Salam, Nəsir müəllim!

 

   Əməlləri ali, mənliyi uca, yaşı bir əsr müəllim...

  

   Gün aydın, ünlü jurnalist, alovlu publisist, ali öyrətmən, alimliklə bahəm, adamlığın da asan olduğunu öz şəxsində sübut etmiş milli aydın!

   Sənin ictimai-mənəvi, geneloji-bioloji irsinə heyrət qarışıq ehtiram, Turan soylumuz, Quran etiqadlımız!

   Sadə-saya şəxsiyyətinə, “mürəkkəb” fəaliyyətinə, çoxşaxəli xidmətlərinə fəxarət dolu sayğılar, aydan arı, sudan duru ziyalımız!

  

   Neçə gündür, 100 illik yubileyin adına öz tələbə ordunun - salon-“səngər”lərə sığışmayan KİV əsgər və zabit heyətlərinin keçirdikləri müxtəlif formalı, rəngarəng formatlı yığıncaq və konfransların hər birində Səni xoş gördükbir vaxtlar bəzilərimizə yazdığın “kafi”ləri, “yaxşı”ları da bu minor dəmlərdə “beşbildik, əla müəllim! Və sənin yetmiş yeddi sənəlik ibtida məşəqqətlər proloqundan, mətbu və ictimai xadimlik çağlarından, canlı yanım-dönümlük çabalarından, major hal-əhvaltutma epizodlarından, könülsevindirmə, işdüzəltmə, işədüzəltmə epopeya-epiloqundan sonrakı bu serial-elegial anım güzarına, ruh hüzuruna fikrən nuş, zikrən - bir qədər huş-guş gəldik, ustad!

  

   Xatirə-“letuçka”

  

   Bəri başdan - ərköyün tələbə üslubuyla (bu yaşda (!) və deməli, “saqqallı uşaq” rubrikası altında) bunu da əyan-bəyanlayım ki, ürək-diləyim “giriş” sözləri, “ön söz” közlərilə dolu ola-ola, lap yuxarıdakı kursivlikdə - bir qədər sentimental təsir bağışlayan xitab-“xəbər”də, heç olmasa, “zarisovkauzunluğuna, “xoş-beş”namədə “on beşfüzunluğuna varmamağım da Səndən aldığımız metodo-polifonik dərslərin “lakonizm” paraqrafından, “vəhy”i-redaktə ixtisaratındandır, görklü-görkəmli redaktor!

   Hə, başla, möhtərəm və əbədi baş redaktor! Bu xəyali “letuçka” yığıncağında özün bir neçə direktiv söz de və bizə dedirt görək, Səndən sonra - Sən gedəli nə etmişik, neyləmişik. Azərbaycan mətbuat təsərrüfatında bir “Əkinçi”çi olaraq nə əkmişik, bir “Bakı”çı-“Baku”nets kimibiçmişik? Hansısa bir dəcəl məmura Sənin ampluanda qələm silkələyib, problemləri Sənin incələmələr aspektində kilkələyə bilmişikmi. Səninlə bağlı yığıncaqlara hamımızmı “əziz xatirəyə sayğı naminə” gəlirik, ya müqəyyəd qayğı naminə buyururuq? Kürsülərdə Sən “və başqaları” haqda, başqa problemlər barədə - Sənin də həmmüəllif olduğun “Jurnalistikanın əsasları” və digər dərslik, monoqrafiya, təhqiqat-tədqiqatlardakı janrların hamısı stilindəmi danışılır, yadost-tostkimi neo-oçerk-“poçerk”dən o yana gedilmir?..

   Belə-belə işlər, ustad. Sənin bu əsri günündə bu sayaq kəsri qeydlər, anti-seramonik notlar...

   Neynim, müəllimim, “düzdə qalsanız da, düzünü deyinkimi dərslərinizin təsirindən, “təqsir”indəndir bunlar...

   O ki qaldı Siz yaşda, Siz başda, Siz nüfuzda bir personaya “Sən” deyə müraciətimə, zatən, bəndəniz bundan da narahat deyil, ey hər yaşdabütün vəzifələrdə “uşaqla uşaq, böyüklə böyükolmuş müdrik, öyük Kişi! Nədən ki, bütün bəndələr bütün aləmlərin birincisi olan Rəbbimizə də məhz ikinci şəxsin bu təkində xitab edir. Məsələn, Tanrım, jurnalistikanın bütün janr, sirr, sehr və incə-mincəliklərini öyrəndiyim, “müxbir gözü tox, sözü ötkəm”, “nəfsi kor, feyzi qor”, “qələmi qərəzsiz, kəlamı qənirsiz olmalıdır” kimi akademik saat-sitatlardanxaric, “ştatdankənar” postulatlarından bəhrələndiyim bu ensiklopedik təfəkkürlü, etika misallı, estetika timsallı sələfimiz haqda ona layiq bir xələf yazısı yazmaqda Sən özün mənə kömək ol!..

