Mədəniyyət mübadiləsi hər zaman maraq doğurur

 

   Noyabrın 11-də Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində “Dramaturgiya” və “Plastika” mövzusunda iki seminar keçirildi.

  

   “Sərhədsiz teatr” beynəlxalq təşkilatının təsisçisi, Amerikanın Çikaqo Universitetinin incəsənət şöbəsində dərs deyən Rut Maqraff Akademik Milli Dram Teatrında dramaturgiya mövzusunda seminar keçdi. Xanım Rut çıxışında bildirdi ki, 20 ildən artıqdır ki, bu sahədə çalışır və bir çox layihələrin müəllifidir. “Yazıçılıq maye kimidir, onu istənilən formaya salmaq olar” - deyən xanım Rut özününVampir” operasından danışdı: “Bu əsəri hazırlayarkən düşündüm ki, qəhrəmanlarım elə emosional həddə, vəziyyətə gəlsinlər ki, bu onların səslərində hiss olunsun”.

   Bakı Beynəlxalq Teatr Konfransı günlərində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasına baxdığını və bu sənət əsərinə valeh olduğunu bildirən Rut Maqraff operada ifaçıların emosional vəziyyətinin şahidi olduğunu bildirdiilk milli operamızı fantastika adlandırdı.

   Dramaturq dünyanın bir çox ölkələrində nümayiş olunan “7” adlı əsərindən də danışdı. “Dünyanın 7 məşhur qadınının monoloqundan hazırlanmış və 7 dramaturq qadının yazdığı bu əsər də maraqla qarşılanır” - deyən xanım Rut real həyatdan götürülmüş mövzuların tamaşaçılar tərəfindən daha yaxşı qarşılandığını bildirdi. Müasir dramaturgiya mövzulara yeni baxışı və yeni forması ilə diqqəti cəlb edə bilər. Kifayət qədər canlı keçən seminarda müasir dramaturgiya ilə bağlı maraqlı fikirlər səsləndi.

   Həmin gün Dövlət Gənc Tamaşaçılar Teatrında isə Roberto VareaPlastikamövzusunda seminar keçirdi. Aktyor üçün plastika hər şeydir, fikri dünyanın bütün teatrlarında başlıca meyarlardan biridir. Canlı nümunələrlə keçən seminar iştirakçılar tərəfindən yüksək qarşılandı.

   Qeyd edək ki, bu gün, noyabrın 12-də Aktyor Evində Daniel Banks (ABŞ) “Teatr alternativləri: Hip-Hop teatrı” mövzusunda, Beynəlxalq Muğam Mərkəzində isə Rut Maqraff (ABŞ) “Vokal ifaçılığı” mövzusunda seminarlar keçirəcək.

  

   Təranə Vahid

 

   Mədəniyyət.- 2010.- 12 noyabr.- S. 3.