“Almaz”
– 75
Kino tariximizdən
Filmin çəkilişləri ilə
bağlı kadrarxası müzakirələr
1934-cü il dekabrın 31-də Cəfər
Cabbarlı vəfat edəndən sonra böyük dramaturqun
ssenarisi əsasında “Almaz” filminin çəkilişi ilə
bağlı yaradıcı qrupla studiyanın rəhbərliyi
arasında uzun müddət söz-söhbət getdi. Bu cəhətdən
kinostudiyada keçirilən iclaslarda aparılan müzakirələr
diqqəti cəlb edir.
“Azərfilm” tresti kinofabrikinin bədii
şöbəsinin 7 may 1935-ci il tarixli iclasının
protokolu. Gündəlikdə: “Almaz” ssenarisi üzrə rejissor
şərhi.
Braginski: Ssenariyə 1936-cı il
mövqeyindən yanaşmaq və filmi nikbin əhval-ruhiyyədə
yaratmağı qarşımıza məqsəd qoymuşuq.
Dubrovski: İndiki vəziyyətdə
iki məsələ qiymətlidir: birincisi, bu ssenari Cabbarlınındır.
İkincisi, ssenari filmi yaratmaq üçün tam əsas
verir. Yalnız düzgün başa düşmək və
obrazları şərh etmək lazımdır.
Braginski: Mən səsli filmin tərəfdarıyam.
Biz əsl səsli ssenari hazırlamalıyıq. Onu etmək
asandır. Ona görə ki, əlimizdə pyes və ssenarinin
səssiz variantı var. Quruluşun iki variantda - türk və
rus dillərində olması məni o qədər də
qorxutmur. Aktyorlarımız dili bilirlər. İndiki halda
aksentin qalmasında qorxulu heç nə yoxdur. Bu baxımdan
Barnetin təcrübəsi ən yaxşı göstəricidir
(“Mavi dənizin sahilində” ilk səsli Azərbaycan bədii
filmi nəzərdə tutulur - A.K.). Yusifi rus səhnəsinin
aktyoru oynayır. O, bilərəkdən aksentini bildirir.
Danışıq isti və inandırıcı alınır.
Hər halda “Almaz” səsli filmini bir ildən sonra ekrana
buraxacağıq.
Səsli filmi yaratmaq qərarı
daha hansı çətinlikləri ortaya çıxaracaq?
1. 1935-ci il planını yerinə
yetirməmək. 2. Quruluşun bahalaşması 3. Ssenarinin
bütün instansiyalardan keçirilməsinin vacibliyi. 4. Gənc,
təcrübəsiz rejissorlara xüsusi diqqətin yetirilməsi.
Bu o deməkdir ki, bu il nəzərdə tutduğumuz kimi, biz
“Almaz” filmini ekranlara buraxmayacağıq.
N.Şengelaya: Mən kadr məsələsinə
toxunmaq istəyirəm. Əgər adamlar bizim işimizlə
üzvi şəkildə qaynayıb qarışsalar mən
onların kinofabrikə dəvət olunmasının əleyhinə
deyiləm. Düzdür, fabrik adamları dəvət etməlidir,
lakin eyni zamanda öz milli kadrlarını yaratmalıdır.
Bu isə risklə bağlıdır.
Nəyə görə
Gürcüstan Dövlətkinosənayenin kadrları
vardır? Biz bu il istehsala altı yeni film buraxmışıq.
Rəhbərlik bu işi bacarıqla görmüşdür.
İstedadlıları birdən-birə toplaya bilməzsən.
İstedad iş prosesində üzə çıxır. Risk
etmək lazımdır. Bu çox böyük məsuliyyət
tələb edən işdir. Heç bir Şengelaya heç
nə edə bilməz, əgər bütün fabrik
kollektivində “Almaz” filmini səsli etmək üçün
cəsarət tapılmasa. Mən yalnız köməklik
göstərə bilərəm.
Dubrovski: Almaz kəndə məcburi
yox, öz arzusu ilə getmişdir. O, qarşısına
çıxan bütün çətinliklərə
baxmayaraq, onları aradan qaldırmağa səy göstərir.
Braginski: “Almaz”ın səsli
quruluşuna gəldikdə mən bunları söyləyə
bilərəm ki, biz Dubrovski ilə birgə hələ
Cabbarlının sağlığında onun yanında olarkən,
o, “Almaz”ı nə üçün səsli etmək lazım
gəlmədiyini qeyd etmişdi. O, demişdi: “Məni xalq nə
üçün sevir, çünki mən onların dilini
bilirəm, mən onların nə düşündüklərini
bilirəm...”. Səsli film üçün pyesdən ssenari
yaratmaq məsələsi Cəfər Cabbarlını
çox narahat edirdi.
Sultanov, kinematoqrafiya naziri:
İndiki mərhələdə səsli filmlər bizim
inkişafımızın yeni pilləsini təşkil edir. Bu
məsələ düzgün qoyulmuşdur, həm də
aktualdır. Əlbəttə, bu fikri həyata keçirmək
risklə, çətinliklərlə bağlıdır.
Çünki bu yeni işdir. Şengelaya öz fikrini söylədi
və səsli filmin yaradılması məsələsini
qaldırdı.
M.Ağamirov, “Azərfilm”in
direktoru, iclasın qərarını elan edir: “Almaz” filminin
çəkilişlərini dayandırırıq və
bütün işçiləri ssenarinin səsli
variantının hazırlanmasına yönəldirik.
“Azdövlətkinosənaye”
kinofabrikinin bədii şöbəsi əvvəlki iclasdan 18
gün sonra yenidən iclas çağırmalı oldu. Yenə
də gündəlikdə “Almaz” ssenarisi üzrə rejissor
işi məsələsi dururdu.
