Eksponatlarda yaşayan tarix

 

   Azərbaycanda tarix profilli muzeylərin yaradılması xalqımızın öz qədim keçmişini və zəngin mədəniyyətini öyrənmək istəyi ilə bağlıdır. İlk rəsmi dövlət muzeyi - Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış İstiqlal Muzeyi də tarix profilli olub. İstiqlal Muzeyi beş aya yaxın - 1919-cu il dekabrın 7-dən 1920-ci il aprelin 28-dək - fəaliyyət göstərib. Cümhuriyyətin süqutundan sonra muzeyin əşyaları 1920-ci ildə təşkil olunmuş Azərbaycan Dövlət Muzeyinə verilib. 1930-cu illərdə muzeyin profili isə dəqiqləşdirilərək Azərbaycan Tarixi Muzeyi (indiki Milli Azərbaycan Tarixi Muzeyi - red.) adlandırılıb. Prezident İlham Əliyevin göstərişi ilə 2005-2007-ci illərdə muzeyin binasında əsaslı təmir-bərpa işləri aparılıb, dünya standartlarına cavab verən yeni ekspozisiya qurulub.

  

   Milli Azərbaycan Tarixi Muzeyində hazırda 300 mindən artıq əşya toplanıb. Bu əşyalar muzeyin arxeologiya, etnoqrafiya, numizmatika, yeni tarix, müasir tarix, qiymətli əşyalar və mühüm sənədlər fondlarında mühafizə edilir. Vaxtilə böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin mülkü olmuş bu binada onun xatirə muzeyi də yaradılıb. Burada Hacı Zeynalabdin Tağıyevin həyatı və fəaliyyətinə dair müxtəlif materiallar nümayiş etdirilir.

   Naxçıvan Dövlət Tarix Muzeyi də respublikamızın zəngin muzeylərindəndir. Muzey 1924-cü ildə təşkil edilib. 1925-ci ildə yaradılan "Naxçıvan Tədqiq və Tətəbbö" cəmiyyətinin muzeyin zənginləşməsində xüsusi rolu olub. Cəmiyyətin sədri Mirbağır Mirheydərzadə muzeyin inkişafı üçün böyük əmək sərf edib.

   Muzey 2000-ci ildə yeni binaya köçürülüb. Burada Azərbaycanın, o cümlədən yurdumuzun ən qədim guşələrindən olan Naxçıvanın tarixi ilə bağlı minlərlə əşya toplanıb. Onların sırasında arxeoloji abidələr, etnoqrafik əşyalar, sənədlər, xalçaxalça məmulatları, xalq tətbiqi sənəti nümunələri, rəsm və heykəltəraşlıq əsərləri, görkəmli şəxsiyyətlərin şəxsi əşyaları və s. var. Gəncə, Şəki, Quba, Lənkəran, Şamaxı tarix-diyarşünaslıq muzeyləri də respublikamızın ötən əsrin 20-30-cu illərində yaradılmış zəngin mədəniyyət ocaqlarındandır.

   Gəncə Tarix-Diyarşünaslıq Muzeyi 1924-cü ildə Gəncə Pedaqoji Seminariyasının müəllim və tələbələrinin təşəbbüsü və qüvvəsi ilə yaradılıb. Hazırda burada Gəncənin tarixi lə bağlı 30 mindən çox əşya var. Muzey bir neçə dəfə ünvanını dəyişib, hazırda yerləşdiyi binaya 1970-ci illərin əvvəllərində köçürülüb. XIX əsrin sonlarında tikilmiş bu bina Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan İsmayılxan Ziyadxanovun mülküdür.

   Muzeyin qədim Gəncəyə aid ekspozisiya bölməsi tamaşaçı üçün daha maraqlıdır. Üzərində "Atabəy Məhəmməd Cahan Pəhləvan" sözləri yazılmış Gil çıraq XII əsrə aiddir. Burada həmçinin Gəncədə buraxılmış mis pullar, saxsı su boruları, qədim Gəncəyə aid sənətkarlıq nümunələri nümayiş etdirilir.

   Muzeydə Gəncənin qədim qapısının fotoşəkli nümayiş olunur. Bu qapını 1063-cü ildə dəmirçi Osman oğlu İbrahim hazırlayıb. 1140-cı ildə gürcü çarının hücumu zamanı qarət kimi Gürcüstana aparılan qapı hazırda Gürcüstanın Herat monastırında saxlanılır.

   Muzeyin salonlarından biri dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunub. Bu bölmədə həmçinin XII əsrdə yaşamış şairlərdən Məhsəti Gəncəvi və Əbül-üla Gəncəvi barədə məlumat verilir. Gəncə hökmdarı Cavad xan, şair Mirzə Şəfi Vazeh, Azərbaycan Xalq Cümhuriyyəti barədə materiallar Gəncənin nisbətən yaxın tarixini əks etdirir. Tamaşaçıya xüsusi olaraq çatdırılır ki, Xalq Cümhuriyyətinin ilk hökuməti 1918-ci ilin iyun-sentyabr aylarında burada fəaliyyət göstərib.

