Pirşağı

 

 Bakı kəndləri

 

  Dünyanın dörd bir yanından ölkəmizə gələn turistlər Azərbaycanın zəngin mədəni irsi, tarixi abidələri, incəsənəti ilə heyranlıqla tanış olurlar. Ölkəmizin bir sıra bölgələri bu tarixi-mədəni zənginliyi özündə yaşadır. Bu sırada Abşeron torpağının, Bakı kəndlərinin özünəməxsus yeri var.

  

   Ötən yay (iyul-avqust) Bakı kəndlərinin bir qisminə baş çəkərək görməli yerləri, mədəni, tarixi irsi, etnoqrafiyası haqqında bilgi və təəssüratımızı oxucularla bölüşmüşdük. Həmin silsilədən yazıları davam etdiririk. Bu dəfə yayın cırhacırında dincəlməli, mənalı istirahət etməli, gəzib-görməli məkanlardan birinə - Pirşağı kəndinə baş çəkdik.

  

   Pirşağı kəndinin tarixi

  

   Bakının qədim kəndlərindən olan Pirşağının tarixi orta əsrlərə gedib çıxır. Lakin mənbələrdə bu barədə dəqiq tarixi bilgilərə rast gəlmədik. Xəzərin sahilində yerləşən Pirşağının etimologiyası haqqında isə müxtəlif versiyalar mövcuddur. Alimlərin bir qismi “Pirşağı” sözünün etimologiyasını “Pir Şahı” kimi izah edirlər. Kəndin yaşlı sakinlərindən olan Pirşağı məscidinin axundu Sənan dayı da bu etimologiyanı tutarlı sayır. Onun sözlərinə görə, Pirşağının min ildən çox yaşı var: “Kəndin yaşı Tataz pirinin yaşı ilə ölçülür. Burada əsrlərdən bəri Pir Şahinin və onun müridi, Şeyx Məhəmmədin məzarüstü abidəsi var. Tataz piri ziyarətgah olmaqla yanaşı həm də müalicəvi məkan kimi fəaliyyət göstərir. Ekzema xəstəliyinə tutulan adamlar pirə gəlib, ətrafdan otu qırıb, yaxud torpaq götürüb dərilərinin zədələnmiş yerinə sürtüb, müalicə olunurlar. Bu vərdiş həmin yerdə ekzema müalicəsində işlənən nəbatat növlərinin və şəfalı palçıqların mövcud olduğunu sübut edir. Vaxtilə burada fəaliyyət göstərmiş alim, təbib Pir Şahinin də məhz təbiətin bu sirlərinə yaxşı bələd olduğu üçün müalicəsi yaxşı nəticələr vermişdir. Kəndbəkənd, şəhərbəşəhər müalicəyə gələnlər Pir Şahinin adını əbədiləşdirmiş, onu müqəddəsləşdirmiş və məkan da onunla əlaqədar Pir Şahı (Pirşağı) adını almışdır”.

   Daha bir fərziyyəyə görə, “Pirşağı” ərəb mənşəlli sözdür, “Pir aşiqləri” mənasına gəlir. Dilşad Xəqaniqızının “Pirşağı dünyası” adlı kitabında kəndin adı ilə bağlı başqa versiya da irəli sürülür. Qeyd olunur ki, Pir sözü türkcə “bir” (birinci) - öndə gedən mənasını verir.

  

   Pirşağılılar

  

   Sənan dayının bildirdiyinə görə, lap qədim zamanlardan Pirşağıda yaşayan tayfalar Şıxlılar olub. Sonra burada Məmmədsəfililər, Canahməmmədlilər, Əcəbsalam övladları, Bayramlılar, Nağıyevlər, Hüseyncanlılar və başqa tayfalar məskunlaşıb.

   XIX əsrin sonlarında buranın molla və axundları İraq və Nəcəfi-Əşrəfdə oxuyub alimlik dərəcəsinə kimi yüksəlmişlər. Axund Ağa Əlizadə, axund Hacı Zeynal Abidin, Hacı Əbu Salam, Hacı Məcid, Əli İsgəndər, axund Rəşid, Əhəd Məhəmməd Tağı oğlu, axund Sadıq və başqalarının adları Pirşağı tarixinə düşmüşdür. Qafqaz müsəlmanlarının ilk şeyxi axund Zeynalabdin də Pirşağı kəndindən idi.

   Pirşağı əhalisinin əsas məşğuliyyəti heyvandarlıq, quşçuluq, əkinçilik olmuşdur. Bakı kəndlisi öz gündəlik ərzaq tələbatını bağ və bostanı, şəxsi təsərrüfatı hesabına ödəyirdi. Hətta kəndin yaşlı sakinlərinin dediyinə görə, müharibə vaxtı əhali aclıq nə olduğunu hiss etməyib. Ailənin əti, yağı, südü, qaymağı öz təsərrüfatından olduğu üçün o qədər də çətinlik çəkmirdi.

