Tanınmış aktyor rejissor Ceyhun Mirzəyevin 65 illiyi qeyd edildi

 

   Aprelin 11-də Dövlət Film Fondunda tanınmış aktyor və kinorejissor Ceyhun Mirzəyevin 65 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi. Tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Ceyhun Mirzəyevin həyat və yaradıcılığından danışdı. Qeyd olundu ki, akyorun ifa etdiyi filmlər toplanaraq Dövlət Film Fondunda saxlanılır. Sonra mərhum sənətkarın yaradıcılığından bəhs edən videoçarx nümayiş olundu.

   Tədbirdə çıxış edən kino xadimləri Ceyhun Mirzəyevin Azərbaycan kino tarixindəki xidmətlərindən söz açdılar. Sənətkarın tələbə yoldaşı olmuş Ənvər Əbluc bildirdi ki, Ceyhun Mirzəyev qısa ömür yaşamasına baxmayaraq, yaratdığı hər bir obrazla insanların ürəyinə yol tapmağı bacarıb. Xalq artisti Fuad Poladov, əməkdar artistlər Ramiz Əzizbəyli, Elxan Qasımov, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, sənətkarın həyat yoldaşı Lidiya Mirzəyeva mərhumla bağlı xatirələrini bölüşdülər.

   Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib, Moskvada təhsilini davam etdirib. Aktyor kimi 20-dən artıq filmdə rol alıb. İlk rolu 11 yaşında “Görüş” filmində olub. 12 yaşında isə “Ögey ana”da İsmayıl roluna çəkilib. Bu rol ona şöhrət gətirib. Bundan sonra “Əsil dost”, “Mateo Falkone”, “Qara qağayı” (“Lenfilm”), “Koroğlu”, “Kompanyeros” (Odessa kinostudiyası), “Yenilməz batalyon”, “Qanun naminə”, “Dəli Kür”, “Yol əhvalatı”, “Lətifə”, “Fəryad” və digər filmlərdə müxtəlif səpkili rollar ifa edib.

   C.Mirzəyev kinostudiyada rejissor köməkçisi və aktyor olaraq çalışıb, rejissor kimi filmlər çəkib. “Mozalan” satirik kinojurnalının bədii rəhbəri olub.

   Görkəmli kino ustasının son ekran əsəri “Fəryad” filmi olub. Bu filmin həm rejissoru olub, həm də baş rolu ifa edib. Lakin 1994-cü ildə dünyasını dəyişən C.Mirzəyevə filmin premyerasını görmək qismət olmayıb.

 

 

   Yeganə

 

   Mədəniyyət.- 2011.-13 aprel.- S.7.