Musiqimizin böyük dayağı: Fikrət Əmirov

 

Əsası dahi Üzeyir bəy tərəfindən qoyulmuş Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri də Fikrət Əmirovdur (1922-1984). O, milli və professional musiqimizin böyük dayağıdır desək, yanılmarıq. Çünki Fikrət Əmirov yaradıcılığı milli köklər zəminində inkişaf edib. Gəlin, əvvəlcə bəstəkarın həyat və yaradıcılıq yoluna nəzər salaq.

Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə məşhur musiqiçi Məşədi Cəmil Əmirovun ailəsində dünyaya gəlib. Fikrət Əmirovun milli musiqini mənimsəməsində onun böyüyüb, boya-başa çatdığı mühitin müstəsna rolu olub. Çünki onun böyük musiqiçi kimi yetişməsində fitri istedadı ilə bərabər atası Məşədi Cəmilin böyük təsiri olmuşdu. Musiqimizin beşiyi sayılan Şuşada doğulan, dövrünün məşhur tarzəni kimi tanınan Məşədi Cəmil İstanbulda professional musiqi sənətinə yiyələnmiş, bir sıra musiqi alətlərində ifa etməyi öyrənmişdi. İstanbuldan qayıtdıqdan sonra Gəncədə yaşamağa başlayıb. 1912-ci ildə Heyratı muğamını nota yazaraq Şəhbalı jurnalında çap etdirən ustad həmçinin Riqa şəhərindəki Qrammofon şirkətində bir sıra muğamxalq mahnılarını vala yazdırmışdı. Bəstəkarlığa da meyl göstərən sənətkar 1915-ci ildə Seyfəl-Mülk adlı opera yazaraq tamaşaya hazırlamışdı. 1923-cü ildə Gəncədə ilk musiqi məktəbinin (hazırda F.Əmirov adına 1 saylı musiqi məktəbi) yaradıcısı da Məşədi Cəmil olub. O, məktəbə direktor təyin ediləndən sonra Üzeyir Hacıbəylinin iştirakı ilə tədris ocağının təntənəli açılışı olub. Üzeyir bəy musiqi məktəbinin tədris planlarının hazırlanması, məktəbə Moskvadan, Kiyevdən, Sankt-Peterburq ali musiqi təhsili olan müəllimlərin dəvət edilməsində Məşədi Cəmil Əmirova yaxından köməklik göstərib. Böyük sənət eşqi ilə direktor kimi işə başlayan sənətkar bəstəkarlıq fəaliyyətini də davam etdirib. 1923-cü ildə bəstəkarın Namuslu qız operettası Gəncədə tamaşaya qoyulub. İlk tamaşada Ü.Hacıbəyli şəxsən iştirak edib. Məşədi Cəmil 1928-ci ildə dünyasını dəyişib.

Belə bir mühitdə böyüyən Fikrət Əmirov öz yaradıcılığında atasının sənət ideyalarını davam etdirib. Eyni zamanda, o, böyük sənət yoluna atasının yaxın dostu, dahi Üzeyir bəyin xeyir-duası ilə qədəm qoyub. Üzeyir bəy Gəncədə musiqi həyatının inkişafına mühüm töhfələr verib. 1939-cu il aprel ayının 15-də (Gəncə Dövlət Arxiv sənədi 241 saylı fond) Gəncədə Dövlət Filarmoniyasının açılışı məhz Üzeyir bəyin xidməti idi.

Yeri gəlmişkən, Fikrət Əmirov da gənc bir tarzən kimi Gəncədə Dövlət Filarmoniyasının ilk solistlərindən olub. Ondan başqa Zərif Qayıbov, Məmməd Bağırov, Həsən Həsənli, Firudin Əliyev və digərlərinin də adını çəkə bilərik. Bu istedadların hər birini Üzeyir bəy sənət yoluna istiqamətləndirmiş və onlara uğurlar arzulamışdı. Onların içərisində Fikrət Əmirovun yeri vardı.

