Korifey sənətkarlar

 

    Səhnəmizin və ekranımızın Qayınanası

  

   Teatr və kino aktyorları arasında elə sənətkarlar var ki, şöhrəti onillərdən onillərə, bir tarixi dövrdən digərinə keçərək yaddaşlarda əbədi yaşayır. Xalq artisti Nəsibə Zeynalova məhz belə sənətkarlardan idi.

  

   Bir dəfə Nəsibə xanımla söhbət edərkən yaradıcılığa nə vaxtdan başladığını soruşdum. Cavab həm gözlənilməz, həm də maraqlı idi: «1936-cı ildən yaradıcılıq fəaliyyətinə başlamış, həmin ildən Bakı filarmoniyasında mahnı və rəqs ansamblının rəqqasəsi olmuşam. O vaxt mənə dedilər ki, rəqs etmək istedadın yoxdur. Mən də 1937-ci ildə Bakıdakı kolxoz-sovxoz səyyar teatrına keçdim, teatr truppasının aktyoru oldum. Bakının kəndlərindən tutmuş uzaq rayonlara qədər gedib tamaşalar verirdik. Burada da mənə bildirdilər ki, aktyorluq bacarığım yoxdur. Teatrdan çıxmalı oldum. Üçüncü dəfə özümü Musiqili Komediya Teatrında sınamağı qərara aldım. «Evli ikən subay» tamaşasında Qaraçı qız rolunda çıxış etdim. Elə o vaxtdan həmin teatrda çalışmağa başladım. Kinoda isə ilk dəfə 1958-ci ildə «Ögey ana» filmində Fatmanisə rolunda çəkildim».

   Qüdrətli gülüş ustası, Azərbaycan teatr və kino tarixinə adını qızıl hərflərlə yazmış Xalq artisti Nəsibə Zeynalovanın mənim sualıma verdiyi cavabdan məlum olur ki, görkəmli sənətkarın həyatı kimi yaradıcılıq yolu da hamar və rahat olmayıb. Aktrisanın həyat və yaradıcılığına həsr olunmuş «Ayın görünməyən üzü» kitabını oxuyarkən fikirləşirsən ki, insan həyatı boyu nə qədər çətinliklərlə üzləşə bilər? Bəzən insanın çiyinlərinə düşən çətinliklər, problemlər o qədər ağır olur ki, həyat onun üçün mənasını itirir.

   Nəsibə xanım da bir vaxtlar onu komediya teatrı üçün sözün həqiqi mənasında kəşf edən tanınmış rejissor Şəmsi Bədəlbəyliyə üz tutaraq göz yaşları içində demişdi: «Bezmişəm, Şəmsi, bezmişəm, hər şeydən, haqsızlıqlardan, yalanlardan bezmişəm...»

   Azərbaycan teatrının banilərindən və ilk aktyorlarından biri, komediya ustası Cahangir Zeynalovun hələ övladı olmamışdan qabaq ona verilən «Sizin varisiniz kim olacaq» sualına o, belə cavab vermişdi: «hələlik mənim varisim var: bizim səhnəmiz mənim varisim ola biləcək ən etibarlı övladdır». Teatrın böyük gələcəyinə inanan teatr xadiminin bir qızı oldu, adını Nəsibə qoydu. Balaca Nəsibə də böyüdü və atasının yolunu ləyaqətlə davam etdirdi.

   C.Zeynalov vəfat edəndə qızı Nəsibənin üç yaşı vardı. 14 yaşından zəhmətə qatlaşan bu yeniyetmə qız Bakı Elektrik Təchizatı Şəbəkəsinin laboratoriyasında laborant, «Azərsənət» Birliyində mühasib köməkçisi, tramvay parkında tabelçi, topdansatış anbarında fəhlə işləyir.

   Nəsibə xanım aktrisa olmaq fikrinə düşəndə anası Hüsniyyə xanım heç cürə bununla razılaşmır. Ancaq qızın qərarı qəti idi: mən aktrisa olacağam! O, 1938-ci ildə Bakı Teatr Texnikumuna daxil olur. Texnikumu bitirəndən sonra Musiqili Komediya teatrında fəaliyyətini davam etdirir. Lakin bəxtindən teatr 1949-cu ildə müvəqqəti olaraq bağlanır və aktrisa həmin ildən Bakıdakı Nizami adına kinoteatrın yay zalında kassir, mədəniyyət evində dram dərnəyinin rəhbəri, Filarmoniyanın estrada sektorunda aktrisa işləyir. 1956-cı ildə Musiqili Komediya Teatrı yenidən qapılarını tamaşaçıların üzünə açır və Nəsibə xanım doğma sənət ocağına qayıdır.

   Görkəmli aktrisanın ilk sənət müəllimləri - atası Cahangir Zeynalov, rejissorlardan Aleksandr Tuqanov, Şəmsi Bədəlbəyli, aktyor Ağasadıq Gəraybəyli olmuşlar. Tanınmış rejissor Ş.Bədəlbəyli vəfat edəndə Nəsibə xanım bir söz işlədir: «Şəmsi Bədəlbəyli ölümü ilə məni ikinci dəfə yetim qoydu...» Halbuki Ş.Bədəlbəyli vəfat edəndə Nəsibə Zeynalovanın nə az, nə çox, düz 70 yaşı vardı.

