Etnoqrafik müşahidələr: Talıstan kəndi

 

Azərbaycanda qədim adət-ənənələrin qorunub saxlandığı və etnoqrafik cəhətdən xüsusi maraq doğuran yaşayış məntəqələrindən biri də İsmayıllı rayonunun Talıstan kəndidir. Bu kənd İsmayıllı şəhəri yaxınlığında, dağ ətəyində səfalı bir yerdədir. Sərin bulaqları, sıx meşələri, təbii gözəlliyi ilə diqqəti cəlb edir.

Böyük Səməd Vurğun hələ 1935-ci ildə özünün Talıstan adlı poemasını qələmə alıb və bu yerlərin gözəlliyini tərənnüm edib:

Ormanlar içində durur Talıstan,

Ona bir baxışda vurulur insan.

Günəş bu yerlərdə qalxır atına,

Yüksəlir göylərin yeddi qatına.

Bu yurdun havası, suyu sərindir,

Keçdiyim dərələr göydən dərindir.

Əvvəllər kəndin adı Marraş olub, sonradan Talıstan adlandırılıb. Kənd bir neçə məhəllədən ibarətdir. Bu məhəllələrin içərisində Əbilli, Koxalı, Əhmədli, Dərəməhəllə, Yuxarı məhəllə, Aşağı məhəllə, Dəlləkli, Yolçulu məhəllələri kəndin ən böyük məhəllələri hesab edilir. Kəndin qəbiristanlıqlarındakı məzar daşlarının üstündəki daş kitabələr, nəbati, həndəsi, simvolik məna daşıyan təsvirlər, klassik şeirlərdən beytlər, ibrətamiz kəlamlar, Qurani-Kərimdən ayələr o qədər bacarıq məharətlə oyulub ki, bunların hər birini bir sənət əsəri , həmçinin qədim tarix hesab etmək olar. Bu maddi-mədəniyyət nümunələrinin ciddi arxeoloji araşdırmalara ehtiyacı vardır. Bu qəbiristanlıqlarda Talıstan camaatının böyük ehtiramla yad etdiyi müqəddəslər uyuyurlar. Həmin qəbirlər ziyarətgahlara çevrilib.

Talıstanda əhalinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq, çəltikçilik, arıçılıq, ipəkçilik olub, sonradan kənddə tütünçülük təsərrüfatı da yaradılıb. Kəndin əhalisi əkinçilikdə taxılçılığa, maldarlıq təsərrüfatında isə qoyunçuluğa daha çox üstünlük verib. Əhalinin qoyunçuluqla məşğul olan hissəsi yarımköçəri həyat tərzi sürüb, yayda sürülərini Babadağın ətəklərində yerləşən Səlimsoltan yaylağında, qışda isə Kürdəmir rayonunun qış yataqlarında bəsləyiblər.

Əvvəllər Talıstan kəndində böyük tut çəkilliklərinin olması ipəkçiliyin inkişafına zəmin yaradıb, əhalinin böyük əksəriyyəti baramaçılıqla məşğul olub. Talıstanda toxuculuq, sərraclıq, ağacişləmə, arabaçılıq sənətləri geniş yayılıb. Kənd sakinləri indi məşhur araba ustaları Cəlal Rəşidovu, Abdulhəlim Balakişiyevi, Bəhəl Rəşidovu yaxşı xatırlayırlar. Onlar həmçinin ev tikililərində ağac materiallarının, xış, boyunduruq, vəl kimi kənd təsərrüfatı alətlərinin hazırlanmasının mahir ustaları olublar. Sərrac Novruz Abbasovun düzəltdiyi yəhər yüyənlərin şöhrəti Talıstandan kənarda da məşhur idi.

Bütün Azərbaycanda olduğu kimi, burada da toy mərasimi bir neçə mərhələdən - qızbəyənmə, elçilik, nişan, paltarbiçmə, xınayaxdı, toy şənliyi gəlingörmədən ibarətdir.