   1928-ci ildə Gəncənin yaxınlığındakı Göygöl rayonunda (vaxtilə Helenendorf, 1938-2008-ci illərdə Xanlar adlanıb) diyarşünaslıq muzeyi yaradılıb. Muzeyin təşkili və fəaliyyəti orta məktəb müəllimi, milliyyətcə alman olan Yakob Hummelin adı ilə bağlıdır. Yakob Hummel işlədiyi orta məktəbin şagirdlərinin köməyi ilə Gəncəçay ərazisində arxeoloji qazıntılar apararaq ibtidai icma dövrünə aid materiallar əldə etmişdi. Bu əşyalar sonradan muzeyin ilk eksponatlarına çevrilib. Muzeyin direktoru Yakob Hummel isə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının elmi əməkdaşı təyin edilib və Gəncəçay ərazisində arxeoloji tədqiqatlar aparıb. Diyarşünaslıq muzeyi 1961-ci ildə müstəqil müəssisə kimi ləğv edilərək Gəncə tarix-diyarşünaslıq muzeyi ilə birləşdirilib.

   Quba Tarix-Diyarşünaslıq Muzeyi də respublikamızda həmin profildən olan ilk muzeylərdən biridir. Muzeyin bünövrəsi də 1924-cü ildə qoyulub, 1935-ci ilədək ictimai əsaslarla fəaliyyət göstərib. Azərbaycan Xalq Maarif Komissarlığı 1935-ci ilin qəbul etdiyi qərarla yerli ziyalı Əhməd Əfəndi Çələbizadənin təşkil etdiyi muzey dövlət müəssisəsinə çevrilibo, muzeyin direktoru təyin olunub. Lakin muzeyin dövlət müəssisəsi kimi fəaliyyəti uzun sürmür. 1937-ci ildə Əhməd Əfəndinin repressiyaya məruz qalması ilə əlaqədar muzeyin fəaliyyəti də dayanır. Muzeyin fəaliyyəti 1943-cü ildə bərpa edilib. Muzey görkəmli tarixçi A.A.Bakıxanovun bir vaxtlar yaşadığı mülkdə yerləşir.

   Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi də 1924-cü ildə yaradılıb, lakin Böyük Vətən müharibəsi illərində fəaliyyətini dayandırıb. 1961-ci ildə muzeyin fəaliyyəti bərpa edilib. 1977-ci ildə muzeyə Lənkəranda bu işin ilk təşkilatçısı, maarifçijurnalist Mirzə Ağaəli Əliyevin adı verilib. Muzey 1991-ci ildən XIX əsr memarlıq abidəsi olan Mir Əhməd xan Talışinskinin evində fəaliyyət göstərir. Muzeyin zəngin ekspozisiyaları, VIII-IX əsrlərə aid memarlıq abidəsi Bəlləbur qalasının tikinti materialları nümunələri, qalanın ətrafında tapılmış əşyalar xüsusi maraq doğurur. XX əsrin əvvəlində Lənkəranda açılmış "Behcət" məktəbinin adı həkk olunmuş daş lövhə, həmin məktəbin müəllimlərindən M.A.Əliyev, M.Mövsümzadə, T.Bayraməlibəyov, Mirzə Əbülhəsən, tanınmış generallardan Səməd bəy Mehmandarov, İbrahim bəy Talışinski, Mir Kazım bəy Talışinski və iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov barədə materiallar nisbətən yaxın tariximizin salnaməsidir.

   Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində də bu qədim diyarın, şeir-sənət ocağının keçmişibu günü əşyaların dili ilə tamaşaçıya çatdırılır.

   Muzey işinə aid 1980-ci ildə qəbul edilmiş qərarda respublikanın bütün şəhər və rayonlarında tarix-diyarşünaslıq muzeylərinin yaradılması nəzərdə tutulmuşdu. Bu, Azərbaycan xalqının milli sərvəti - tariximiz və mədəniyyətimizlə bağlı dəyərlərin, ulu keçmişimizi özündə yaşadan yadigarların toplanılması, qorunması, öyrənilməsi və gənc nəslin tərbiyəsində istifadə edilməsi üçün böyük əhəmiyyətə malik addım idi. Tarix-diyarşünaslıq muzeylərində həmin bölgənin keçmişibu günü, tanınmış şəxsiyyətlərin, elm və mədəniyyət xadimlərinin, xalq qəhrəmanlarının həyatı və fəaliyyəti konkret materiallar əsasında tamaşaçıya çatdırılır.