   Həyat isə öz axarında davam edirdi. Aktrisa öz fitri istedadı ilə insanlarda gözəlliyə məhəbbət hissini aşılayırdı: O, eybəcərlikləri ifşa edir, öz sənəti ilə tamaşaçılara sevinc bəxş edir, onları güldürür, eyni zamanda, düşündürürdü.

   Nəsibə xanım uzun illər çalışdığı Musiqili Komediya Teatrının səhnəsində «Arşın mal alan» operettasında Cahan xala, «O olmasın, bu olsun»da Sənəm, «50 yaşında cavan»da Kələk xanım və Mələk xanım, «Durna»da Şərəf, «Gözün aydın»da Nargilə, «Ulduz»da Züleyxa, «Özümüz bilərik»də Şölə xanım, «Ev bizim, sirr bizim»də Əsmət, «Qayınana»da Cənnət və s. rollar oynayıb, hər bir obraz xarakter aydınlığı, milliliyi və təbiiliyi ilə aktrisaya şöhrət qazandırıb.

   Görkəmli aktrisa qətiyyəti, ağır zəhməti sayəsində tükənməz istedadını ildən-ilə cilalayaraq, teatrda olduğu kimi, kinoda da təkrarsız obrazlar yaradıb. Olduqca geniş diapazona malik Nəsibə xanım «Mollanın sərgüzəşti»ndə fırıldaqçı kənd mollasının arvadı Gülsümü, «Böyük dayaq»da kolxozçu Tellini, «Qanun naminə»də iki personajı - təkəbbürlü və dikbaş Şəhla xanımı və kəndçi qadını, «O qızı tapın»da daim kürəkənindən narazı Meyransa xanımı, «Xoşbəxtlik qayğıları»nda xeyirxah qonşu Kişvəri, «Qorxma, mən səninləyəm»də əqli zəif Mərdanın hökmlü anasını, «1001-ci qastrol»da Şərəbanı nənəni , «Güllələnmə təxirə salınır»da satıcı Xanbacını eyni inandırıcılıqla, səmimiliklə və məharətlə oynayıb.

   Lakin «Ögey ana» filmindəki kiçik rol - araqarışdıran Fatmanisə, «Ulduz»dakı təmiz qəlbli, xeyirxah ferma işçisi Züleyxa, «Bizim Cəbiş müəllim»dəki alverçi, yeri gələndə xeyirxah olan Suğra xala, «Qayınana»dakı hökmlü və iddialı qayınana Cənnət, «Yuxu»dakı mehriban və istəkli Məsmə nənə obrazları aktrisaya daha böyük şöhrət qazandırıb.

   Bundan başqa, «Mozalan» satirik kinojurnalının bir çox süjetlərindəki rolları aktrisanın özünəməxsus yumoru, milli koloriti, açıq temperamenti ilə seçilir. Bu rollar onun ifasında olduqca təbii və inandırıcıdır.

   1958-ci ildə çəkilmiş «Ögey ana» məişət dramında Nəsibə xanımın yaratdığı Fatmanisə obrazı ikinci planda olsa da, tamaşaçıların yadından bu gün də çıxmayıb. Film çəkilib qurtarandan sonra quruluşçu rejissor Həbib İsmayılov aktrisa üçün yazdığı xasiyyətnamədə onun filmdəki işini belə xarakterizə edib: «Aktrisa Nəsibə Zeynalova teatrda ona xas olan sadəliklə və incə yumorla inandırıcı və fərdiləşdirilmiş obrazlar yaradır. Sevindirici hal budur ki, aktrisa hər hansı bir obraza asanlıqla daxil ola bilir. Bu cəhət kinematoqraf üçün də olduqca qiymətlidir. Bu baxımdan «Ögey ana» filmində Fatmanisə rolu üzərindəki işi nümunə ola bilər. Gənc Nəsibə Zeynalova bu filmdə qoca qarı obrazını canlandırır. O, xaricən qocalıb əldən düşmüş, arıq və sifəti qırışlarla dolu olan, saçları pırpız, daxilən isə köhnə fikirli, araqarışdıran, bisavad kəndli qadındır. Əsası isə budur ki, bütün bunlara inanırsan. Ona görə inanırsan ki, aktrisa milli koloritdə orijinal və inandırıcı obraz yaratmağa müvəffəq olub...»

   O vaxtlar Bakı kinostudiyasının qonağı olmuş tanınmış gürcü kinodramaturqu Georgi Mdivani filmə baxandan sonra qeybətcil Fatmanisəni oynayan yaşlı ağbirçək aktrisanın kimliyilə maraqlanmışdı. Sonra Nəsibə xanımı onunla tanış edəndə gürcü kinodramaturqu gözlərinə inanmayıb demişdi: «Bu cavan qadını yox, filmdə qarını oynayan qoca aktrisanı soruşurdum...»

