Cavidşünaslığa layiqli töhfə

 

   Hüseyn Cavid Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biridir. O, mədəniyyət tariximizə Azərbaycan ədəbiyyatının klassiki, mütəfəkkir-şair və böyük dramaturq, habelə filosof kimi daxil olmuşdur. Ədibin milli ruha söykənən və eyni zamanda, ümumbəşəri mahiyyət kəsb edən əsərləri - şeir və poemaları, poeziya və nəsrlə qələmə aldığı faciə və dramları geniş oxucu və tamaşaçı kütləsini cəlb etdiyi kimi, həmişə tənqid və ədəbiyyatşünaslığın da diqqət mərkəzində olmuş, bu mövzuda namizədlik və doktorluq dissertasiyaları, monoqrafiyalar, çoxsaylı məqalələr yazılmışdır.

  

   Həmin araşdırmalarda yazıçının ümumi yaradıcılığı, onun ayrı-ayrı sahələri, konkret əsərləri tədqiqat obyekti kimi götürülmüşdür. Cavid yaradıcılığı bu gün də ədəbi-tənqidi və nəzəri-estetik fikrin diqqət mərkəzindədir. Bu zəngin irsin tədqiqatçıları arasında ədəbiyyatşünas və sənətşünaslarla yanaşı, habelə filosoflar da vardır.

   Cavid sənətinin fəlsəfi dərinliyi və zənginliyinin öyrənilməsi istiqamətində də araşdırmalar aparılır. Bu da çox təbii və eyni zamanda, gərəklidir. Ona görə ki, sənətkarın fəlsəfi görüşlərini, xüsusən estetik idealını və bədii amalını öyrənmədən onun yaradıcılığı barədə obyektiv fikir söyləmək çətindir. Daha dəqiq desək, estetik idealı və bədii amalı tədqiq edilməyən sənətkar obyektiv-elmi qiymətini ala bilməz. Hər bir əsərin və ayrı-ayrı obrazların təhlili son nəticədə müəllifin sənət aləminin və fəlsəfi dünyasının müəyyənləşdirilməsinə xidmət etməlidir.

   Bu baxımdan Hüseyn Cavid yaradıcılığı zəngin material verir. Əlbəttə, bu yöndə Cavid irsinə aid müəyyən araşdırmalar aparılmışdır. Azərbaycan MEA-nın müxbir üzvü Səlahəddin Xəlilovun son illərdə Cavid fəlsəfəsinə aid apardığı tədqiqatlar xüsusi əhəmiyyət kəsb edir.

   Filologiya elmləri namizədi Rasim Nəbioğlunun qələmə aldığı «Hüseyn Cavidin estetik idealı» monoqrafiyası (elmi redaktoru sənətşünaslıq doktoru, professor İsrafil İsrafilovdur) da, adından göründüyü kimi, məhz bu ideyaya xidmət edir.

   Cavid yaradıcılığına aid sanballı tədqiqatların müəllifi, akademik Məmməd Cəfər yazmışdır: «Cavidin yaradıcılıq idealı konkret milli məzmunu, milli koloriti ilə yanaşı, həm də ümumbəşəri mahiyyətdədir və zamanla bağlı olaraq, daim ziddiyyətli inkişafda, büllurlaşmaq, aydınlaşmaq, əsrin qabaqcıl ideyalarına yaxınlaşmaq prosesində olmuşdur». Rasim Nəbioğlu öz monoqrafiyasında Cavidin estetik idealını məhz bu mövqedən tədqiq və şərh etmişdir.

   Monoqrafiya giriş, üç fəsil və nəticədən ibarətdir.

   Müəllif girişdə Cavid sənətinin bədii-fəlsəfi anlayışları və sosial-estetik problemlərinin xüsusi təhlil obyektinə çevrildiyini, ədibin yaradıcılığına xas olan ideya-bədii xüsusiyyətləri vahid bir sistemə salmağa və estetik ideal kateqoriyası işığında bütöv bir tam kimi öyrəndiyi bu sənətin mahiyyətindəki «kristal qəfəsi» üzə çıxarmağa çalışdığını xüsusi qeyd edir.

