Azərbaycan dünya ədəbiyyatında

 

   Bakıda beynəlxalq simpozium keçirilib

  

  Mayın 27-29-da Bakıda Xəzər Universitetinin təşkilatçılığı ilə “Azərbaycan dünya ədəbiyyatında” mövzusunda beynəlxalq simpozium keçirilib.

 Azərbaycanın dövlət müstəqilliyinin bərpasının və Xəzər Universitetinin 20 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, Polşa, Norveç, Yaponiya və digər ölkələrin universitetlərinin alim və tədqiqatçıları iştirak ediblər.

   Açılış mərasimində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı və Xəzər Universitetinin rektoru John Ryder universitetin fəaliyyəti, beynəlxalq əlaqələri barədə danışaraq, simpoziumun işinə uğurlar arzulayıblar.

   Bildirilib ki, simpoziumun məqsədi qədim dövrlərdən etibarən dünya ədəbiyyatında Azərbaycan tarixi, musiqisi, mədəniyyəti, folkloru və ümumiyyətlə, Azərbaycan haqqında yazılmış şeir, nəsr, dram əsərlərini, memuarları və səyahətnamələri üzə çıxarmaq, alimlərin diqqətini onların sistemli şəkildə tədqiqatına yönəltməkdir.

   Simpoziumda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynov, Ege Universitetinin nümayəndəsi Yavuz Akpınar, Rusiya Elmlər Akademiyası Ümumi Tarix İnstitutunun nümayəndəsi Salavat İsxakov və başqalarının mövzu ilə bağlı məruzələri dinlənilib. “Dil və ədəbiyyat”, “Tarix, din və mədəniyyət” bölmələri üzrə işini davam etdirən simpoziumda ümumilikdə 100-dək məruzə dinlənilib, müzakirələr aparılıb.

 

 

   Mədəniyyət.- 2011.- 1 iyun.- S 13.