Ədib. Əsgər. Əsir. Edam. Təqib. Təltif...

 

   Hə, bu tatar balası - mənsub olduğu etnosdan tarixən «qulaqburma» payını almış sərkərdələr, siyasilər bir yana, həmkarı Qoqolun belə, öz ədəbi imicinə əbədi əskiklik gətirən bilayiq qınağı («Tatar - çağırılmamış qonaqdan da pisdir») ilə «kiçildilmiş» böyük, igid xalqın çox istedadlı və qəhrəman oğlu Musa Cəlil bütün özəlliklərilə hadisə olub. Özü də, nəinki təkcə öz namına, «...və başqaları» naminə də.

     

   O, ilk şerinin 13, ilk kitabının 19 yaşlarında çap olunması ilə sovet ədəbiyyatının, misilsiz döyüş şücaəti və əsir sıradaşlarının kütləvi qaçışını təşkiletmə fəhm-fərasətilə Böyük Vətən müharibəsinin, dözülməz işgəncələrə məruz qaldığından taburetə qalxa bilməyib, hitlerçilərə «ən novator» edam qəddarlığı «kəşf etdirməsilə» faşizmin, ölüsünün də təqib edilməsilə bolşevizmin və ölümündən 12 il sonra - bir əcnəbi əsir yoldaşının məsələyə müdaxiləsi sayəsində ən yüksək adlarla təltif edilməsilə sovet ideologiyasının hadisəsi idi...

  

   Hərb və qəlb

  

   Həqiqi şairə hər dür şan-şöhrətlə bahəm, hər cür qəza-qəzavat da yapışandır; qazamatdan, edamdan, «yaxın» təqiblərdən tutmuş, uzaq sürgünlərə qədər. Bunlar şairlik nəcabətinə çox simsar, çox yaraşandır - obrazlı desək, «xançala gümüş kimi». Hərb isə...

   Onsuz da əsl şair öz yuxa qəlbi ilə azadlıqda ikən də yarımdustaq kimi bir zat, sinəsində daimi atəş kimi döyünən ürəyilə əbədi əsgər, gecə-gündüz söz, fikir, üslub ləşkərini nizama düzən sərkərdədir. Onun «iç»i - «məndən içəri «mən»i (Yunus İmrə) çöl-bayırda da bir «içəri» cəzası yaşayır. Hökumətlər, cəmiyyətlər özlərini nə qədər «müsbət qəhrəman» sayağı aparsalar da, mayası şair olanın ədəbi-bədii maqniti, qəlb-təb «antenası» daim özüyçün cürbəcür mənfiliklər - ha olmaya, çiçəktapdayan, qarışqabasdayan kimi «personaj»lar tutasıdır...

   Bəli, elə zamanlar, məqamlar olub ki, şair misraları əsgər çəkmələrindən, general komandalarından daha ritmik, daha əzəmətli səslənib, yazıçı sətirləri ölkəni tikanlı məftillərdən daha möhkəm mühafizə edib, qüdrətli qələm müharibəni hərb durbinlərindən daha aydın, əhatəli görüb. Biz bunları Tolstoyun «Hərb və sülh»ündə, Ekzüperinin şəxsi timsalında, haqqında söhbət açdığımız Musa Cəlinin «Moabit gündəliyi»ndə az görməmiş, az duymamışıq.

   

   Gələcəyə aparan keçmiş

  

   Musa Cəlilin mənsub olduğu xalqın şanlı keçmişinin yolu hələlik tarix magistralında yoğrulub qalsa da, oğullarının beyni, intellekti hesabına davam etməkdədir. Ötən əsrin əvvəllərində bizdə çap olunan «Kaspi» qəzetinin «...bütöv bir millət, bütöv bir xalq» kimi qiymətləndirdiyi İsmayıl bəy Qaspıralı, bu gün TÜRKSOY-un ehtiramla andığı Abdulla Tukay, bu saat kiçik bir yazı ilə böyük qələm və qılıncına işıq tutmağa çalışdığım Musa Cəlil və daha neçələri o «yovşanlı çöllər» yolunu «dovşana qaç, tazıya tut» deyənlərin sürət-prospektlərində itib-batmağa qoymayıblar. «Sürət-prospekt» deyəndə ki, ən yüksək sürətli maşına malik müasir Avropa xülyalarında hələ də bu xalqın keçmiş kompleks nəqliyyatının - atın sürətinə çatılmadığı qənaəti yaşanır.

   Tarixi areal sarıdan hələ də alternativsiz olan xalqın sözügedən oğlu - Musa Cəlil Rusiyanın Orenburq şəhərində doğulub. Adı bir ölkədə bir neçə qəlibdə çağırılan Musa Cəlilin doğulduğu toponimin - Orenburqun adı da «Ərənyurdu» kəlməsindən gəlmədir.

