Bu nailiyyət Azərbaycan xalçasının dünyada təbliğinə təkan verəcək”

 

   Xəbər verdiyimiz kimi, UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin Keniyanın paytaxtı Nayrobidə keçirilən V sessiyasında Azərbaycan xalça sənəti bu mötəbər beynəlxalq qurumun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

     

   Bu günlərdə Keniyadan qayıdan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bununla bağlı jurnalistlərə açıqlama verdi: «Azərbaycan tərəfi komitənin fəal üzvü olduğunu sübut etdi. Bu komitədə cəmi 24 ölkə var. Onların sırasında Azərbaycanın olması ölkəmizin bu sahədə əldə olunmuş nailiyyətlərinin əyani sübutudur. Biz komissiya üzvü olaraq tək Azərbaycanın yox, bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil olan nümunələr haqqında öz rəylərimizi bildirdik. Son illər Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasəti və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı, həmçinin Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədi ilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində Azərbaycanın bir neçə sənət nümunəsinin bu siyahıya düşməsinə imkan verdi».

   Nazirin sözlərinə görə, əldə edilmiş nəticə Azərbaycan xalçalarının toxunulmazlığına, bu sənətin inkişafına, xalçaçılıq məktəblərinin tanınmasına təkan verəcək: «Doğrudur, bu sənətin siyahıya düşməsinə maneələr də var idi. Amma son nəticə olaraq buna nail olduq. Komitənin üzvləri Azərbaycanda xalçaçılıq məktəbinin çox yüksək səviyyədə olmasını nəzərə alaraq bu nominasiyanı qəbul etdilər. Azərbaycan xalçaçılıq məktəbi mövcuddur, dünya tərəfindən tanınır və heç kim bu sənət nümunələrini mənimsəyə, oğurlaya, özününküləşdirə bilməz. Xatırladım ki, ötən illərdə Azərbaycan muğam sənəti, aşıq sənəti və Novruz bayramı da həmin reprezentativ siyahıya daxil edilib».

   Ə.Qarayev İran İslam Respublikasının nümayəndələri ilə aparılan danışıqlar barədə də məlumat verdi: «Növbəti mərhələdə İranda Şərqi və Cənubi Azərbaycan vilayətlərinin xalçaçılıq məktəblərinin də bu siyahıya daxil edilməsi haqqında danışıqlar aparılıb. Bundan sonra heç kəs Qarabağ, Qazax, Şirvan, Bakı və ya digər xalçaçılıq məktəbinin başqasına məxsus olması haqqında söz deyə bilməz».

   Nazir UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Ermənistan tərəfinin xaçdaşların reprezentativ siyahıya təklif etməsi ilə bağlı məsələyə də toxundu. O, xaçdaşların ermənilərin milli-mədəni irsi kimi təqdim olunmasının Azərbaycan tərəfinin qəti etirazına səbəb olduğunu dedi: «Xalqımız çox yaxşı bilir ki, Azərbaycanda yerləşən bu cür tarixi abidələr və müxtəlif binaların üzərindəki xaçlar albanlara məxsus yaradıcılıq nümunələridir. Bu nümunələrin sırf erməni xaçdaşlarlı adı altında siyahıya daxil edilə biləcəyindən narahat idik. Ona görə də bizim elmi ictimaiyyətin, təhsil ocaqlarının, Azərbaycan diasporunun, dövlət orqanlarının ciddi etirazlarını nəzərə alan UNESCO baş katibliyi, müdirliyi və komissiyanın üzvləri bu məsələyə xüsusi həssaslıqla yanaşdılar və buna düzgün qiymət verdilər».

   Ə.Qarayev bildirdi ki, iki gün ərzində aparılan ciddi fikir mübadiləsi nəticəsində UNESCO-nun siyahısına yalnız Ermənistan ərazisində yerləşən və erməni yaradıcılığına məxsus olan xaçdaşları daxil edildi: «Bundan sonra heç kəs alban xaçdaşlarına qarşı hər hansı iddia irəli sürə bilməz. Onların bir daha diqqətinə çatdırıldı ki, bu daşlar qədim alban xalqına məxsusdur və ermənilər bu tarixi mənimsəmək və özününküləşdirmək niyyətindədir».

  

   Mehparə

 

Mədəniyyət.- 2010.- 26 noyabr.- S. 4.