Lənkəranda “Folklor paytaxtı” tədbirlərinə yekun vuruldu

 

   Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramına uyğun olaraq 2011-ci ildə “Azərbaycanın folklor paytaxtı” elan edilən Lənkəranda dekabrın 28-də ilin yekun tədbiri keçirilib. Tədbir çərçivəsində media nümayəndələri üçün infotur təşkil olunub.

  

   Qeyd edək ki, il ərzində Lənkəranda müxtəlif mərasimlər, elmi-praktiki konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi və sair tədbirlər gerçəkləşib. “Folklor paytaxtı” ilinin bağlanışına həsr olunan tədbir çərçivəsində rayonun mərkəzi kitabxanasında suvenirlərdən, el sənətkarları və tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi təşkil edilib. Sərgidə yerli sənətkar Tərlan Sadıqov tərəfindən hazırlanmış milli suvenirlər də nümayiş olunub. Rayon mədəniyyət müəssisələrinin folklor rəqs kollektivləri maraqlı konsert proqramı ilə çıxış edib.

   Tədbirin rəsmi hissəsini Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vasif Fərzullayev açaraq il ərzində görülmüş işlər, keçirilmiş tədbirlər haqqında geniş məlumat verib. Folklorşünas alim, Prezident təqaüdçüsü Mirhaşim Talışlı cənub bölgəsinin folklor adət-ənənələri barədə danışaraq belə tədbirlərin qeyri-maddi mədəni irsimizin inkişafına xidmət etdiyini bildirib. Rayon ağsaqqalı, qocaman ziyalı S. Məmmədov və digər natiqlər çıxış edərək bu tədbirlərin xalqımızın adət-ənənələrinin, folklorunun inkişafında və təbliğ olunmasında müstəsna rolunu vurğulayıblar. Tədbirdə həmçinin “Folklor paytaxtı” ilində görülmüş işləri əks etdirən təqdimat olub.

   Günün ikinci yarısında KİV nümayəndələri üçün infotur təşkil olunub, media mənsubları şəhərin və rayonun görməli yerləri ilə tanış olublar. Göyşəban dairəsində, xalq sənətkarlıq şəhərciyində rayonun folklor rəqs kollektivlərinin konserti keçirilib, milli mətbəx nümunələri təqdim olunub. Separadi kəndində “Nənələr” folklor mahnı və rəqs kollektivi ilə görüş keçirilib. “Nənələr” folklor kollektivi, Boladi kənd klublarının “Kinəlim”, Girdəni kənd mədəniyyət evinin “Vənəvşə” qızlar folklor rəqs kollektivlərinin və meyxana ustalarının konserti maraqla qarşılanıb.

 

 

   Mədəniyyət.- 2011.- 30 dekabr.- S. 8.