Kitabxana xidməti müasir tələblərə uyğun təşkil olunub

 

  Adil Babayev adına Uşaq Kitabxanası Naxçıvan Muxtar Respublikasında ən böyük uşaq kitabxanasıdır. Kitabxana muxtar respublikada şəhər-rayon mərkəzi kitabxana sisteminin (MKS) uşaq şöbələri və o cümlədən kollec, lisey və ümumtəhsil məktəbləri kitabxanaları üçün metodiki mərkəz rolunu oynayır. 160 min nüsxə kitab fondu olan kitabxananın 8 şöbəsində 40 nəfər əməkdaş çalışır. Kitabxana 10 mindən çox oxucuya xidmət edir.

   Kitabxana öz oxucularına gündəlik xidmət göstərməklə yanaşı, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlara hər il yay tətili dövründə səyyar xidmət işinə də ciddi fikir verir. Kitabxana əməkdaşları Naxçıvan şəhərində əhalinin sıx yaşadığı məhəllələrdə “Kitabı sevin - kitab bilik mənbəyidir” başlığı altında yeni kitabların sərgi və oxusunu təşkil edir, uşaq bağçalarında “Uşaqların nağıl dünyası” mövzusunda görüşlər keçirir.

   2011-ci ildə isə kitabxana kollektivi daha iki yeni təşəbbüslə çıxış edib.

   Belə ki, dərs ilinin başlanğıcında Şəhər Təhsil Şöbəsinə müraciət edilərək Naxçıvan Dövlət Televiziyasında “Biləyən” uşaq proqramının açılmasını təşkil etmiş və artıq 10 veriliş hazırlanaraq televiziyada göstərilmişdir. Kitabxanada “Tədris-düşərgə” də təşkil edilib. Burada uşaqlar həm dərslərə çalışır, həm sərbəst olaraq bədii ədəbiyyat oxuyur, kitabxanada hazırlanan müxtəlif ədəbi-bədii tədbirlərdə fəal iştirak edirlər.

  

 

   Kamal Axundov,

   Kitabxananın direktoru

 

   Mədəniyyət.- 2011.- 13 iyul.- S. 15.