Bakı Caz festivalı sona yaxınlaşır

 

    Bakıda oktyabrın 16-dan davam edən beynəlxalq caz festivalı sona yaxınlaşır. Oktyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində holland truba ifaçısı Eric Vloemansın öz orijinal bəstələrindən ibarət konserti oldu.

  

   Bəstəkar kimi özünəməxsus üsluba malik ifaçı 4 dəfə Holland Edison Award, Rotterdam şəhərinin Elly Ameling Prize, Boy Edgar Award və çox nüfuzlu Şimal dənizi Caz Festivalında Bird Award ilə mükafatlandırılıb.

   E. Vloemans Rotterdam Musiqi Akademiyasında təhsil alıb, burada klassik musiqinin əsaslarını öyrənib. Hazırda “Fugimundi” triousu və Eric Vloeimans Gatecrash ansamblları ilə işləyir və akustik kamera musiqisindən müasir caz, himnlər, dünya musiqisinə qədər geniş repertuara malikdir. Truba ifaçılığını xüsusi elektron effektlərlə zənginləşdirir.

   Həmin gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın çağdaş caz pianoçusu və bəstəkarı Emil İbrahimin də konserti keçirildi. Caz, klassik, latın musiqisi və muğamı sintez edən Emil İbrahimin kompozisiyaları müasir elektron musiqisi ilə də əhatə olunub. O, balladalardan tutmuş post-bop ustadlarının əsərlərinə qədər musiqini ifa edir.

   Emil İbrahimin konsertinin ardınca gənc Litva saksafonçusu və caz ifaçısı Kestutis Vaiginisin konserti başladı. Litva Musiqi və Teatr Akademiyasında təhsil alan Vaiginis Şimali Niderland konservatoriyasında, Amsterdam Musiqi Kollecində və Manhetten Caz məktəbində (Nyu-York) təcrübə keçib. Bir sıra beynəlxalq müsabiqələrin qalibidir. 2008-ci ildə o, Litvada gənclərdən ibarət “Müstəqil Artistlər Ansamblı” adlı big-band yaradıb. Kaunas caz, Vilnüs caz, Birstonas və Nida caz festivallarının daimi iştirakçısıdır.

   Oktyabrın 28-də Heydər Əliyev Sarayında dünya şöhrətli Yaponiya pianoçusu Keiko Matsuinin konserti keçirildi. Əsasən caz-popfyujn üslubunda ifaçı kimi tanınmış Keiko Matsui Şərqin musiqi mədəniyyətinə sədaqətini qoruyub saxlamış, orijinal bəstəkar və özünəməxsus vokalçı kimiuğur qazanmışdır.

   Onun “A Drop of water” adlı ilk müstəqil albomu ABŞ-da buraxılandan sonra Amerika leyblləri yaponiyalı pianoçu xanımla ciddi maraqlanmağa başladı.

   1999-cu ildə KeikoOasis Awards” yarışmasının qalibi olmuş, onunLight Above the Treesklipi isə ən yaxşı video kimi mükafata layiq görülüb. Onun bəzi kompozisiyaları lirik mahnılar kimi, digərləri kinofilmlərə etüdlər kimi səslənir.

   Keikonun daimi konsert qrupuna görkəmli saksafonçu Michael Ghegan, basist Mel Brown və ənənəvi yapon fleytaçısı Kazu Matsui daxildir.

  

 

   Yeganə

 

   Mədəniyyət.- 2010.- 29 oktyabr.- S. 7.