Tarixi memarlıq abidələrimiz
Şeyx
Babı Yaqub türbəsi
Azərbaycanın tarixi
memarlığında Qarabağ memarlıq abidələrinin
özünəməxsus yeri var. Belə tarixi memarlıq abidələrindən
biri də Füzuli rayonunun Babı kəndində olan Şeyx
Babı Yaqub qəbirüstü türbəsidir.
Türbə memarlıqda qəbirüstü
abidələrə deyilir. Xüsusilə orta əsrlərdə
bir ənənə olaraq görkəmli şəxslərin qəbirləri
üzərində türbələr inşa olunub.
Babı türbəsi də
Füzuli rayonunun Babı kəndinin yaxınlığında
salınmış qəbiristanlıqdadır. Türbədə
Şeyx BabıYaqub dəfn olunub. Türbənin 1272-1273-cü
illərdə memar Əli Məcidəddin tərəfindən
tikildiyi bildirilir. Digər mənbələrdə türbənin
Əbu Yaqub ibn Səid tərəfindən inşa edildiyi qeyd
olunur.
Türbə səkkiz guşəlidir.
Tarixi rüzgarın acı yelləri bir çox memarlıq
abidələrimiz kimi, bu tarixi memarlıq abidəmizin üzərindən
də çox əsib. Orta əsrlərdə feodal ara
müharibələri, İran-Rusiya müharibəsi zamanı
dağıntıya məruz qalan abidələrdən biri də
yenə bu türbə olub. İndi bu memarlıq abidəsindən
ancaq türbə və minarə qalıb.
Bakı Slavyan Universitetinin əməkdaşı,
tarixçi Nazim Tapdıqoğlu “Sirli türbələr“ məqaləsində
qeyd edir ki, Babı türbəsi ağ daşdan tikilib. Üst
hissəsi səkkiz bucaqlı çatma günbəzlə
örtülüb: “Ornament bəzəklərinə görə
türbənin tikintisində Əcəmi memarlıq məktəbinin
təsiri duyulur. Bəzi məlumatlara görə, abidə
görkəmli Azərbaycan ilahiyyatçısı, şair,
filosof və sərkərdə Şeyx Babı Yaqubun şərəfinə
ucaldılıb. Bəlkə də, elə bu səbəbdən
el arasında bəzən ona Şıxbaba türbəsi də
deyilir“.
XIX-XX əsrlərdə bu tarixi
memarlıq abidəsinin tədqiqi ilə bir çox rus alimləri
də məşğul olub. Orta əsrlər
dövrünün məşhur araşdırıcısı
A.Brozqula və akademik T. Roskovski öz tədqiqatlarında
Şeyx Babı Yaqub türbəsinin XII əsrə aid
olduğunu göstəriblər. Daha sonra rus tədqiqatçılarından
professor V. Kraçkovskaya da bu türbə ilə bağlı
araşdırma aparıb və türbənin XII əsrə
aid olduğunu təsdiqləyib. 1930-cu illərdə şərqşünas
alim M.Xanikov da Babı türbəsini tədqiq edib.
XX əsrin ikinci yarısında rus
tarixçiləri ilə bərabər Azərbaycan alimləri
də (Ə.Salamzadə, Ş.Fətullayev, M.Neymətova, K.Məmmədzadə)
Şeyx Babı Yaqub türbəsinin tədqiqi ilə
bağlı maraqlı araşdırmalar aparıblar.
Onların elmi qənaətinə görə, türbə
Naxçıvan (Əcəmi) memarlıq məktəbinin
üslubunda inşa edilib.
Onu da deyək ki, məzarın sinədaşı
üzərindəki yazılar tərcümə edilib. Orada
yazılıb ki, “Bu müqəddəs türbə Zahid, Kamal,
Şeyx Babı Yaqub ibn İsmayıl Qur Xər
üçün tikilib”.
Qeyd edək ki, məzarın sinədaşında
Şeyx Babı Yaqubun İsmayıl, Qur Xər oğlu kimi
göstərilməsi onun İsmaillər hərəkatı ilə
bağlı olmasını bildirir. Türbə ilə
bağlı digər araşdırmalarda da faktların
üst-üstə düşdüyünü
görürük.
Mənbələr göstərir
ki, Şeyx Babı Yaqubun çoxlu sayda müridləri olub.
Onlar Qarabağda, Azərbaycanın digər bölgələrində
fəaliyyət göstəriblər. Hətta Şeyx Babı
Yaqub öləndən sonra belə, onlar bu ərazilərdə
fəaliyyətlərini davam etdiriblər. Bu fikri Azərbaycanın
bir çox bölgələrində aparılan arxeoloji və
tarixi araşdırmalar zamanı bu tipli qəbirüstü abidələrdə
aşkar edilən yazılar təsdiq edib. Belə güman
edilib ki, Şeyx Babı Yaqub orta əsrlərdə
Qarabağda çox nüfuzlu və hörmətli sufi
şeyxi olub.
Tarixçi Fəzullah Rəşidəddin
“Cami ət-təvarix“ əsərində bildirir ki, şeyx Babi
Yaqub XIII yüzillikdə yaşayıb. Dövrünün
böyük alimi və təriqət mürşidi olub.
Elxanlı sultanları ona daim hörmətlə
yanaşıblar. O, bu, dövlətin ictimai-siyasi həyatında
önəmli rol oynayıb. Ölkədə taxt-tac qazanmaq istəyən
feodallar birinci onunla siyasi birliyə gələrmiş.
Arxeoloji araşdırmalar zamanı
bu türbənin yanında qədim hamam xarabalığı
da aşkar olunub. Onu da deyək ki, ta qədim zamanlardan yerli kənd
əhalisi arasında bir fikir dolaşıb: “Bu türbədən
qonşu Əhmədalılar kəndinə və İrana
yeraltı yol olub...”.
Araşdırıcı Nazim Tapdıqoğlu
yazır: “Ta qədimdən kənddə dolaşan bu fikirlə
bağlı qəbiristanlığa getdim. Gördüm ki, bu
yollar var. Amma burada əsaslı arxeoloji qazıntılar
aparılmadığından yolların istiqamətini müəyyən
etmək çətindir...”.
Qeyd edək ki, bu günlərdə
Babı kəndinin ərazisində orta əsrlər
Qarabağına aid iri yaşayış məskəni
aşkarlanıb. Bu barədə Azərbaycan Milli Elmlər
Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Bərdə
arxeoloji ekspedisiyasının rəisi Arif Məmmədov məlumat
verib. Onun sözlərinə görə, buradakı
böyük xanəgahda XVIII əsrə aid məscid, hamam
kompleksi, hücrələrin qalıqları var: “Həmin ərazidən
3 km məsafədə “Nağara təpəsi” deyilən ərazidə
antik və ilk orta əsrlərə aid yaşayış yeri də
aşkarlanıb. Kürdmahmudlu kəndində isə
yeraltı sərdabə aşkara
çıxarmışıq. Burada tədqiqatlar aparmağa
çox böyük ehtiyac var. Bu ərazi orta əsrlər
Qarabağına aid ən böyük tapıntıdır”.
Şeyx Babı Yaqub türbəsi
ölkə əhəmiyyətli tarixi memarlıq abidələrimizdən
biridir. Onun bərpasına və ətraflı tədqiqi tarix
elmimizə mühüm töhfə ola bilər.
Savalan Fərəcov
Mədəniyyət.-
2011.- 20 iyul.- S. 15.