Kəndlərimizin turizm potensialı: Ləzə

 

   Qusar rayonunun  Ləzə kəndi Qafqaz sıra dağlarının şimal-şərqində, Şahdağın ətəyində, dəniz səviyyəsindən 1300 m yüksəklikdə yerləşir. Kənd əsrarəngiz təbiəti ilə diqqət çəkir. Kənd sakinləri ev təsərrüfatı, arıçılıq, quşçuluq, heyvandarlıqla məşğul olurlar. Son vaxtlar bu yerlərə gələn xarici turistlərin sayı artdığından məktəblilər ingilis dilini öyrənməyə xüsusi həvəs göstərirlər.

  

   Qusar Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri David İbrahimxəlilov deyir ki, bu il Qusara gələn turistlərin sayı artıb. Rayona istirahətə gələnlər ilk növbədə Ləzə kəndinə getmək istəyirlər: “Azərbaycanın bütün bölgələri kimi Qusar rayonu da turistlərin diqqətini çox cəlb edir. Turistlərin çoxu Ləzəni görməyə can atır. Buna səbəb səfalı təbiəti, gözəl mənzərəsidir. Ləzə həm də tarixi abidələri ilə maraq doğurur. Kənd ətrafında ziyarətgahlar, pirlər var”.

  

   Gəzməli-görməli yerləri

  

   Ləzəni gəzib-görməyə bir gün bəs etməz desək, yanılmarıq. Turizm şirkətləri istirahətə gələnlərə maraqlı turlar təşkil edirlər. Bu turlar Ləzə ilə məhdudlaşmır; yolüstü tarixi abidələr, təbiət abidələri ilə tanışlığı da bu proqrama əlavə edirlər. Yolboyu təbii mənzərələrin seyri, ecazkar dağ şəlalələrinə baxış, kəndin məişət həyatı və etnoqrafiyası ilə tanışlıq qonaqları valeh edir. Qonaqlar daha çox kənd evlərində qalmağa üstünlük verirlər. Bundan əlavə, kənddən bir qədər kənarda “Suvar” İstirahət Mərkəzi də yerləşir ki, burada turistlərin qalmaları üçün lazımi şərait var.

   XVIII əsrin sonuna aid edilən məscid və “Hacı seyid baba” piri kəndin ən diqqətəlayiq yerlərindəndir. Yerli əhali pirin yanında yerləşən müqəddəs məzarları ziyarət edirlər. Kənddən bir az aşağı Qusarçayın üzərində qədim qəbiristanlıq var.

   Kəndin görməli yerlərini atla və ya piyada gəzmək olar. Ləzəyə gələnləri Şahdağ massivinin qayaları arasında dərin mağara, Qusarçayın üzərində yerləşən qədim daş körpü də cəlb edir. Yeri gəlmişkən, Şahdağ zirvəsinə qalxan yolda şəlalələr qışda sıldırım buzlaqlara çevrilərək çox gözəl mənzərə yaradır. Qusarçay çayın o biri sahilində, kəndlə üz-üzə uca təpədə qədim qala divarlarının qalıqları var.   

 

   Qış turizmi üçün ideal məkan

  

   “Suvar” istirahət mərkəzinin icraçı direktoru Ramin Günəşov Ləzə kəndinə ilin müxtəlif vaxtlarında qonaqların olduğunu deyir. Bura ən çox turist səfərləri isə yay aylarında olur. İstirahət mərkəzi 60 yerlikdir. Kənd evlərində qalmağa üstünlük verməyən turistlər burada kotteclərdə yerləşdirilir. Mərkəz bir sıra turizm şirkətləri ilə əməkdaşlıq edir.

   Qışda burada qar çox olur. Ləzənin təbiət abidələri ilə zəngin olması, qış aylarında şəlalələrin donması, qar örtüyünün uzun müddət qalması burada idman turizminin inkişafına əlverişli şərait yaradır. Kəndin coğrafi şəraiti idman turlarının təbiət abidələri ilə əlaqələndirilməsinə, digər turizm ehtiyatları ilə birgə istifadəyə imkan verir. Ləzə kəndi yaxınlığındakı qayalarda Azərbaycan Hava Ekstremal İdman Növləri Federasiyası tərəfindən müxtəlif yarışlar keçirilir. İdmançılar kənd yaxınlığındakı şəlalələrin donmasını xüsusi səbirsizliklə gözləyirlər. Qışda bu yerlərdə buza dırmanma üzrə maraqlı yarışlar təşkil edilir.

   Onu da qeyd edək ki, hazırda Azərbaycanın ən böyük turizm obyekti - Şahdağ qış-yay turizm kompleksi məhz Ləzə kəndi yaxınlığında inşa edilir.

 

 

   Ceyhun Zərbəliyev

 

   Mədəniyyət.- 2011.- 17 avqust.- S. 7.