Macəra romanlarının “atası”: Aleksandr Düma

 

   Dünya ədəbiyyatında görkəmli yer tutan məşhur fransız yazıçısı, tarixi və macəra romanlarının ustası Aleksandr (ata) Düma 1802-ci ilin iyulun 24-də Fransanın Viller-Kotre şəhərciyində doğulub.

   Atası ordu generalı, anası mehmanxana sahibinin qızı olub. Dörd yaşında ikən atasını itirən Düma anasının çəkdiyi min bir əzab-əziyyət sayəsində böyüyür. Anası ona yaxşı təhsil verə bilməsə də, gənc Düma əlinə düşən kitabları sonsuz həvəslə oxuyardı. Atasının Napoleonun şanlı müharibələrində nümayiş etdirdiyi qəhrəmanlıqlar haqqında eşitdikləri isə onda macəra və qəhrəmanlıq motivlərinə sonsuz maraq oyatmışdı.

   O, əmək fəaliyyətinə notariat kontorunda xidmətlə başlamış, lakin bu iş onu qane etmədiyindən meylini teatra salmışdı. Ədəbiyyata da dramaturq kimi gəldi. 1829-cu ildə gənc Dümanın ilk sanballı əsəri olan “III Henri və onun sarayı” adlı tarixi dramı səhnələşdirilir. Bu, köhnə klassisizm ədəbi qanunlarından kənara çıxan romantik dram əsəri idi. Əsərdə antik süjetlər yerinə XVI əsr Fransa həyatının hadisələri və tarixi şəxsiyyətlər səhnəyə çıxmışdı. “III Henri və onun sarayı” əsəri Dümaya şöhrət gətirir. 1831-ci ildə nəşr olunan “Antoni” dramında Paris cəmiyyətinin yüksək təbəqəsi tənqid atəşinə tutulur. Yazıçının 30-cu illərdə yazdığı “Kin” (1836) və digər romantik dramları melodram janrındadır, əsərlər çox vaxt xoşbəxt sonluqla bitir.

   Dram əsərlərindən sonra Düma məşhur macəra romanları ilə böyük şöhrət qazanır. "Qraf Monte Kristo", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq" kimi əsərləri böyük oxucu kütləsi toplayır.

   Düma çoxlu səfərlər edib, o cümlədən Qafqaza, Azərbaycana da gəlib. Yazıçı Quba, Bakı, Şamaxıda olmuş, o cümlədən Şuşada Xurşidbanu Natəvanla görüşmüşdür. Natəvanın dərin biliyi, şairlik və rəssamlıq qabiliyyəti onu heyran edir. O, Natəvana nəfis fiqurlu şahmat dəsti bağışlayır. Şairə də öz əl işlərindən bir neçəsini fransız yazıçısına hədiyyə edir. Səfərdən qayıtdıqdan sonra yazıçı qələmə aldığı "Qafqaza səfər" əsərində Natəvanla görüşü xoş xatirələrlə təsvir edir, onu ziyalı, maarifpərvər şəxsiyyət kimi təqdim edir. Qafqaza səfər ona o qədər güclü təsir göstərmişdi ki, Düma hətta Fransada "Qafqaz" adlı qəzet də nəşr etməyə başlayır.

   Böyük yazıçı 1870-ci il dekabrın 5-də vəfat edib, doğma şəhəri Viller-Kotredə dəfn olunub.

  

 

   Çingiz

 

   Mədəniyyət.- 2011.- 22 iyul.- S. 14.