«Sonuncu romantik»
Tanınmış rus şairi Andrey Dementyev və bəstəkar
Rizvan Sədirxanovun yaradıcılıq gecəsi
keçirildi
Oktyabrın 6-da Müslüm Maqomayev adına Dövlət
Filarmoniyasında tanınmış rus şairi və ictimai
xadimi, SSRİ Dövlət mükafatı laureatı Andrey
Dementyevin beynəlxalq müsabiqələr laureatı, bəstəkar
Rizvan Sədirxanovla birgə «Sonuncu romantik» adlı
yaradıcılıq gecəsi keçirildi. Tədbir Rizvan Sədirxanovun
şairin şeirlərinə bəstələdiyi
mahnılarla müşayiət olundu.
Mərasimi giriş sözü ilə
açan Dövlət Konservatoriyasının rektoru Fərhad
Bədəlbəyli şairin insani keyfiyyətlərindən
danışdı: «Mən Andrey Dementyevin əsas xüsusiyyətindən
bəhs etmək istəyirəm. Onda valideynə böyük məhəbbət
var. Yazdığı şeirlərdə bu sevgini hiss etmək
olar. Şair öz müəllimlərini də unutmur və həyatda
öz müəllimlərinə münasibətini
yaradıcılığında əks etdirir. O, öz
dostlarına da çox sadiqdir. Dostluq haqqında şeirləri
həddindən artıq təsirlidir».
F.Bədəlbəyli görkəmli
rus şairi ilə bağlı maraqlı bir məqamı da diqqətə
çatdırdı.
Bildirdi ki, vaxtilə Moskvanın
“Bolşoy Teatrı”nda dahi Azərbaycan şairi Nizami Gəncəviyə
həsr edilmiş tədbirdə heç kəsin cəsarət
edib danışmadığı halda A.Dementyev sevgi dolu nitq
söylədi.
Sonra şairin sözlərinə bəstələnmiş
«Salam dost» adlı klip nümayiş etdirildi. Bunun ardınca isə
vaxtilə Moskvada Nizami Gəncəviyə həsr edilən tədbirdə
onun Nizami haqqında çıxışını əks
etdirən lent nümayiş etdirildi. A. Dementyevin dahi
şairimiz haqqında söylədikləri bir daha Azərbaycan
poeziyasına sevgisini isbatlayırdı.
Nəhayət, şair özü
çıxış edərək Azərbaycanla bağlı
ürək sözlərini dilə gətirdi:
«Azərbaycan mənim
üçün çox əzizdir. Sonuncu dəfə
Bakıda 1982-ci ildə olmuşam. Bakıya gəldiyimdən
bir gün sonra şəhəri gəzməyə
çıxdım və gördüm ki, Bakı çox dəyişib,
gözəlləşib».
Nizami
yaradıcılığından söz açan şair onun
yaradıcılığı ilə hələ gənclik illərindən
tanış olduğunu dilə gətirdi: «Mən şərqşünasam.
Dahi Nizami Gəncəvi və onun
yaradıcılığı haqqında hələ gəncliyimdən
məlumat əldə etmişəm. Fars dili dərsində ilk
dəfə onun şeirlərini oxuyarkən bu dilin necə
musiqi dili olduğunu dərk etmişdim». Bunun ardınca o,
Nizami Gəncəviyə həsr etdiyi şeirini oxudu. Onun
çıxışı zalda alqışlarla
qarşılandı.
Natiq Azərbaycan poeziyası və
onun nümayəndələri ilə şəxsi
tanışlığından da söz açdı. O,
bildirdi ki, Moskvadakı Ədəbiyyat İnstitutunda İsa
Hüseynov, Nəbi Xəzri və Salam Qədirzadə ilə
birlikdə oxuyub: «O zaman bizimlə birlikdə digər
xalqların nümayəndələri də təhsil
alırdı və biz sanki xoşbəxt bir ailə idik. Həyatın
çox məqamları ədəbiyyatda yaşanır. Ədəbiyyat
həm də yaşadır».
Şairin
çıxışında diqqətçəkən məqamlardan
biri də onun böyük öndər Heydər Əliyev
haqqında olan xatirələri idi: «Heydər Əliyev məni
qəbul edəndə onun ədəbiyyat haqqında bilgiləri,
fikirləri məni çox təsirləndirdi».
Sonra şair Rizvan Sədirxanovla
yaradıcılıq əməkdaşlığından
söz açdı. Şair bunun tarixçəsini belə
açıqladı: «Vaxtilə Moskvada «Gənclik»
jurnalının redaktoru kimi fəaliyyət göstərərkən
mənə Bakıdan zəng olundu. Maqnitofonda mənim
şeirimə bəstələnən mahnı R.Sədirxanov tərəfindən
ifa edilirdi. Mən bunu çox bəyəndim və həmin
vaxtdan da əməkdaşlığa başladıq».
Tədbirdə
çıxış edən R.Sədirxanov da öz növbəsində
A.Dementyevlə 20 ildən artıqdır ki, əməkdaşlıq
etdiyini, bir neçə birgə diskin müəllifləri
olduqlarını bildirdi.
Qeyd edək ki, R.Sədirxanov Azərbaycan
Neft Akademiyasını bitirib. 18 il neft sahəsində
çalışdıqdan sonra ürəyinin səsinə səs
verib. ömrünü musiqiyə bağlayıb.
İtaliyanın Ozimo şəhərindəki Musiqi Akademiyasında
təhsil alıb. Onun Azərbaycan, Şərq, rus və
dünya şairlərinin sözlərinə
yazdığı yüzlərlə melodiya musiqisevərlərin
ürəyinə əbədi həkk olunub.
Çıxışlardan sonra
Rizvan Sədirxanov, Əməkdar artist Əvəz Abdullayev, Səbinə
Əsədova, Nigar Cəbiyeva və Emil Minyaşevin
ifalarında «Son romantik», «Qar üzərində alma», «Sevimlisi
ilə son görüş» və digər mahnılar səsləndirildi.
Şairin özünün müxtəlif mövzularda
yazdığı şeirlərin məhz öz dilindən
söylənilməsi xüsusi maraqla qarşılandı.
Tədbirin sonunda «Sonuncu romantik» adlı audio diskin təqdimatı keçirildi.
Mehparə
Mədəniyyət.- 2010.- 8 oktyabr.-
S. 4.