Bakıya gələrək Dövlət Konservatoriyasına daxil olan Fikrət Əmirov böyük bəstəkar və pedaqoqun qayğısını hər zaman üzərində hiss edib. Bu barədə Fikrət Əmirovun Musiqi düşüncələri kitabında maraqlı bir xatirəsi də var.

O yazır: 1938-ci ildə Bülbül anam Dürdanə xanımı Bakıda görüb tapşırmışdı ki, Fikrəti göndər, gəlsin Konservatoriyada oxusun. Bülbülün dediyi kimioldu. Mən Bakıya gəldim. Konservatoriyada kiçik bir yoxlamadan sonra Bülbül məni Üzeyir bəyin kabinetinə apardı və dedi: Üzeyir bəy Məşədi Cəmilin oğludur. Bəstəkar olmaq istəyir. Üzeyir bəy elə o andaca məni çox istiqanlıqla, böyük məhəbbətlə və əsil ata qayğısı ilə qarşılayıb, əsərlərimi dinlədi. İlk yazdıqlarıma müsbət rəy bildirərək hə, sən əsl bəstəkar olacaqsan dedi. O gündən də məndən öz diqqət və qayğısını əsirgəmədi.

Beləliklə, Fikrət Əmirov Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfinə daxil olur. Burada B.Zeydmondan bəstəkarlıq, Ü.Hacıbəylidən isə Azərbaycan xalq musiqisinin əsasları fənni üzrə dərs alır. 1948-ci ildə bu təhsil ocağını bitirərək geniş yaradıcılıq yoluna qədəm qoyur.

Fikrət Əmirov musiqinin demək olar ki, bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Bu əsərlər öz bədii məzmunu, etik əhəmiyyəti, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır. Çünki bəstəkarın zəngin və rəngarəng yaradıcılığının əsas qayəsi milli üslubda professional musiqi əsərləri yaratmaqdır. Bütün yaradıcılığı boyu bu ideyaya sadiq qalan Fikrət Əmirov hətta bu istiqamətdə yeni bir janr da yaratdı. Dünya musiqisində heç bir analoqu olmayan simfonik muğam janrıdır. Bəstəkarın bu janrda ilk əsəri 1949-cu ildə yazdığı Şur simfonik muğamıdır. Sonralar o, bu janrda Kürd-ovşarı və Gülüstan-Bayatı-Şiraz simfonik muğamlarını da yaratdı. Bu əsərlər Fikrət Əmirov yaradıcılığının xüsusi mərhələsidir. O, şifahi ənənəli klassik musiqi janrı olan muğam dəsgahlarına müraciət edərək bu əsərləri özünəməxsus bəstəkarlıq texnikası, yaradıcı təxəyyülü ilə zənginləşdirib, orkestr boyalarının əlvanlığına nail olub. Simfonik muğam janrında Fikrət Əmirov iki klassik musiqi janrını muğamı və simfoniyanı üzvü-surətdə qovuşdura bilib. Odur ki, simfonik muğam janrında muğamasimfoniyaya xas olan forma, quruluş, inkişaflı süjet xətti və s. cəhətlər öz əksini tapır. Məhz buna görə də bəstəkarın simfonik muğamları dünyanın müxtəlif ölkələrində səslənib, Niyazi, G.Rojdestreenski, Stokovski, Abendrotbaşqa məhşur dirijorlar bu əsərlərin interpretatoru olub. Bu gün də bəstəkarın simfonik muğamları dünya simfonizminin ən gözəl nümunələri kimi daim ifaçıların diqqətini cəlb edir. Bu əsərlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında xüsusi əhəmiyyət kəsb edir.

Onu da qeyd etməliyik ki, Fikrət Əmirovun yaratdığı bu janr digər bəstəkarlar üçünbir mənbə oldu. Belə ki, ondan sonra Niyazi Rast, S.Ələsgərov Bayatı-Şiraz, V.Adıgözəlov Segah, T.Bakıxanov Humayun,Nəva və s.simfonik muğamlar yazıblar.

