Tanınmış macar türkoloqu AMEA-nın kitabxanasına minədək kitab hədiyyə edib

 

  Dünya miqyasında tanınmış türkoloq-alim, Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü, professor Georq Xazai şəxsi kitabxanasının türkologiyaya aid bölümünü - təxminən 1000 ədəd kitab və jurnalı, habelə bir sıra şəxsi arxiv materiallarını Azərbaycan Milli Elmlər Akademiyasının kitabxanasına bağışlamaq qərarına gəlib. Azərbaycanın Macarıstandakı səfirliyindən verilən məlumata görə, iyulun 19-da səfirlikdə kitabların təqdim olunması mərasimi keçirilib. Nəcib hərəkətinə görə macar aliminə təşəkkürlərini bildirən səfir Vilayət Quliyev bu addımın iki ölkənin türkoloq-alimləri arasındakı əlaqələrin inkişafına mühüm töhfə olduğunu bildirib və Azərbaycanın elmi ictimaiyyəti adından akademik Georq Xazaiyə minnətdarlığını çatdırıb.

   Akademik Georq Xazai 1932-ci ildə Budapeştdə doğulub. Müasir dövrdə Macarıstan türkologiya məktəbinin əksər uğurları onun adı və fəaliyyəti ilə sıx bağlıdır. Məşhur alimin Azərbaycanla əlaqələri 1950-ci illərdən başlanıb. Onun bir sıra məqalələri 1975-ci ildən etibarən Bakıda çıxan “Sovetskaya turkologiya” jurnalında dərc edilib. Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə 2007-ci ildə professor Georq Xazainin əsərlərinin biblioqrafiyası Bakıda nəşr olunub.

   Akademik Georq Xazainin AMEA kitabxanasına hədiyyə etdiyi kitablar 1960-1990-cı illər arasında Türkiyədə, ABŞ-da, Fransada, Böyük Britaniyada, Almaniyada, Bolqarıstanda və s. ölkələrdə türk, ingilis, fransız, alman dillərində çap olunan elmi əsərlərdir.

 

 

   Mədəniyyət.- 2011.- 20 iyul.- S. 2.