   Beləliklə də, hələ bu filmdə aktrisa güclü xarakter, tipaj ustası olduğunu nümayiş etdirmişdi. Bu fikri aktrisanın digər filmlərindəki rollarına da şamil etmək olar.

   Bəstəkar Süleyman Ələsgərovun eyniadlı operettasının motivləri əsasında rejissor Ağarza Quliyevin çəkdiyi «Ulduz» musiqili kinokomediyasında Nəsibə Zeynalovanın yaratdığı Züleyxa, tamaşada olduğu kimi, kinoda da uğurlu ekran qəhrəmanlarından biridir. Meşşan təbiətli, hökmlü Nazilədən fərqli olaraq Züleyxa pak, namuslu, ismətli, zəhmətkeş Azərbaycan qadınlarından biri kimi tamaşaçıların yaddaşına həkk olunub. Uzun illər Musiqili Komediya Teatrında görkəmli aktyor Lütfəli Abdullayevlə birgə oynadıqları Züleyxa-Məhəmməd dueti eyniadlı filmdə də təbii və inandırıcı alınıb.

   Rejissor Muxtar Dadaşov «Qanun naminə» filmində Nəsibə Zeynalovanı iki rolda - təkəbbürlü Şəhla xanım və qoca kəndli qarı rollarında çəkib. Nəsibə xanımın ifasında Şəhla xanım özündən razı, daş-qaş sevən, özünü kübar xanım kimi göstərən, lakin mənəviyyyatca kasıb qadındır. Aktrisanın digər rolu kəndli qarı isə 30-cu illərin uzaq dağ kəndlərində yaşayan, nadan, işini-gücünü buraxıb onun-bunun sözünü gəzdirən adamların tipik nümayəndəsidir.

   Rejissor Həsən Seyidbəylinin çəkdiyi «Bizim Cəbiş müəllim» kinopovesti Böyük Vətən müharibəsi illərində arxa cəbhədə insanların çətin həyat tərzindən, onların məişətindən, qayğılarından bəhs edir. Burada uğurlu aktyor oyunları çoxdur. Filmdə müxtəlif xarakterli, müxtəlif biçimli adamlarla tanış oluruq. Bakıdakı böyük həyətlərdən birinin sakini olan Suğra xala Nəsibə Zeynalovanın ifasında xarakterli qadındır. Bu filmdəki rolu aktrisanın o dövrdə kinematoqrafda ən yaxşı işlərindən biri oldu.

   İstər teatrda, istərsə də kinoda aktrisaya əsl şöhrət qazandıran Cənnət xala obrazı olub. Təsadüfi deyil ki, kinematoqrafçılarımız da Məcid Şamxalovun məşhur «Qayınana» pyesinə maraq göstərmiş və əsərin motivləri əsasında eyniadlı musiqili kinokomediya yaradıblar. Geniş yaradıcılıq diapazonuna malik aktrisa filmdə Cənnət üçün yeni cizgilər, boyalar, maraqlı mizanlar axtarıb tapsa da, teatrdan fərqli olaraq rejissor Hüseyn Seyidzadə bu obrazı bədii kamillik səviyyəsminə qaldıra bilməyib. Buna baxmayaraq kinoda qayınananı qayınana edən Nəsibə xanımın koloritli, duzlu oyunu olub. Təsadüfi deyil ki, film 1979-cu ildə Aşqabadda XII Ümumittifaq kinofestivalında uğurla nümayiş etdirilmiş və aktrisa Nəsibə Zeynalovaya diplom verilmişdi.

   Musiqili Komediya Teatrının Moskva qastrolları zamanı görkəmli aktrisanın yaradıcılığı ilə tanış olan teatrşünas Valentina Rıjova «Teatr» jurnalının 1968-ci il 8-ci nömrəsində «Nəsibə Zeynalova ilə görüş» məqaləsində yazıb: «Bu görkəmli aktrisa hazırda tutduğu yaradıcılıq mövqeyinə görə dünyanın ən məşhur komik səhnə ustaları ilə bir səviyyədə durmağa tam layiqdir».

   Öz gözəl oyunu ilə ümumxalq məhəbbətini və rəğbətini qazanmış Nəsibə Zeynalova fitri istedada malik böyük sənətkar idi. İstedad, həvəs və zəhmət - bu üç amil onun həyatında və yaradıcılığında ömrü boyu bir vəhdətdə olub. O, obrazı özündə yaşadırdı, özü də obrazda yaşayırdı.

   Vaxt ötür, maraqlar, zövqlər, tələblər dəyişir. Kino da dəyişikliyə uğrayır, müasirləşir. Lakin N.Zeynalovanın çəkildiyi filmlər və onun yaratdığı qəhrəmanlar yaşayır və yaşayacaq.

  

 

   Aydın Kazımzadə

 

   Mədəniyyət.- 2010.- 22 sentyabr.- S. 13.