Adətən qızı oğlanın valideynləri yaxın qohumları görüb bəyənər, sonra elçilik edilərdi. Adət üzrə elçilər şirniyyat, çay, qəndlə doldurulmuş zənbil bir xoruz aparmaqla elçiliyə gedərdilər. Elçiləri qarşılayan qız evi bu şeyləri evlərində müəyyən müddət saxlayar, lakin əl vurmazdılar. Bu həm sınaq müddəti adlanırdı. Həmin müddət ərzində qız evi oğlanın ailəsi haqqında məlumat toplayar, bu barədə yaxın qohumları ilə məsləhətləşərdilər. Əgər qız evində razılıq olardısa zənbil açılar, xoruz kəsilərdi. Razılıq olmadıqda isə oğlan evindən bir nəfəri çağırar, zənbil xoruzu geri qaytarardılar (Yəqin ki, xoruzunu qoltuğuna vermək məsəli buradan yaraıb).

Hər iki ailə arasında razılıq əldə edildikdən sonra nişan mərasimi həyata keçirilərdi. Nişan məclisi üçün oğlan evindən ərzaq göndərilər, qıza yaylıq nişan üzüyü, şirniyyat xonçası aparılardı. Gənclərin nişanlı olduğu müddətdə oğlan evindən qız evinə bayram günlərində (Ramazan, Qurban bayramları) bayramlıq xonçaları göndərilərdi. Qız evindən oğlan evinə xonça gətirilərdi.

Paltarbiçmə mərasimi qız evində keçirilirdi. Bu məclisin iştirakçıları yalnız qadınlar olurdular. Məclisin ərzaq şirniyyatını oğlan evi göndərərdi.

Məclis iştirakçılarına yemək verildikdən sonra oğlan evindən qız üçün gətirilən paltarlar zinət şeyləri nümayiş etdirilərdi. Bunu oğlan evinin nümayəndələrindən biri həyata keçirirdi. O, əvvəlcə parçalardan birini götürərək qayçı kəsmir deyər bununla da ona xələt verilməsinə işarə edərdi. Qızın anası həmin qadına xələt (hədiyyə, pul) verdikdən sonra paltarları oturanlara nümayiş etdirərdi. Qadın bu əşyaları nümayiş etdirərkən (məsələn, bu qızın sırğası) uca səslə çağırar, yerdə oturanlar isə Allah mübarək eləsin deyərək alqış edərdilər.

Qız üçün gətirilən hədiyyələr nümayiş etdirildikdən sonra valideynlər, qardaş-bacılar yaxın qohumlar üçün gətirilən hədiyyələr göstərilərdi. Bundan sonra məclisə dəvət olunan qadınlar öz hədiyyələrini, yaxud pul verərdilər. Qadın həmin hədiyyələri pulun miqdarını uca səslə elan edər subaylarınıza qismət olsun deyərdi. Hədiyyələrin arasında elə əşyalar da olurdu ki, qız bunları cehiz kimi ər evinə apara bilərdi. Bunların arasında xalça-palaz, süfrə, yorğan, döşək, yastıq, parça s. olurdu ki, bunu da cehizüstü adlandırırdılar. Məclisin sonunda evlərinə qayıdan qadınlara parçadan tikilmiş kiçik torbalarda oğlan evindən göndərilmiş şirniyyatlar paylanardı.

Xınayaxdı mərasimi qız evində keçirilən qadın məclisidir. Adətən həmin məclisdə cavan qız gəlinlər iştirak edirdilər. Çox zaman xınayaxdı məclisini musiqiçilərin iştirakı ilə keçirirdilər. Lakin buradakı musiqiçilər mütləq qadınlardan olmalı idi. Xınayaxdı məclisində qız gəlinlər şənlənər, yemək yeyər, sonra isə oğlan evindən qız evinə göndərilən xınadan əllərinə yaxardılar. Xınayaxdı məclisində qız üçün hədiyyələr yığılardı. Xınayaxdı məclisində gətirilən xınanı oğlan evinin nümayəndəsi böyük bir qabda isladar gəlinin, o cümlədən iştirakçıların əllərinə yaxardı. Xınanı isladan nümayəndəyə qız evindən hədiyyə bağışlanardı. İsladılmış xınanın bir hissəsi oğlan evinə göndərilər, orada da hər kəs əlinə xına yaxardı.

