Xatirələrdə yaşayan sənətkar

 

   Abdulla Şaiq - 130

  

   Görkəmli yazıçı, pedaqoq, Azərbaycan ədəbiyyatının klassiki Abdulla Şaiq (1881-1959) uzun illər öz ədəbi-bədii yaradıcılığı və pedaqoji fəaliyyəti ilə gənclərimizin mənən saflaşmasına, onlarda yüksək insani hisslər yaradılmasına xidmət etmişdir.

  

   Ədibin əsərləri - şeir və poemaları, dram və hekayələri geniş oxucu və tamaşaçı kütləsini cəlb etmiş, eyni zamanda, tənqid və ədəbiyyatşünaslığın da diqqət mərkəzində olmuş, onun yaradıcılığı barədə dissertasiyalar, monoqrafiyalar, çoxsaylı məqalələr yazılmışdır.

   Bir neçə nəsil Şaiqin tələbəsi olmuş, onun hazırladığı dərslikləri oxumuşdur. Onun adı hələ sağlığında ikən geniş yayılmış, xeyirxah, mehriban, namuslu müəllim-vətəndaş simvolu olmuş, ədəbi-bədii, elmi əsərlərə, xatirələrə çevrilmişdir.

   Hələ 1923-cü ildə Bakıda yazıçının pedaqoji fəaliyyətinin 20 illiyinə həsr olunmuş təntənəli yubiley - «Şaiq gecəsi» keçirilmişdir. Həmin yubileylə əlaqədar «Talıbzadə Abdulla Şaiq» adlı kitab nəşr olunmuş, buraya Şaiq haqqında xatirələr, ürək sözləri, bədii əsərlər və məqalələr daxil edilmişdir. Onun haqqında sonralar da bir sıra xatirələr qələmə alınmışdır.

   Sənətkarın müasirləri və tələbələrinin xatirələri xüsusi maraq doğurur. Xatirə müəllifləri, akademik Kamal Talıbzadənin qeyd etdiyi kimi, «ədibin fəaliyyətinin müxtəlif sahələrini müəyyən mənada şəxsiyyəti ilə əlaqələndirməyə çalışmış, müəllim-şəxsiyyət, ictimai xadim-şəxsiyyət, yazıçı-şəxsiyyət problemi ətrafında mülahizələr söyləmişlər, onun insani keyfiyyətləri ilə yaradıcılığı arasındakı vəhdəti həmişə bir qanuni xüsusiyyət kimi nəzərə çarpdırmışlar».

   Görkəmli yazıçı, alim və ziyalılardan Atababa Musaxanlılın, Seyid Hüseynin, Vəli Hacıoğlunun, Mehdi Hüseynin, Məmməd Arifin, Əfrasiyab Bədəlbəylinin və başqalarının xatirələrində Abdulla Şaiqin şəxsiyyəti haqqında incə məqamlarla rastlaşırıq. Həmin xatirələrdən qəti olaraq müəyyənləşir ki, müəllim, yazıçı, ictimai xadim Şaiqin şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayır.

   Ədəbiyyatşünas Atababa Musaxanlı yazır: «…Şaiqi müəllim olmaq həvəsilə geniş bir əxlaqın, kiçik bir sükutun mərhələsi, şair olduğu üçün həssas bir ruhun, incə bir düşünüşün yaradıcısı - deyə tanıda bilərik».

   Akademik Məmməd Arif isə Şaiqə müraciətlə belə yazmışdır: «Sizi yaxından tanıyanlar yaratdığınız əsərlərlə şəxsiyyətiniz arasında qəribə bir uyğunluq olduğunu görürlər».

   Şaiqi tanıyanlar və tələbələri öz yazılarında onun şəxsiyyətində olan bir sıra keyfiyyətlər haqqında məlumat verirlər. Biz burada Şaiqin səmərəli əbədi və elmi-pedaqoji fəaliyyəti ilə birlikdə şəxsiyyətindəki bütövlük, paklıq, təvazökarlıq, qayğıkeşlik və s. insani keyfiyyətlərlə tanış oluruq.

   Bu barədə akademik Məmməd Cəfərin xatirələri çox maraqla oxunur: «…qayğıkeşlik onun təbiəti, xarakteri ilə bağlı olmaqla bərabər, həmçinin dünya baxışı ilə əlaqədar olan bir xüsusiyyətdir». Şaiqin tələbələrindən biri, görkəmli mədəniyyət xadimi, tərcüməçi Adil Əfəndiyev belə yazmışdır: «Səmimiyyət Şaiqin varlığının əsas keyfiyyəti, rəmzi idi. Onun bütün hərəkətləri, sinifə gəlişi, salam verməsi, tələbələrlə görüşü, öz-özlüyündə bir əxlaq və tərbiyə dərsi olardı».

   Müasirləri Şaiqi ürəkdən sevmiş, onun barəsində ən xoş sözlər söyləmişlər. Bu baxımdan Firudin bəy Köçərlinin, Hüseyn Cavidin, Abdulla Surun, Mustafa Quliyevin, Səməd Vurğunun, Mirzə İbrahimovun, Mir Cəlalın ürək sözləri çox maraqlıdır. Şaiq şəxsiyyətinə və yaradıcılığına dərin hörmət bəsləyən Səməd Vurğun yazmışdır: «Sizin adınız hər bir azərbaycanlı üçün əzizdir. Çünki siz bütün ömrünüz boyu xalqımızın ən nəcib duyğularını, yüksək humanist əməllərini tərənnüm edən gözəl bir sənətkar, böyük bir insan olmusunuz».

   Bu sözlər isə Mir Cəlala məxsusdur: «Abdulla Şaiqin fikrini həmişə məşğul edən azad mədəni həyat, müasir ictimai məsələlər, xalqın dərd və ehtiyacları idi».

   Şaiqə həsr olunmuş ilk bədii əsərlər hələ 1923-cü ildə qələmə alınmışdır. O vaxtlar Adil Həcdət, Məmməd Süad, Bədrəddin Seyidzadə, Hüseyn Nəcdət kimi şairlər ona şeirlər həsr etmiş, daha sonra Səməd Vurğun, Süleyman Rüstəm, Mirmehdi Seyidzadə, Bəxtiyar Vahabzadə və başqaları öz şeirlərində Şaiqin obrazını yaratmışlar.

   Şaiqə həsr olunmuş elmi məqalələrdən onun yaradıcılığının müxtəlif cəhətləri ilə tanış oluruq. Bu tədqiqat işlərindən məlum olur ki, Abdulla Şaiq öz ədəbi-bədii, elmi-pedaqoji fəaliyyəti ilə «Azərbaycan xalqının minlərlə oğlunu tərbiyələndirmiş, onların qəlbinə əsl humanizm duyğuları aşılamış, köləliyə və haqsızlıq dünyasına sonsuz bir nifrət hissi oyatmış, XX əsr Azərbaycan ədəbiyyatı tarixində şərəfli bir mövqe tutmuş, lirik nəsrimizin təməl daşını qoymuş, öz bədii lövhələrində saf Azərbaycan dilinin gözəlliklərini təcəssüm etdirmiş» (Mehdi Hüseyn) bir sənətkar olmuşdur.

   Abdulla Şaiqə həsr olunmuş xatirələri, digər yazıları oxuyanda illər otdükcə gəncləşən, gözəl yazıçı və müəllim, «mələk kimi bir insan» (Hüseyn Cavid) Şaiqə məhəbbətimiz daha da artır.

  

 

   Adilxan Bayramov

 

   Mədəniyyət.- 2011.- 13 aprel.- S. 14.