   Musa Cəlil özü də bu dünyaya, xalqı kimi, itirə-itirə gəlib və mənən qazansa da, fizikən itirə-itirə gedib. Lap uşaqlıqda atasını itirib. Başı - çox erkən vurulduğu sənət dünyasına, dolanışıq üçün zəhmət meydanına necə qarışıbsa, sevimli anasına xilaskar oğul borcunu yerinə yetirə bilməyib. 14 yaşından komsomol təşkilatına qoşulsa da, «böyük vətən» içərisindəki «kiçik» Vətən arzularına görə, yuxarı təşkilatlar tərəfindən izlənilib. Lakin bütün maneələr onun böyük istedad və qabiliyyəti müqabilində duruş gətirə bilməyib. 25 yaşında Moskva Dövlət Universitetini bitirən Musa 26 yaşında tatar dilində nəşr olunan uşaq jurnalının redaktoru, 2 il sonra «Kommunist» (tatarca) qəzetinin redaktor müavini olub. Ruhundakı milli döyüntü-öyüntülərə baxmayaraq, onun tatar gənclər təşkilatına rəhbər seçilmək şansına əngəl törədə bilməyiblər.

  

   Bu da... müharibə!

  

   O, qəlbən alovlu şair, ruhən «davakar», mərd-mübariz döyüşçü idi. II Dünya müharibəsinə dədə-babalarından qalma qaynarlığını nümayiş etdirmək meydanı kimi də baxan Musa Cəlil 1942-ci ilin payızında almanlara əsir düşür, Şpandau düşərgəsinə göndərilir. Lakin o, burada da fəallıq göstərir, əcdadlarının «ən çətinlikdə ən mətinlik» kredosuna sadiq qalır. Almanların tatarlardan ibarət təşkil etdiyi İdil-Ural legionunun üzvləri arasında anti-faşist qüvvələrin yaradıcılarından olur. 1944-cü ilin avqustunda əsirlərin kütləvi qaçışını təşkil edir. Təəssüf ki, bu son «məğlubiyyət bazarı»nda satqınlıq tacirləri peyda olur və Musa Cəlili ələ verirlər. Elə həmin il avqustun 25-də Berlindəki Plötzenzee həbsxanasında (məşhur tatar yazıçısı A.Alişlə birgə) edam edilir.

   ...Və heyflər ki, yuxarıda «məğlubiyyət bazarı» deyərkən keçirdiyim təəssüf hissi onun vətənxarici edamından sonra vətəndaxili mənəvi edamı ilə davam etdirilir. Ona «vətən xaini» damğası vurulur, ailəsi sürgün edilir. Böyük şair və mübarizin ruhu da sərgərdanlıq səfərinə çıxır və gedib belçikalı əsir yoldaşının diqqətinə çatır. Həmin gənc 1949-cu ildə SSRİ-nin Brüsseldəki konsulluğuna gəlib, Musa Cəlilin əsirlikdə anti-faşist qüvvələrin döyünən ürəyi, düşünən beyni olduğunu söyləyir, onun bir neçə şeirini, bir müddət sonra isə iki kitabını konsulluğa təqdim edir...

  

   ...Nəhayət

  

   Bəli, hər kəsin, hər nəsnənin bir nəhayəti var. Dünənədək «vətən xaini», «sürgün», «rədd» deyən, yazan dillər, qələmlər həmin vaxtdan M.Cəlili vəsf edən nəşriyyatlara, məqalələrə, abidələrə çevrilir. Bu adın qarşısında «Sovet İttifaqı Qəhrəmanı», «Lenin mükafatı laureatı» kimi titullar görünür. «Polad necə bərkidi», «İnsanın taleyi» kimi əsərlər sırasında «Moabit dəftəri» gah önə, gah sona çəkilir. 19 yaşında çap etdirdiyi «Biz gəlirik» kitabı, «Altun çeç», «İldar» operaları üçün librettoları fəxrlə xatırlanır. Hələ onun bəraətindən iki il öncə yazdığı «Musa Cəlilə» cəsarətinə görə Səməd Vurğuna gecikmiş təşəkkürlər elan olunur.

   Bəli, hələ o dəmlər Qızıl Orda varislərinin «Qırmızı Ordu» sevən vaxtları idi...

   ... Bu o vaxtlar idi ki, bizdə də «Müsəlləh əsgərəm - mən də bu gündən», «Güllələr demədi qayıdın geri, Hələ uşaqsınız - nə yaşınız var...» kimi misralar yaranırdı və çox güman ki, elə o günlər faşistdən qoruduğumuz o sovetin gələcək əsgər varislərinin düz 10 gündən sonra - fevralın 26-da bizim ölkəmizdə yaradacağı Xocalı «peyzaj»ının da konturları cızılırdı...

  

 

   Tahir Abbaslı

 

   Mədəniyyət.- 2011.- 16 fevral.- S. 12.