Bizim xalqlarımızı ortaq tarix, ortaq mədəniyyət birləşdirir

 

  “Bu möhkəm tarixi və mədəni köklər üzərində bu gün Türkiyə və Azərbaycan bütün sahələrdə müttəfiqlər kimi çalışır”

  

   “Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır. Biz çox şadıq ki, Türkiyə-Azərbaycan əlaqələri sürətlə inkişaf edir”.

  

   Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev iyulun 27-də Bakıda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında bəyan edib.

   İki qardaş ölkə arasında tarixi-mədəni köklərin bugünkü Azərbaycan-Türkiyə strateji tərəfdaşlığına güclü zəmin olması fikri Azərbaycan prezidenti adından baş nazir Rəcəb Tayyib Ərdoğanın şərəfinə verilən rəsmi ziyafətdə vurğulanıb.

   Prezident İlham Əliyev bu il Azərbaycan Respublikasının müstəqilliyinin 20 illik yubileyinin qeyd olunacağını bildirərək bu müstəqilliyi ilk tanıyan ölkənin Türkiyə olduğunu xatırladıb: “Biz bu tarixi heç vaxt unutmamışıq və unutmayacağıq. Bizim xalqlarımızı ortaq tarix, ortaq mədəniyyət birləşdirir. Əsrlər boyu xalqlarımız bir yerdə olmuşlar, bir-birinə dayaq olmuşlar. Müstəqil dövlətlər kimi bu gün Türkiyə və Azərbaycan uğurla əməkdaşlıq edir və bu əməkdaşlığın bütün sahələrdə çox gözəl nəticələri vardır. Tarixdə elə hallar var ki, bir-birinə çox yaxın olan, hətta dili bir olan ölkələr bir-biri ilə o qədər də sıcaq münasibətdə olmur. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bu möhkəm tarixi və mədəni köklər üzərində bu gün Türkiyə və Azərbaycan siyasi sahədə, iqtisadi sahədə, bütün başqa sahələrdə müttəfiqlər kimi çalışır, işləyir. Son 20 il ərzində bu müttəfiqlik böyük sınaqlardan keçmişdir. Azərbaycan daim Türkiyənin dəstəyini, diqqətini hiss etmişdir, bu gün də hiss edir. Eyni zamanda, bugünkü Azərbaycan, güclənən Azərbaycan Türkiyə üçün də bir dayaqdır”.

   Dövlət başçısı vurğulayıb ki, iki qardaş ölkənin birliyinin, birgə fəaliyyətinin artıq qlobal mahiyyəti var. İllər keçdikcə və ölkələrimiz gücləndikcə bizim təsir imkanlarımız daha da genişlənəcək: “Biz bir yerdə türkdilli dövlətlərin əməkdaşlığına da çox müsbət təsir göstəririk. Bəzi hallarda bizim tərəfimizdən irəli sürülmüş təşəbbüslər bütün türk dünyasının birləşməsinə xidmət göstərir. Bu təşəbbüslər həm siyasi sahədə, həm iqtisadi sahədə, həm də mədəniyyət sahəsində artıq gözəl nəticələrini verməkdədir. Türk dünyasının birləşməsi çox müsbət haldır və həm Türkiyədə, həm də Azərbaycanda bu məsələyə çox böyük diqqət göstərilir”.

   Öz növbəsində baş nazir Rəcəb Tayyib Ərdoğan Bakıda gördüyü inkişaf və yüksəlişdən məmnun qaldığını vurğulayıb: “Hava limanından şəhərə gələnə qədər gördüyüm böyük infrastruktur işləri, yenilənmə Azərbaycanda bir şeyin siqnalını verir. O, mədəniyyət yolunda həm tarixinə sahib çıxmaq, həm də bu günü sabaha hazırlamaq məqamında mühüm bir mesaj verir. Mənim çox arzuladığım, istədiyim, sevdiyim bir şey vardır. O da şəhərlərin özünəməxsus yerli memarlığına sahib çıxmasıdır. Bakıda bunu gördüm. Bunu gördüyüm üçün ayrıca xoşbəxtəm, məmnunam. Çünki bu, Azərbaycanın, Bakının öz keçmişinə, tarixinə sahib çıxması, digər tərəfdən də mədəniyyət yarışında Qərbə də bəzi mesajları verməsidir”.

   Baş nazir qeyd edib ki, iki ölkənin qardaşlığı, bağlılığı tarix, mədəniyyətdən gəlir: “Güclü bir bağlılığımız var və bunu heç kimsəyə zədələtməməliyik. Buna heç kimin haqqı yoxdur. Bunu gücləndirərək sabahlara daşıyacağıq və biz bunu bacarırıq. Hərbi, siyasi, iqtisadi, ticari, mədəni sahələrdə atdığımız və inşallah, atacağımız addımlarla bunu bacarırıq. Qoyduğumuz hədəflərə nail oluruq”.

 

 

    Mədəniyyət.- 2011.- 29 iyul.- S. 2.