Kitabxanada yubiley tədbirləri keçirilib

 

Səbail rayon MKS-in 1 saylı filialı (M.Ə.Sabir adına Mərkəzi Kitabxana) Nizami Gəncəvinin 870 illik yubileyi münasibəti ilə tədbir keçirib.

Tədbiri şair İlyas Tapdıq açaraq dahi mütəfəkkirin həyat və yaradıcılığı haqqında məlumat verib. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları Nizaminin söz və hikmət dünyasından danışıblar. Tədbirdə şairin əsərlərindən parçalar səsləndirilib.

Kitabxanada dekabrın 23-də keçirilən növbəti tədbir Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, professor Abuzər Xələfovun 80 illik yubileyinə həsr olunub. Tədbirdə alimin yetirmələri, həmçinin şair İlyas Tapdıq, filoloq alim Firudin Qurbansoy və başqaları çıxış edərək, yubilyarın Azərbaycan kitabxanaşünaslıq elmindəki xidmətlərindən danışıblar. Sonda A.Xələfov çıxış edərək, yubileyinin kitabxanada qeyd edilməsinə görə təşəkkürünü bildirib.

Dekabrın 24-də isə kitabxanada görkəmli Xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyi münasibətilə tədbir və sərgi olub. Şair Musa Yaqub görkəmli ədibin yaradıcılığı haqqında danışıb. Daha sonra AMEA-nın Cənubi Azərbaycan şöbəsinin baş aparıcı elmi işçisi Sabir Nəbioğlu, kitabxananın müdiri Gülşən Abbasova və başqaları çıxış ediblər.

 

Gülər

 

Mədəniyyət.- 2011.- 28 dekabr.- S. 12.