   İlk fəsil estetik ideal işığında Cavid yaradıcılığının tədqiqi tarixinin və mövzunun işlənilməsi səviyyəsinin araşdırılmasına həsr olunmuşdur. Estetik ideal kateqoriyasının məzmunu, təbiəti və funksiyaları haqqında maraqlı fikirlərin, elmi müşahidələrin, sanballı nəzəri ümumiləşdirmələrin mövcud olduğunu qeyd edən müəllif onu da bildirir ki, estetikanın bu kateqoriyası ətrafında hamı üçün ümumi olan fikirlərlə yanaşı, polemik mülahizələr və müxtəlif münasibətlər də var.

   Müəllif bunların hər birinə hörmətlə yanaşır və əsas məqamları süzgəcdən keçirir. Tədqiqatçı onun elmi-nəzəri mövqeyini və monoqrafiyada rəhbər tutduğu ədəbi-estetik prinsipləri düzgün ifadə edən mülahizələrə üstünlük verir, eyni zamanda, estetik idealın xüsusiyyətlərini Cavid yaradıcılığından sintez etdiyi konkret estetik ideal nümunəsində şərh edir.

   Monoqrafiyanın ikinci fəsli «Hüseyn Cavid sənətinin əsas bədii-fəlsəfi anlayışları» adlanır. Müəllifin fikrincə, Cavid sənətinin əsas bədii-fəlsəfi anlayışları öz məzmunu və həcmi etibarilə varisliyə malik olmaqla, ümumdünya ədəbi-estetik və Şərq ictimai bədii fikri kontekstində müəyyən məna daşıyır. Buna görə də Cavid sənətinin tədqiqi prosesində bu anlayışların tətbiqedilmə yönü və dairəsi məhz belə bir yanaşmanı və öyrənməni tələb edir.

   Müəllif Cavid sənətinin əsas bədii-fəlsəfi anlayışlarını bu şəkildə qruplaşdırır: Gözəllik, Məhəbbət, Uçurum, Nəfs(iblislik), Allah, Qəhrəmanlıq.

   Hüseyn Cavid gözəllik və məhəbbət anlayışlarını ayrılmaz vəhdətdə götürür, onun idealı gözəllik və məhəbbətin hakim olduğu bir səltənətdir. Şairin məşhur «Mənim Tanrım gözəllikdir, sevgidir» misrasına və digər nümunələrə istinad edən tədqiqatçı burada məhəbbətin gözəllik yaratdığını, gözəlliyin isə məhəbbət doğurduğunu, gözəllik və məhəbbətin həm də yaradıcı qüvvə, bəşəriyyətin xoşbəxt gələcəyini təmin edəcək ali keyfiyyət olduğunu xüsusi vurğulayır, həmçinin, gözəllik və məhəbbətin məna və məzmununu, funksiyalarını sənətkarın yaradıcılığı əsasında şərh edir.

   Gözəllik və məhəbbət səltənətini sabahın xoşbəxt aləmi, gələcəyin firavan cəmiyyəti kimi dəyərləndirən Cavid, eyni zamanda, həyatda və cəmiyyətdə uçurumun mövcudluğunu xüsusi vurğulamışdır. Monoqrafiyada «uçurum» bədii-fəlsəfi anlayışı Cavidin bir sıra şeirləri, habelə «Şeyx Sənan», «Şeyda», «Uçurum», «Knyaz» pyesləri əsasında üzə çıxarılır. Cavid personajları məzlum və hüquqsuz insanların ömür yolunu, zəmanənin və cəmiyyətin çirkinlik və ədalətsizliklərini uçurum hesab edirlər. Monoqrafiya müəllifinin bu yöndə qənaəti belədir: «Hüseyn Cavid sənətində «uçurum» anlayışı haqsız, ədalətsiz, eybəcər, yaramaz bir həyatın məzmunundan xəbər verir. Uçurum - milləti və bütün bəşəriyyəti udan sosial-mənəvi bataqlıqdır. Uçurum - Cavidin anti-idealıdır».

