Regionlarda yaradıcılıq görüşləri davam edir

 

  Mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin Quba və Xaçmaz sənətsevərləri ilə görüşləri maraqlı anlarla yadda qaldı

  

   Mədəniyyət və Turizm Nazirliyinin regionlarda mütəmadi olaraq təşkil etdiyi yaradıcılıq görüşləri silsiləsindən növbəti tədbirlər oktyabrın 5-6-da QubaXaçmaz rayonlarında gerçəkləşdi. Artıq bir neçə ildir ki, ölkənin müxtəlif bölgələrində keçirilən görüşlər regionlarda mədəni həyatın canlandırılması, mədəniyyətin müxtəlif sahələrinə marağın artırılması, bölgələrlə mədəni əlaqələrin daha da möhkəmləndirilməsi məqsədini daşıyır.

  

   Tədbirdə iştirak etmək üçün nazirliyin Nəşriyyat sektorunun müdiri, Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu, Regionlarda sektorunun müdiri Azəri Əhmədzadə sektorun aparıcı məsləhətçisi Oqtay Muxtarov, Kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadə, Xalq artisti, rəqqasə Cəmilə Bayramova, Əməkdar incəsənət xadimi, bəstəkar Eldar Mansurov, Əməkdar artist Gülüstan Əliyeva, müğənni Nurlan Əzizbəyli, “40-cı qapı” filminin aktyoru Rövşən Ağayev, musiqiçilər Elşən Məmmədov, Elxan Nurməmmədov rayonlara ezam edilmişdi.

  

   Quba sənətsevərləri ilə görüş

  

   Quba rayon Mədəniyyət evində yüzlərlə tamaşaçının iştirak etdiyi ədəbi-bədii gecəni rayon mədəniyyət və turizm şöbəsinin müdiri Elxan Məhərrəmov açaraq ölkənin tanınmış mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin iştirakı ilə bölgələrdə yaradıcılıq görüşlərinin keçirilməsinin əhəmiyyətini vurğuladı.

   Ədəbi-bədii gecənin aparıcısı, nazirliyin sektor müdiri, şair Çingiz Əlioğlu regionlarda mədəniyyətin, ədəbiyyatın, ümumən Azərbaycan bədii fikrinin təbliğinin Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasətində strateji xətlərdən biri olduğunu qeyd etdi: “Yaradıcılıq görüşləri respublikanın bütün rayonlarını əhatə edir. İlboyu müxtəlif rayonlarda Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri ilə xalq kütlələrinin görüşünü təşkil edirik. Bu görüşlərdə mədəniyyətimizə töhfələr bəxş etmiş sənətkarlar ictimaiyyət nümayəndələri ilə birbaşa fikir mübadiləsi aparmaq imkanını qazanır, onların fikirləri ilə tanış olurlar. Eyni zamanda da xalq öz sənətkarları ilə canlı ünsiyyət qura bilir. Bu çox doğru siyasətdir və belə əhəmiyyətli yaradıcılıq görüşləri mütəmadi olaraq bölgələrdə davam edəcək”.

   Sonra Çingiz Əlioğlu öz yaradıcılığına müraciət edərək yumoristik bir şeirini oxudu. Şeir gecəyə xüsusi rəng qataraq zalda xoş əhval-ruhiyyə yaratdı.

   Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, bəstəkar Eldar Mansurov da xalqın incəsənət xadimləri ilə görüşünün böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi: “Artıq üç ildir ki, yaradıcılıq görüşlərində iştirak edirəm. Belə görüşlərin keçirilməsinin özü belə xalqda sevinc doğurur. Televiziyadan izlədikləri sənətçilər ilə onlar birgə ünsiyyətdə olurlar. Bu da təbii ki, mədəniyyətə olan qayğının göstəricisidir”.

   Gecədə Xalq artisti, rəqqasə Cəmilə Bayramovanın ifasında milli rəqslər nümayiş olundu. Əməkdar artist, OperaBalet Teatrının solisti Gülüstan Əliyevanın ifasında xalq mahnıları və muğamlar, gənc estrada müğənnisi Nurlan Əzizbəylinin ifasında musiqi nömrələri qonaqlar tərəfindən rəğbətlə qarşılandı.

   Sonra aktyor Rövşən Ağayev çıxış edərək kinomuzda olan bugünkü, sürətli inkişafdan danışdı. Filmdə Edik rolunu yaratmış aktyor filmin yaradıcı heyəti və mövzusu haqda qonaqlara qısaca məlumat verdi. Tədbir filmin nümayişi ilə yekunlaşdı.

  

   Xaçmazda yaddaqalan tədbirlər

  

   Oktyabrın 6-da Xaçmaz rayonuna gələn nümayəndə heyəti rayonun İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevlə görüşdü. İcra başçısı Xaçmazda son illər aparılan yenidənqurma işlərindən danışdı. Qonaqların hər birinə ayrı-ayrılıqda təşəkkürünü bildirən Ş. Xanbabayev bu təşəbbüsə görə onlara minnətdar olduğunu bildirdi. Daha sonra nümayəndə heyəti Xaçmazda açıq səma altında yaradılmış “Şəxsiyyətlər muzeyi”, Heydər Əliyev Mərkəzi, Akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseyi ilə tanış oldu.

   2006-cı ildən fəaliyyət göstərən “Şəxsiyyətlər muzeyi” mədəniyyətimizin təbliğatında böyük əhəmiyyət kəsb edir. Burada Azərbaycanın böyük mütəfəkkirlərinin, yazıçılarının, şairlərinin, sənət adamlarının - 40-dək görkəmli şəxsiyyətin xatirəsi əbədiləşdirilib, heykəlləri qoyulub. Abidələrin müəllifi Akif Əsgərovdur. Milli mədəni irsimizə bağlılığı təbliğ edən parkda diqqətçəkən daha bir məqam isə muzeyin hasarında tar, kamança, saz şəkillərinin həkk olunmasıdır.

   Xaçmazdakı Heydər Əliyev Mərkəzində ulu öndərin həyatının, dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotolar, sənədlər nümayiş olunur. Xaçmaz rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nazim Ağayev mərkəzin əhəmiyyətindən danışdı: “Xaçmaz rayonunda bu gün mədəniyyət sahəsində müxtəlif yenidənqurma işləri aparılır. Məhz bu baxımdan gənc nəslin sədaqətli ruhda böyüməsi üçün Heydər Əliyev Mərkəzi böyük əhəmiyyətə malikdir. Bu yaxınlarda mərkəzdə gənclər üçün yeni kurslar açacağıq. Ümumiyyətlə, regionlarda keçirilən yaradıcılıq görüşləri bizim hər birimiz üçün böyük sevincdir. Respublikanın tanınmış şəxsiyyətləri ilə görüşüb onlarla tanış olmaq bizdə çox böyük xoş əhval-ruhiyyə yaradır. Belə tədbirlərin təşkilinə görə təşəkkür edir və onların davamlı olmasını arzulayıram”.

   Sonra Xaçmaz rayon Mədəniyyət evində ədəbi-bədii, musiqili gecə keçirildi. Yaradıcılıq görüşünə gəlmiş sənətçilərin çıxışları xaçmazlı tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

  

 

   Yeganə Cansail

 

   Mədəniyyət.- 2010.- 8 oktyabr.- S. 8.