Milli Kitabxanada Türkmənistan səfirliyinin hədiyyə etdiyi kitablar təqdim olundu

 

  İyulun 7-də Milli Kitabxanada Türkmənistanın ölkəmizdəki səfirliyi tərəfindən hədiyyə olunan kitabların təqdimat mərasimi keçirildi.

  

   Kitabxananın direktoru Kərim Tahirov bildirdi ki, təqdim olunan kitablar mədəniyyət, incəsənət, tarix, coğrafiya və digər sahələri əhatə edir. Kitabxanaya Türkmənistan səfirliyi tərəfindən 40-dan artıq kitab hədiyyə olunub. Bu kitablar Azərbaycan oxucuları üçün Türkmənistanı tanımaqda, qonşu və dost ölkənin mədəniyyətini, adət və ənənəsini, müasir dövrdə inkişafı ilə tanış olmaqda mühüm vasitə olacaq.

   Direktor onu da bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə Azərbaycan incəsənətinə aid kitablar Türkmənistanın Milli Kitabxanasına veriləcək.

   Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova Milli Kitabxananın digər kitabxanalarla son vaxtlar sıx əməkdaşlıq etdiyini diqqətə çatdırdı: «Milli Kitabxananın Avropa, Asiya, Latın Amerikası ölkələrinin kitabxanaları ilə əlaqələri qurulub. Kitab mübadilələri aparılır, müqavilələr imzalanır”. Qeyd olundu ki, bu yaxınlarda Tacikistan Milli Kitabxanası tərəfindən Azərbaycan tarixi, incəsənəti, iqtisadiyyatı ilə bağlı kitabların göndərilməsini xahiş olunmuşdu və Azərbaycan Milli Kitabxanası sözügedən kitabları Tacikistana göndərib.

   Tədbirdə çıxış edən Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov Azərbaycan Milli Kitabxanasının iki qardaş ölkə arasında mədəni əməkdaşlığın inkişafı yolunda gördüyü işləri yüksək qiymətləndirdiyini bildirdi: “Türkmənistanın tarixi, ədəbiyyatı, mədəniyyəti, incəsənəti ilə tanış olmaq məqsədilə bu gözəl tərtibatlı kitabları Milli Kitabxanaya təqdim etməkdən qürur duyuram. Xatırladım ki, artıq «TÜRKSOY kitabxanası» seriyasından «Məxdimqulu Fəraqi. Seçilmiş əsərləri» kitabının təqdimatı, məşhur türkmən şairi Nurməhəmməd Əndəlibin 350 illiyi münasibətilə Milli Kitabxanada Əndəlibin yeni nəşr olunmuş əsərlərinin təqdimat mərasimi keçirilib. Belə layihələri davam etdirəcəyik”.

   Bir neçə ölkənin Azərbaycandakı səfirlərinin də qatıldığı tədbir iştirakçılarına Türkmənistana həsr olunmuş film, daha sonra isə kitabxanaya hədiyyə olunan kitabların sərgisi təqdim olundu.

  

 

   Gülər

 

  Mədəniyyət.- 2011.- 8 iyul.- S. 3.