlər isə Azərbaycanla yanaşı, Rusiya Türkiyədə aparılıb.

Filmdə tanınmış alimlərin söhbətləri yer alıb. Yaxın vaxtlarda filmin montaj işlərinin başlanması gözlənilir.

Qeyd edək ki, “Salnamə” studiyasında istehsal olunan “İz...Qala” sənədli filmi hazırda keçirilən Kann Beynəlxalq Kinofestivalının “Short Corner” bölməsində iştirak edir. “Təxəllüsü Mixaylo” filmi isə bir çox kinofestivalların mükafatlarını qazanıb.

 

 

İntiqam Hacılı

 

Mədəniyyət.- 2010.- 19 may.- S. 11.