  

   Avtobioqrafik avtoportret

  

   Bu jurnalistik yarımbaşlığı yarımyazıçılıq damarı ilə davam etdiribən, bəsirətli gözlər önündə çoxdan bəri canlanmaqda olan bir təbli Allah bəndəsinin mənəvi portretinə dair bir “təbiət təsviri” çizmək istər könül. Bu da ibarət olsun ondan ki, öz avtoqələmiylə öz avtobioqrafiyasının kamil rəssamanə avtoportretini yaradıb getdi - yeniyetməliyi Sizifanə, ilk gəncliyi Dankovari Nəsir. Mobil teleqrafanə informator, kompleksal redaktor, universal xadim, ümumauditorial müəllim, şairanə publisist, nasiranə yaradıcı - Nəsir İmanquliyev. Cismən xəyalsayağı getdi, mənən, fikrən - təcəllayi-ruhən qayıtdı.

   Bu təbibi yox, təbli “epiqriz”, əlbəttə, sözügedən “avtoportret”dən dalğalanır və beş il tələbəsi, iki il işçisi, illərlə epizodik həmsöhbəti, ömrüm boyu isə diqqətlisi olmağıma rəğmən, üzbəsurət xatirələrilə bahəm, xəyali “avtoportret” diliycə də danışmaq “statusum var - qənaətindəyəm.

  

   Qayıtdı, dedim...

  

   Qayıdıb, qayıtdı ki, ey mənim karandaş qardaşlarım, efir-ekran arkadaşlarım, Qələmi sözün ali mərtəbəsindən endirməyin, kameranı gözün məhəlli həndəvərində gəzdirməyin. İndi aləm başdan-başa başqadır - müstəqilsiz, öz əliniz - öz qələminiz, öz teleniz - öz taleyinizdir. Bizim məlum yasaq dövrlərimizdə yol verilən məcbur-məhkum tendensiyalardan qələm çəkin, o halay-valay olaylara ibrət baxın. Məsələn, o vaxtlar mətbuatın, televiziyanın yalnız və yalnız zəhmətkeşlərdən, əməkçilərdən yazıb-çəkməsi nə demək idisə, bu vaxtlar onlar haqda bir sətir də yazmaması, bir kadr da çəkməməsi elə o demək deyilmi?

   Növbəti abzasda başqa bir xəbərlə bitirəcəyim mübtəda-rəsmdə daha nələr var, dahafaktlar-taktlar səslənir? Ərz edilir ki, ey mənim “havalansın Xanın səsi” ifalarını ləzzətlə dinləyən, “Vətən daşı olmayandan - olmaz ölkə vətəndaşı” kimi misraları əzbərləyən həmkarlarım, xalqı ehtimali sabaha - Ali Baş Komandanın haçansa əmr verəcəyi günə hazırlamaq görəvlərini yetərincə yerinə yetirirsizmi? “Qalmaqal” rubrikalarının künc-bucağına “Görüm ayılmasın - gec ayılanlar!” “qarğaşa”sı da əlavə edirsizmi? “Aləm cənnətə dönsə...” şərtini kəsib, “...Yaddan çıxmaz Qarabağ” (?..) çortuna gedənlərin vətəndaşlıq menyularına “Hansı səmtə, hankı yana, Hey uçsam da - yuvam sənsən” kimi mənəvi təamlar da yazırsızmı?..

   Bu panoram-portretdə nələr, hansı nüanslar, naxış-nəqşlər yoxdur?! Yox, sizi sürreal suallığa çəkmirəm, - əziz oxucularımız, bu fantastik Qəzetçimizi yaxından tanımayan statistik abunəçilərimiz! Sadəcə, onun tələbəsi olmuş həmkarlarımı, tanış-bilişlərini, paytaxtımızın “Bakı” və “Baku” adlı otuz illik salnaməsindən xəbərdarları, şəxslə şəxsiyyət arasındakı fərqlərin farkında olan xiridarları bu portretə baxış rakursunda duallığa səsləyirəm.

   Real rəsm əsərləri haqda bəhs açarkən, adətən və əsasən, cizgi-boya qammalarına, sənət-həyat paralelləri, təsvir-təbir, işıq-kölgə konturlarına toxunulur. Bu müqəyyəd - amma şayəd, canlı “portret-tabloda isə hər biri bir əməl-əlamətdən söhbət açan zəngin elementlər! Burada hər detal boyasız - cılxa həyat rəngində, Kölgəsiz - teyxa işıq qərqində...

  

   Anım anlarından nəqli reportaj

  

   Sənin universitet auditoriyalarındakı mühazirə və seminarlarının davamı olaraq, “Bakı”-“Baku” redaksiyalarındakı çox ciddibaş redaktor” kabinetində, müavinlərin, şöbə müdirlərinin, ədəbi işçilərin, korrektorların otaqlarında, linotip sexində dediyin virtual-qaçaraq dərslərdən çox yığcam bir replikanı - “bir abzasda minbir nüans”ı xatırlayıb, bugünlər anıldığın ünvanların adlarından yox, ən həzin ladlarından, ən şirin dadlarından danışacağam, Nəsir müəllim!