Braginski: Biz işimizdən
narazıyıq. Bəzi səhnələri yenidən çəkmək
istərdik. İşə başlamazdan əvvəl hiss
etmişdik ki, ssenari
ağırlaşdırılmışdır. Səhvimiz
ondadır ki, biz rejissorlar ssenariyə tənqidi
yanaşmadıq. Ssenaridə çoxlu mənfi, az müsbət
obrazlar vardır. Heç də bütün aktyorlardan razı
deyiləm. Almazla (bu rolu ifa edən aktrisanı nəzərdə
tutur - A.K.) işləmək çox çətindir, lakin biz
ondan razıyıq.
Dubrovski: Qeyd etmək istəyirəm
ki, film çəkilən zaman ssenari haqqında belə
danışmaq yaxşı üsul deyil. Ssenari ikiqat qiymətlidir:
birincisi, ona görə ki, o Cabbarlı tərəfindən
yazılmışdır. İkincisi isə ona görə ki,
ssenari bizim tərəfimizdən lazımi qiymətini
almışdır. Bu ssenari filmin uğuruna tamamilə təminat
verir. Mənim fikrimcə, ssenari uğurludur. O sizin işinizdə
təməl daşı olmalıdır. Ayrı-ayrı səhnələr
çox yaxşıdır.
Tomski: Bizim rejissorlarımız
ssenarinin quluna çevrilmişlər.
Dubrovski: Ssenaridə kənddə
aparılan sinfi mübarizənin müəyyən tarixi mərhələsi
öz əksini tapmışdır. Məsələ heç
də onda deyil ki, ssenaridə dəyişikliklər
aparasınız, əsas məsələ odur ki, materialı
düzgün təqdim edəsiniz. Nəzərə almaq
lazımdır ki, yol. Braginski dramaturq kimi yol. Cabbarlıdan zəifdir.
Bu ssenari dramaturji cəhətdən təməl
daşıdır. Filmi də məhz onun əsasında
çəkmək lazımdır. Bu ssenaridə əsas məsələ
Almaz obrazıdır. Heç bir şeylə əsaslanmayan
ssenarinin dəyişdirilməsi haqqında yox, obrazların
traktovkası, rejissor işi barədə danışmaq
lazımdır.
Almaz sovet həqiqətlərinin
müsbət başlanğıcının
daşıyıcısıdır. Əgər o, bütün
film boyu həyatsevərliyini qoruyub saxlaya bilsə - bu, yubka
geymiş “Çapayev”dir. Ssenari bütünlüklə
Almazın mənfi qüvvələrə qarşı
mübarizəsi üzərində qurulmuşdur. Dəzgahların
işə salınması ilə bağlı çətinliklərin
aradan qaldırılması, Hacı Əhmədlə əlaqədar
səhnələr, Şərifə olan inamın itməsi nəticəsində
ona qarşı aparılan mübarizə - bütün bunlar gənc
müəllimənin mübarizəsinin mərhələləridir.
Almaz əvvəlcə tərəddüd
edir, sonradan onun hərəkəti qəhrəmanlığa
çevrilir. Dramaturji cəhətdən müəllimənin
vəziyyəti getdikcə mürəkkəbləşir.
Obrazların traktovkasına, ssenariyə
rejissor münasibətinə yenidən baxmaq lazımdır. Əsas
məsələ mərkəzi Almaz obrazıdır. Əgər
rejissorlar filmi çəkə bilmirlərsə, bunu demək
lazımdır. Nəinki Almaz soyuqdur, həm də sizin ssenariyə
münasibətiniz soyuqdur. Ssenariyə münasibətinizə
yenidən baxmalısınız. Əgər rejissorlar hiss edirlər
ki, yaxşı film çəkə bilərlər, qoy işləsinlər.
Əgər bunu hiss etmirlər, qoy desinlər. Ssenariyə
xırda düzəlişlər aparmaq lazımdır.
P.S. Burada məqaləyə nöqtə qoymaq olardı, əgər “Azərfilm” Moskvadan Kinofilmlərin Baş İdarəsindən aşağıdakı məzmunda məktub almasaydı. Məktubda deyilirdi: “Yol. İ.P.Dubinskiyə. Şəxsən.
Kinofilmlərin Baş İdarəsi sizin xahişinizi nəzərə alaraq, belə hesab edir ki, səssiz variantda olan “Almaz” filmini əsasən musiqi partiturası, harada mümkünsə səs və hay-küylə səsləndirəsiniz.
Bu filmin səsləndirilmə proqramına söz və dialoqlardan istifadə olunması daxil edilməməlidir. Filmi səsləndirərkən bir daha onun montajını yoxlamalı, əsərin ritmini pozan kadrları qısaltmalı.
Hazır film təhvil verilməlidir:
1 avqust 1936-cı il”.
* * *
Bəzi mənbələrdə
“Almaz” ilk səsli bədii film kimi təqdim olunmuşdur. Əslində
isə “Almaz” Azərbaycan kinosunun sonuncu səssiz filmidir. Bu
film iki variantda çəkilmişdir. Yəni birinci variant tam
səssizdir. İkinci variantda isə yalnız musiqidən
istifadə edilmişdir. Filmə musiqini bəstəkarlar Niyazi
və Zülfüqar Hacıbəyli yazıb. Lakin aktyorlar
danışmırlar. Aktyorların dialoqları yazılar vasitəsilə
verilmişdir.
Aydın Kazımzadə,
Əməkdar
incəsənət xadimi
Mədəniyyət.-
2011.- 20 aprel.- S. 10.