   Pirşağılıların ənənəvi fəaliyyət sahələrindən biri də bağçılıqdır. XIX əsrin ikinci yarısından başlayaraq bəzi milyonçular (H.Z.Tağıyev, M.Nağıyev və b.) Bakı ətrafı kəndlərdə xüsusi istirahət bağları, yaşıllıq guşələri saldırırdılar. Həmin bağlar bu gün də qalmaqdadır. Dənizkənarı sahələrdə Pirşağı bağları yerləşir. Bağlara əhali yalnız yay mövsümündə köçür.

   Hazırda Pirşağının 13 min nəfərdən çox əhalisi var. Erməni qüvvələrinin Dağlıq Qarabağ və ətraf rayonları işğal etməsi nəticəsində köçkün düşmüş əhalinin bir qismi (təxminən 5 min nəfər) Pirşağıda yerləşib. Pirşağıda bir orta məktəb binası, bir internat tipli məktəb, klub, kitabxana, ambulatoriya, təcili yardım stansiyası, “Qızılqum” oynaq-dayaq xəstəliklərinin müalicəsi sanatoriyası var.

   Pirşağı həm də bir çox tanınmış alim və geoloqların böyüyüb boya-başa çatdığı məkandır. Tanınmış neftçi-alim, ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, general Kərim Kərimov, geoloq Akif Əlizadə, Firuz Hacızadə, axund Ağa Əlizadə, tarix elmlər namizədi İslam Yusifzadə bu torpağın yetirmələridir.

  

   Tarixi abidələri

  

   Kənd sakinlərinin verdiyi məlumata görə, Pirşağıda iki pir, 3 hamam, 4 ovdan olub. Birinci qədim pir dənizə yaxın ərazidə yerləşmiş, lakin sonralar adamlar bu ərazidən köçdükdən sonra torpaq altında qalmışdır. Məlumdur ki, Pirşağı özünün güclü şimal küləklərilə məşhurdur. Güclü tufanlar nəticəsində dənizkənarı yaşayış yerləri torpaq altında qalıb.

   Pirşağının mərkəzi kimi tanınan “Seyid Qədir” məscidi qədim tarixi abidə kimi qorunur. Deyilənlərə görə, məscidin 600 ildən çox yaşı var. Sovet hökuməti qurulandan sonra məscidin fəaliyyətinə qadağa qoyulub. Bir müddət taxıl anbarı kimi istifadə olunub. Hazırda məscid yenidən fəaliyyət göstərir.

   Pirşağıda dəniz qırağında qum hamamı kimi tanınan, XIX əsrdə tikilən “Hacı Şahverdi” hamamı da maraqlı quruluşuna görə fərqlənir. Vaxtilə hamamın yanındakı quyudan şirin su çıxarılıb. Pirşağıda bu gün də qorunub saxlanılan ikinci hamam Kərbəlayı Abusalamoğlunun hamamıdır. Bu tikilitarixi abidə kimi qorunur.

  

   Pirşağı Mədəniyyət evində

  

   Özünəməxsus tarixi olan Pirşağı Mədəniyyət evi bu gün də çoxşaxəli fəaliyyətini davam etdirir. 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə təmir edilən mədəniyyət evində müxtəlif ansambl və özfəaliyyət dərnəkləri var. Mədəniyyət evinin direktoru Baba Ramazanov: Son illər fəaliyyətimizi daha da genişləndirmişik. Əlamətdar günlərdə tədbirlər təşkil edir, gəncləri özfəaliyyət dərnəklərimizə cəlb edirik. “Üçlük” və “Əks-səda” ansambllarımız bayram günlərində kənd sakinləri qarşısında çıxış edir. Bu yaxında İsveçrədən gələn rəssamlarla görüş oldu. Kəndin istedadlı balaca rəssamları ilə birgə isveçli rəssamlar xalça üzərindən naxışlar seçərək həmin naxışları divar üzərinə həkk etdilər”.

   B.Ramazanov 2011-ci ilinTurizm ilielan olunması ilə əlaqədar “Gənc turist klubu” yaradıldığını da qeyd etdi: “Gənc turist klubu” layihəsinə Pirşağı qəsəbəsinin tarixi ilə tanışlıq, Bakı şəhərində yerləşən tarixi abidələrə ekskursiyas. gəzintilər daxildir”.

   Qeyd edək ki, Pirşağı Mədəniyyət evində məşhur neftçi-alim Xoşbəxt Yusifzadəyə həsr olunmuş xüsusi otaq da var. Burada X.Yusifzadənin fəaliyyəti ilə bağlı fotolar, kitablar, ona həsr olunmuş şeir, neft buruqlarının maketis. əşyalar gələn qonaqlara nümayiş olunur.

  

 

   Yeganə Cansail

 

   Mədəniyyət.- 2011.- 6 iyul.- S. 12.