Ümumiyyətlə, bəstəkarın özünəməxsus musiqi dili olduğuna görə onun simfonizmi çox möhtəşəmdir. Bunun da əsas səbəbi bəstəkarın milli musiqini dərindən bilməsi və onu Qərb musiqi alətlərinin dilinə çevirmək bacarığından irəli gəlir. Bu cəhətlər Fikrət Əmirovun bütün əsərlərində sanki qırmızı xətlə keçir.

Bəstəkarın böyük istedad və yüksək professionallıqla qələmə aldığı əsərlərdən bir neçəsinin adını çəkək. Sevil operası, Ürəkçalanlar, Gözün aydın musiqili komediyaları, Nəsimi dastanı, Min bir gecə, Nizami baletləri, Azərbaycan süitası, Simfonik rəqslər, Azərbaycan qravürləri, fortepiano üçün 12 miniatür uşaq pyesləri, skripka ilə fortepiano üçün Muğam poema, Sonata müxtəlif şairlərin sözlərinə bəstələdiyi mahnılar, romanslar və digər əsərlərdə Fikrət Əmirov ecazkar sənət dünyasını yarada bilib. Bu sənət dünyasının əsas qayəsi onun ürəyindən süzülüb gələn gözəl melodiyalardır. Fikrət Əmirov yaradıcılığının əbədiyaşarlığı da həmin gözəl melodiyaların ustalıqla musiqi dilinə çevrilməsidir.

Fikrət Əmirov yalnız bəstəkarlığı ilə deyil, yüksək humanizmigeniş ictimai fəaliyyəti ilə mədəniyyət tariximizdə dərin iz qoyub. Belə ki, o, Azərbaycan və SSRİ Bəstəkarlar İttifaqının katibi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olub. Bəstəkarın yaradıcılığında onun pedaqoji fəaliyyəti də geniş yer tutur. Fikrət Əmirovun tələbələri içərisində əməkdar müəllim, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, pedaqoji elmlər doktoru, professor, sevimli bəstəkarımız Oqtay Rəcəbovun adını xüsusi qeyd edə bilərik. Elə bu yerdə Oqtay müəllimdən kiçik bir xatırlama:

Fikrət Əmirov dahi Üzeyir bəyin layiqli davamçısıdır. Onun Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz yeri var. Demək olar ki, özündən sonra gələn bütün bəstəkarlara o, bir örnəkdir. Mən bəstəkar olmağımda daim Fikrət müəllimə minnətdaram. Çünki o, məni qəlbən, ruhən, cismən, bir sözlə bütün varlığımla musiqiyə bağladı və özü də mənə bu sənətin sirlərini öyrətdi. Onunla bağlı o qədər xatirələrim var ki, onlar mənim üçün unudulmaz və əbədidir. Elə Fikrət Əmirovun özü kimi.

Fikrət Əmirov sənəti daim yüksək qiymətləndirilib. O, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara, dövlət təltiflərinə layiq görülüb. Amma sənətkar üçün ən qiymətli olan amil xalq məhəbbətidir ki, o da heç vaxt Fikrət Əmirov yaradıcılığından əskik olmayıb. Çünki o daim xalq musiqisindən bəhrələnib. Bu mənada bəstəkarın çoxlu sayda xalq mahnıları və rəqsləri əsasında işləmələrini, bu nümunələrdən öz əsərlərində istifadə etməsini misal göstərə bilərik. Bir sözlə, Fikrət Əmirov xalq musiqimizə sadəcə bəstəkar kimi deyil, onun keşiyində duranonu qoruyan, yaşadan bir sənətkar kimi yanaşıb.

Bu yerdə bəstəkarın musiqisini yazdığı kinofilmlərdən birinin adını xatırlayıram: Böyük dayaq. Doğrudan da Fikrət Əmirov milli professional musiqimizin böyük dayağıdır. Bu dayaq Fikrət Əmirovun ölməz musiqisidir ki, o, bütün nəsillərə örnək olacaq. İnsanları daim mənəvi saflığa vətənpərvərliyə səsləyəcək.

 

Səadət Təhmirazqızı,

Musiqişünas

 

Mədəniyyət.- 2010.- 24 noyabr.- S. 12.