   Monoqrafiya müəllifi Cavid sənətinin digər bədii-fəlsəfi anlayışı - Nəfs (iblislik) barədə danışmazdan əvvəl bu anlayış barədə Şərq, o cümlədən Azərbaycan fəlsəfəsində mövcud fikirləri araşdırır, böyük Azərbaycan alimi Nəsirəddin Tusinin Şərq - Qərb fəlsəfi-etik nəzəriyyələrindən çıxış edərək nəfs haqqında yaratdığı konsepsiyaya, eyni zamanda, klassik Azərbaycan ədəbiyyatında bu mövzuda poeziya nümunələrinə nəzər yetirir.

   Bu məsələni Cavid yaradıcılığı əsasında araşdıran tədqiqatçı belə bir qənaətə gəlir ki, nəfs Cavid idealının əks qütbündə dayanan bir qüvvənin, daha doğrusu, anti-idealın məğzidir. Cavidə görə, müxtəlif növ nəfslər «xəyanət» adlı universal nəfsə daxildir və eyni zamanda, bu nəfsdən şaxələnir. Tamah, şan-şöhrət, sərvət, şəhvət kimi nəfslər xəyanətdən başlayır və xəyanətdə qurtarır.

   Rasim Nəbioğlu öz araşdırmalarına əsaslanaraq belə hesab edir ki, Cavid sənətində tez-tez «xain» və «xəyanət» sözlərinin işlədilməsi, onlara müvafiq epizod, hadisə və səhnələrin verilməsi daxili bir sistem səviyyəsindədir. Tədqiqatçı bu cür epizodlara «Ana», «Xəyyam», «Peyğəmbər» pyeslərində təsadüf olunduğunu qeyd edir. Onun fikrincə, şairin «İblis» faciəsi şər ensiklopediyası olmaqla başdan-ayağa «xəyanət» nəfsinin doğurduğu düşüncə və hərəkətlər silsiləsinə əsaslanır.

   Müəllif onu da əsaslandırır ki, Cavid sənətində Allah-zaman və məkanca mövcud «uçurum»ların fövqündə duran cəmiyyətin daxili qanunlar məcəlləsinin yaradıcısıdır - burada bütün insanlar bərabər, azad və xoşbəxt bir həyat yaşayırlar. Allah-ictimai ədaləti bərqərar edən və onun keşiyində duran bir qüvvədir, əxlaqi dəyərləri qoruyan himayəçidir, insan kamilliyinin təşəkkül və təcəssümünün yaradıcısıdır.

   Monoqrafiyanın üçüncü fəsli «Hüseyn Cavid sənətinin əsas sosial-etik problemləri» adlanır. Müəllif burada öz qarşısında belə bir sual qoyur: Cavidin gözəllik və məhəbbət səltənəti kimi təcəssüm edən estetik idealına hansı sosial-etik problemlər daxildir? Təbii ki, bu suala qəti cavab vermək çətindir. Buna görə də gələcək tədqiqatların Cavid sənətinin həm bədii-fəlsəfi anlayışları, həm də sosial-etik problemləri istiqamətində çox düyünləri aça biləcəyinə əmin olan müəllif həmin problemləri bu şəkildə qruplaşdırır: kamil insan, kamil insanların birliyi və yer üzündə əbədi sülhün olduğu həyat, azad qadın və xoşbəxt ailə.

   Tədqiqatçının fikrincə, göstərilən sosial-etik problemlər Cavidin estetik idealında struktur səviyyəsində və vəzifəsində olmaqla şairin estetik idealı ilə birlikdə onu təşkil edən ayrı-ayrı komponentlər arasında daxili dialektik əlaqə vardır. Rasim Nəbioğlu Cavid sənətinin bədii-fəlsəfi anlayışları və sosial-etik problemləri istiqamətində apardığı tədqiqat işi ilə şairin estetik idealını canlı şəkildə görməyə, anlamağa, sintez etməyə və göstərməyə nail olmuşdur.

   Monoqrafiya müəllifi yüksək elmi təfəkkürə malik olduğunu və Cavid irsinə dərin bələdliyini nümayiş etdirmişdir. Rasim Nəbioğlunun «Hüseyn Cavidin estetik idealı» monoqrafiyası Cavidşünaslığa layiqli töhfədir.

  

 

   Adilxan Bayramov,

   filologiya elmləri doktoru

 

   Mədəniyyət.- 2011.- 23 fevral.- S. 15.