Toyun sonrakı mərhələsi gəlinin bəy evinə aparılması idi. Bu zaman oğlan evinin ağsaqqalları qız evinə gələr, toy üçün lazım olan ərzaq şirniyyatın miqdarını müəyyənləşdirərdilər. Bu kəsəmət adlandırılırdı. Çox zaman kəsəmət kəsilərkən oğlan evi tələb olunan ərzaq şirniyyatın dəyərini pulla qız evinə ödəyir, qız evi bu ərzaqların alınmasını öz öhdəsinə götürürdü. Toy mərasimi toya dəvətlə başlanırdı. Dəvəti çağırışçı edirdi. Adətən çağırışçını uca səsli adamlardan seçirdilər. Çağırışçı qoluna qırmızı yaylıq bağlayaraq bütün kəndi gəzər toyun tarixini çatdırardı. Toy sahibinə qohum olan dəvətlilər isə çağırışçıya pul verib qoluna kəlağayıdan xələt bağlayar, yaxud dəsmal, köynək, corab hədiyyə edərdilər.

Toyun başlamasını isə musiqiçilər kəndin uca bir yerinə çıxıb musiqi ifa etməklə bildirirdilər.

Gəlinin bəy evinə aparılması ərəfəsində icra edilən adətlər maraq doğurur. Gəlini bəzəyən qadın onun örpəyinin altından başına bir hədiyyə qoyurdu. Bu hədiyyə gəlinin belini qırmızı yaylıqla bağlayana (bəyin qardaşı, atası, dayısı) çatırdı. Adətə görə, gəlinin belini bağlayan şəxs hədiyyəni götürər, əvəzində isə pul verərdi. Gəlini evdən çıxaran zaman başının üstündə şirin çörəyi kəsib iki yerə bölür, bir hissəsini gəlinin qoltuğuna verir, bir hissəsini isə evdə saxlayırdılar. Bu, gəlinə sənin payın verildi, ruzini ər evində qazanmalısan məna yozumu kəsb edirdi.

Gəlin bəyin evinə daxil olarkən su ilə bağlı ayin icra edərdi. Bəzi bölgələrdən fərqli olaraq Talıstanda qapının kandarına saxsı əşya yox, su ilə dolu qab qoyulardı. Əgər başqa bölgələrdə gəlin saxsıdan olan əşyanı ayağı ilə vurub sındırırdısa, bundan fərqli olaraq Talıstanda gəlin kandardakı su ilə dolu qabı ayağı ilə vurub dağıtmalı, bununla da öz hökmünü göstərməli idi. Gəlin evə daxil olanda isə onu qayınatası qarşılayar, imkanı daxilində ona ya inək, qoyun və yaxud bağındakı bar ağaclarının birindən hədiyyə boyun olardı. Gəlinin qucağına oğlan uşağını əyləşdirməklə çoxlu oğlan övladı olmasını arzulayardılar.

Gəlinin cehizinə sandıq, yorğan-döşək, xalça-palaz, yastıq, qab-qacaq, hətta inək, qoyun da daxil idi. Cehizlə bərabər bəy evinə xonçalarda yağlı şirin fətir göndərilərdi. Fətir üç gündən sonra ər evində keçirilən gəlin görməsi mərasimində kəsilib süfrəyə qoyulurdu. Bu məclisdə də fətiri doğrayana hədiyyə verilərdi. 40 gündən sonra gəlinin atası evi onu əri və digər ailə üzvləri ilə birlikdə qonaq çağırıb ayaqaçdı edər və hədiyyələrlə yola salardı.

Talıstandakı toy məclislərini musiqisiz və aşıqsız təsəvvür etmək qeyri-mümkündür. Musiqi və aşıq məclisi ilə keçən toylar hətta üç gün davam edərdi. Sonradan yaranmış bəzi adətlər istisna olmaqla Talıstanda toy mərasimləri indi də ənənəvi toylar kimi keçirilir.

 

Solmaz Məhərrəmova,

Adilxan Bayramov

 

Mədəniyyət.- 2010.- 12 noyabr.- S. 13.