   Bunlardan da ən isti-üstüsü Beynəlxalq Mətbuat Mərkəzində keçirilən konfrans oldu. Burada, vaxtilə söylədiyin “minbir nüansdan biribu oldu ki, Sənin xatirən hüzuruna nəinki hər kəs müntəzir və hamı bir nəfər kimi gəlmişdi, hətta ayaq üstdə duranlar da çox idi. Bu məhəbbət dərsinin də “dekan”ı olsaydı və “davamiyyət jurnalı”na göz gəzdirsəydi, “qaib”dən əsər, “çıxışçılar siyahısı”nda könülsüzlükdən əlamət tapmazdı. Söz verilənlərin tituloqrafiyalarına lüzum, natiqlərin gah qrammatik, gah məhəlli orfoepiyalarına heç bir dodaq-büzüm olmadı. Çünki o konfransın milli təcəssümlü, xəlqi təbəssümlü butası, əzəl-gözəl mübtədası Sən idin, Nəsir müəllim!

   Hə, şühudi keçmiş şəkilçilərindən “indiki zamana keçmək dəmidir.

   Budur, Mətbuat Şurasının sədri Əflatun Amaşov digər tədbirdəkilərdən fərqli olaraq, bu yığıncağı xalis tələbə tələbləri etiketilə açıb, sözü, özünü hələ də tələbən hesab edən Cahangir Məmmədliyə verir. O, məruzəsinin ön hissəsində “hamımızın müəllimi” kimi təqdim etdiyi Səni, ortada Balaxanı neft mədənlərində fəhlə, Böyük Vətən müharibəsi cəbhələrində hərbi korrespondent, sonda mətbu mogikan, ictimai xadim kimi xarakterizə edir.

   Başqa tələbələrin isə bu arada qeyri-adi bir çeviklik, hörmət və səmimiyyətlə xidmət, məhəbbət, borcqaytarma universiadası yaradırlar; məclisin hər anını, hər detalını lentə almağa çalışan kim, məqam tapıb müsahibə götürən kim, bloknotunda qeydlər aparan kim...

   Söz Prezident Administrasiyasının nümayəndəsi Vüqar Əliyevə verilir. Natiq rəsmiyyətdən uzaq bir leksikonda Sənə - günümüzün yubilyarına dərin hörmət və ehtiramını, sayğılarını bəyan edir.

   Ə.Amaşov çıxış üçün Sənin əlli illik dostun, həmkarın, yoldaşın Şirməmməd Hüseynova verdiyi sözüBuyurun, ustad!” sonluğu ilə rəğbətləyir və güman ki, bu sayğıdan Sənin ruhun da şad olur.

   Şirməmməd müəllim də ki, elə əlli il bundan öncəki öc-bacalan enerjisi ilə danışır, retro himləri buraxıb, sarı simlərə toxunur, Sənin və daha bir neçə məlum müəllimlərin pak adla yaşayıb, pak namla da dünyalarını dəyişmələrinizdə ilk demokratik respublika dərslərininaz rol oynamadığını, sizin kimilərin məhz cümhuriyyət qanı ilə yaşadıqlarını vurğulayır.

   “Bakı” və “Bakunun dəm-dəstgahlı zamanlarının əsl fədakeşi, indiki fəna durumunun isə təəssübkeşi Şamil Şahməmmədov Səni layiqincə xatırlayıb-xatırladandan sonra, bu qəzetin Sənin varlığın və yoxluğun dövrləri haqda, sözün həqiqi anlamında bir elegiya söyləyir.

   Sənin o saatyarımlıq anım tədbirində çıxış edənlərin sayı az olsa da, hiss edirdim ki, danışmaq istəyində olanlar çox idi. Mən özümonlardan biri. Əgər danışsaydım, bir cüt-bir tək söz deyəcəkdim. “Bir tək” bu ki: “Təşkilatçılardan xahiş edirəm, Nəsir İmanquliyevin digər kimlikləri haqdaepitet işlədirsiz-işlədin, müəllim görəvi qarşısında mütləq “görkəmli” yazın. “Bir cüt” sözümsə, belə: Universiteti bitirməmiz münasibətilə təşkil etdiyimiz məclisdə tələbə yoldaşlarımın hərəsi, yalan olmasın, yetmiş yeddi cümləlik tost dedi, mən isə yeddi sözlük: “Şəxsən mən Şirməmməd müəllimlə Nəsir müəllimi bitirmişəm!..”

  

   Tahir Abbaslı

 

   Mədəniyyət.- 2011.- 14 dekabr.- S. 6.