Şair Fikrət Sadığın 80 illik yubileyi qeyd olundu

 

   Noyabrın 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə tanınmış şair Fikrət Sadığın anadan olmasının 80 illik yubileyi qeyd olundu.

   

   Tədbirdə şairin yaxınları, yazarlar və mədəniyyət xadimləri iştirak edirdi. Yubileyin aparıcısı AYB-nin katibi Rəşad Məcid yubilyarın Azərbaycan ədəbiyyatındakı xidmətlərindən qısa danışaraq sözü AYB sədri, Xalq yazıçısı Anara verdi. Anar çıxışında Fikrət Sadığı 60-cı illərdə Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirən şair kimi qiymətləndirdi.

   Baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev isə şairin 80 illik yubileyini müasir Azərbaycan poeziyasının bayramı adlandırdı və onunla bağlı xatirələrindən söz açdı.

   Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri, tanınmış şair Vaqif Bəhmənli də Fikrət Sadığın həyat və yaradıcılığından bəhs edərək onun həmişə gənclik ruhunda yazıb-yaradan bir qələm adamı olduğunu söylədi: “Zaman keçsə də Fikrət Sadığın şeirləri öz ruhunu itirmir. Onun yaradıcılığı daim bütün nəsilləri nəfəs-nəfəs izləyib və gənclərlə eyni addımlayıb”.

   V.Bəhmənli mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təbrik məktubunu yubilyara təqdim etdi.

   Tənqidçi Vaqif Yusifli F.Sadığın yaradıcılığı haqqında məruzə ilə çıxış etdi.

   Tədbirdə Türkiyə səfirliyinin nümayəndəsi səfir Hulusi Kılıçın təbrik məktubu oxundu.

   Daha sonra xalq şairləri, Fikrət Qoca, Nəriman Həsənzadə, Zəlimxan Yaqub yubilyarla bağlı maraqlı xatirələr söylədilər.

   Fikrət Sadığın oğlu Orxan Fikrətoğlu yubileyi təşkil edən Mədəniyyət və Turizm Nazirliyinə və AYB-yə təşəkkürünü bildirdi.

   Tədbirin sonunda bütün iştirakçılara minnətdarlığını bildirən Fikrət Sadıq bundan sonra da poeziyamızın inkişafı naminə əlindən gələni əsirgəməyəcəyini söylədi.

   Yubiley gecəsində Mələkxanım Əyyubovanın ifasında musiqi nömrələri səsləndi və qiraətçi Ağalar Bayramov şairin şeirlərindən nümunələr oxudu.

  

 

   İ.Hacılı

 

  Mədəniyyət.- 2010.- 10 noyabr.- S. 11.