   Tarix-diyarşünaslıq muzeylərində təbiət bölməsi də yaradılır. Bu bölmədə həmin rayonun fiziki-coğrafi şəraiti, flora və faunası, təbii sərvətləri barədə məlumat verilir. Bitkiağac nümunələri, quşheyvan müqəvvaları, ana yurdun fotoslaydlara köçürülmüş mənzərələri, təbii sərvətlərin nümunələri bölmənin əsas eksponatlarıdır.

   1980-1982-ci illərdə rayon mərkəzlərində 30-dək yeni tarix-diyarşünaslıq muzeyi yaradılmışdı. Ötən müddət ərzində bu muzeylərin fondları daha zənginləşdirilib, mövcud ekspozisiyalar təkmilləşdirilmiş, bəzi muzeylər yeni binalarla təchiz edilib.

   Qəbələ tarix-diyarşünaslıq muzeyinin ilk ekspozisiyası 1980-ci ildə rayon kinoteatrının foyesində açılıb. Muzey 2004-cü ildə daha yaxşı şəraitə malik yeni binaya köçürülmüş, burada elmi əsaslarla ekspozisiya yaradılmışdır. Qəbələ rayonu dünyanın ən qədim yaşayış məskənlərindən sayılır. Muzeyin iki salonu qədim və orta əsrlər Qəbələsinə həsr olunub.

   Azərbaycan tarixini özündə yaşadan və tamaşaçılara təqdim edən muzeylər sırasında ümummilli lider Heydər Əliyevin ömrü yolunu və fəaliyyətini canlandıran muzeylər xüsusi yer tutur. Bu muzeylər, respublikamızın, demək olar ki, bütün bölgələrində fəaliyyət göstərir. Heydər Əliyev muzeyləri bu dahi şəxsiyyətin həyat və fəaliyyətini, xalqımızın tarixində və taleyində oynadığı rolu müxtəlif materiallar vasitəsilə tamaşaçıya çatdırır.

   Bu gün Bakı şəhərində Azərbaycan İstiqlal Muzeyi də fəaliyyət göstərir. Bu muzey Xalq Cümhuriyyəti dövründə bir neçə ay yaşamış İstiqlal Muzeyinin mənəvi varisi sayıla bilər. Muzeyin əsas vəzifəsi Azərbaycanın istiqlal tarixinə aid nümunələrin toplanılması, öyrənilməsi, mühafizəsi və təbliğindən ibarətdir. Muzeydə xalqımızın qədim dövrlərdən bu günədək öz azadlıq və müstəqilliyi uğrunda apardığı mübarizə tarixi müxtəlif materiallar vasitəsilə göstərilir.

   Ekspozisiyada xalqımızın azadlığı və müstəqilliyi uğrunda mübarizəsi Xürrəmilər hərəkatı, dövlətçilik uğrunda mübarizəsi Səfəvilər dövlətinin timsalında göstərilir. Rusiyaİran arasında bağlanmış "Gülüstan" (1813) və "Türkmənçay" (1828) müqavilələri torpağımızı və xalqımızı iki yerə bölən tarixi faciə kimi mənalandırılır. Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti xüsusi ekspozisiya bölməsində işıqlandırılır.

   Cənubi Azərbaycanda 1905-1911, 1917-1918 və 1945-1946-cı illərdə baş vermiş milli-azadlıq hərəkatını əks etdirən fotoşəkillər, sənədlər, kitablar və müxtəlif əşyalar tamaşaçılarda xüsusi maraq doğurur.

   1930-cu illərin qanlı repressiyaları, 1941-1945 illərin müharibəsi və burada Azərbaycan övladlarının qəhrəmanlığı barədə materiallar ekspozisiyanın növbəti bölmələrində göstərilir.

   1989-cu il mayın 28-də, Xalq Cümhuriyyətinin yarandığı gün milli bayrağımız Qız qalası üzərində dalğalandı. Həmin bayraq hazırda Azərbaycan İstiqlal muzeyində saxlanılır. Muzeydə daha bir üçrəngli bayraq var. Bu bayraq 1991-ci il dekabrın 8-də Azərbaycan ordusunun könüllülərdən ibarət ilk taborunun Şəhidlər xiyabanında andiçmə mərasimində döyüşçülərimizin başı üzərində dalğalanmışdı. Muzeydə nümayiş etdirilən 1990-cı ilin 20 yanvar faciəsi, Qarabağ uğrunda mübarizəmiz, ölkəmizin beynəlxalq əlaqələri barədə materiallar da mövzu ilə səsləşir.

   Bu gün müstəqil Azərbaycanın muzeyləri tariximizi özündə yaşadan əşyaları toplayır, qoruyur, öyrənir və təbliğ edirlər.

   

 

   Adilxan Bayramov

 

   Mədəniyyət.- 2010.- 22 sentyabr.- S. 15.